Müqəddimə
Müqəddimə
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırırıq, Ondan bağışlanmağımızı və bizi doğru yola yönəltməsini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah gətiririk. Allah kimə hidayət verərsə, o, doğru yolda olar, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Ona, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onun ardınca gedənlərə Allahın salavatı və salamı olsun!
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102)
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”. (ən-Nisa, 1)
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”. (əl-Əhzab, 70-71).
Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb düşünməyi və əməl etməyi buyurmuşdur. Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29). Təfsir elmi tarix baxımından ilk İslam elmlərindən biridir. Bu elm Allahın Kitabını başa düşüb həyatımıza tətbiq etməkdə böyük rol oynayır. Məhz bu elm vasitəsilə ayələrin nazilolma səbəbi, oxunuşu, hökmü ləğv edilmiş və edilməmiş ayələr, ayələrdən çıxan şəriət əhkamları və s. Quranla bağlı elmlər öyrənilir. Bu səbəbdən alimlər həmişə bu elmə böyük önəm vermişlər. Quranı ilk təfsir edən Muhəmməd Peyğəmbər ﷺ olmuşdur. Sonra səhabələr bu elmi Peyğəmbərdən ﷺ götürərək sonrakı nəslə, onlar da bu elmi kitablara yazmaqla daha sonrakı nəslə ötürmüşlər. Beləcə Quranın təfsiri dövrümüzə kimi gəlib çatmışdır.
Təfsir sözü ərəbcə فَسَّرَ [fəssəra] feilinin məsdəri olub, lüğəti mənası “izah etmək”, “açıqlamaq” deməkdir. İslam dinində isə Təfsir – Uca Allahın kəlamının ümumi mənasını, nazilolma səbəbini, qiraətlərini, hökmü ləğv edilmiş və edilməmiş, təfsilatlı və təfsilatsız, ümumi və xüsusi ayələri, bu ayələrin ehtiva etdikləri halal və haramı, qadağa və əmrləri bəyan edən elmdir.
Təfsir elminin meydana gəlməsi və inkişafı
Təfsir elminin tarixi Muhəmməd Peyğəmbərin ﷺ səhabələrinin dövrünə gedib çıxır. Əsasən, Peyğəmbərdən ﷺ eşitdikləri hədislər əsasında Quranı təfsir edən səhabələrin ön cərgəsində dörd Raşidi Xəlifə – Əbu Bəkr, Ömər, Osman, Əli, habelə Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa əl-Əşəri və Abdullah ibn əz-Zubeyr dururdular – Allah onlardan razı olsun! Səhabələr təfsir zamanı, əsasən, hədislərə və ərəb ədəbiyyatına aid şeir nümunələrinə istinad edirdilər. Həmçinin bəziləri Kitab əhlinin rəvayətlərindən və ictihad nəticəsində əldə etdikləri qənaətlərdən də istifadə edirdilər.
Səhabələrdən sonra tabiin təbəqəsindən olan alimlər bu elmi səhabələrdən götürərək sonrakı nəslə ötürmüşlər. Bunların sırasında Mucahid, Səid ibn Cubeyr, İkrimə ibn Cəbr, əl-Həsən əl-Bəsri, Qətadə (Allah onlara rəhm etsin) xüsusi fərqlənmişlər. Ətbauttabiin (tabiinlərdən sonra gələnlərin) dövründən etibarən təfsir sahəsində müstəqil əsərlər yazılmağa başladı. Bundan əvvəl təfsirlə, adətən, mühəddislər (hədis alimləri) məşğul olurdular və təfsir elmi hədis kitablarının tərkibində yer alırdı.
Hicri təqvimi ilə IV (miladi X) əsrin əvvəllərindən etibarən təfsir elmi böyük sıçrayışla inkişaf etməyə başladı. Bu dövrün təfsirləri arasında ət-Tabərinin (Allah ona rəhm etsin) qələmə aldığı böyükhəcmli “Camiul-Bəyan fi Təfsiril-Quran” əsəri və Sələbinin “əl-Kəşfu vəl-Bəyan an Təfsiril-Quran” kitabı böyük əhəmiyyətə malikdir.
Sonrakı əsrlərdə əl-Bəğəvi “Məalimut-Təfsir”, İbn Kəsir “Təfsirul-Quranil-Əzim”, əs-Suyuti “əd-Durrul-Mənsur” və “Təfsirul-Cəlaleyn”, əş-Şovkani “Fəthul-Qədir”, Fəxr ər-Razi “Məfatihul-Ğeyb”, əz-Zəməxşəri “əl-Kəşşəf”, əl-Qurtubi “əl-Cami li-Əhkamil-Quran” və başqa müəlliflərin qələmə aldıqları təfsirlər İslam dünyasında məşhurdur. Müasir alimlərdən isə Muhəmməd əl-Əmin əş-Şinqitinin “Ədvaul-Bəyən”, Abdur-Rahmən əs-Səədinin “Təysirul-Azizur-Rahmən” kimi kitablarını misal gətirmək olar.
Təfsir elminin mütəxəssisinə “mufəssir” deyilir. Mufəssir ərəb dilinin qrammatikasını (sarf və nəhv), hədis elmini, nəsix (ləğv edən) və mənsux (ləğv olunmuş) ayələri ayırmaq üçün fiqhi, usuli-fiqhi və tarixi mükəmməl bilməlidir.
Quranın təfsirində əsaslanılan mənbələr
Quranın təfsirində bir çox mənbələrə əsaslanılır. Bu mənbələri aşağıdakı kimi tərtib etmək olar:
1. Qurani-Kərim. Quran ayələrinin mənalarını onu nazil edən Allahdan daha yaxşı kim bilə bilər? Bu səbəbdən Quran ayələrindən bəziləri digərlərini açıqlayır. Buna misal olaraq Uca Allahın: “Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna. Qəzəbə uğramışların və azmışların yoluna deyil!” (“əl-Fatihə”, 6-7) sözünü gətirmək olar. Uca Allahın “nemət bəxş etdiyin şəxslərin yoluna” – ifadəsini başqa bir ayə, ən-Nisa surəsinin 69-cu ayəsi açıqlayır. Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın nemət bəxş etdiyi şəxslərlə – peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Beləliklə, Allahın nemət bəxş etdiyi şəxslərin peyğəmbərlər, sidq ürəkdən inananlar, şəhidlər və əməlisalehlərin olduğu bilinmişdir.
2. Peyğəmbərin ﷺ sünnəsi (hədislər). Peyğəmbər ﷺ Uca Allahın kəlamını insanlara çatdırandır. O, Allahdan vəhy alır. Bu səbəbdən Quran ayələrini insanlar arasında ondan daha yaxşı kim bilər? Misal olaraq Uca Allahın “Ağ sap qara sapdan seçilənə qədər yeyin, için” (“əl-Bəqərə”, 187) ayəsini gətirmək olar. Bu ayədə “ağ sap” və “qara sap” dedikdə nəyin nəzərdə tutulduğunu Peyğəmbərimiz ﷺ hədisdə açıqlamışdır. Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Ağ sap qara sapdan seçilənə qədər yeyin için” – ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yastığımın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bilmədim. Səhəri gün Peyğəmbərin ﷺ yanına gəlib nə etdiyimi ona xəbər verdim. Peyğəmbər ﷺ (mənə) dedi: “Əslində, bu, gecənin qaranlığı və gündüzün aydınlığıdır”. (əl-Buxari, 1783, 1916).
3. Səhabələrin sözləri, (xüsusən də təfsir elmi ilə tanınan səhabələr) Çünki Quran onların yaşadığı dövrdə, onların dilində və şahidliyi ilə nazil olurdu. Səhabələr daim Peyğəmbərin ﷺ ətrafında olardılar və onun dediyi sözləri eşidib yadda saxlayardılar. Səhabələr haqqı tələb edən, nəfslərinə uymaqdan uzaq olan və insanlara haqqı olduğu kimi çatdırmaqda həris olan insanlar idi. Misal olaraq Uca Allahın “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” (ən-Nisa, 43) ayəsini gətirmək olar. İbn Abbas (Allah ondan razı olsun) ayədə “toxunmaq” dedikdə cinsi əlaqədə olmağın nəzərdə tutulduğunu demişdir. ( Abdur-Razzəqin “əl-Musannəf” əsəri (1/134), İbn Əbu Şeybənin “əl-Musannəf” əsəri (1/192).
4. Tabiinlərin sözləri. Tabiinlər səhabələrdən sonra gələn nəsildir. Tabiinlər ən fəzilətli üç nəsildən biridir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Ən xeyirli insanlar mənim dövrümdə yaşayan insanlardır; sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlərdir”. (əl-Buxari, 2458, 2652). Tabiinlər təfsiri Peyğəmbərin ﷺ səhabələrindən öyrənmişlər. Digər tərəfdən onların zamanında ərəb dili çox dəyişdirilməmişdi. Bu səbəbdən onlar digərləri ilə müqayisədə Quranı daha yaxşı anlaya bilirdilər. Bəzi tabiinlər təfsir elmində mütəxəssis idilər. Məsələn: Mucahid ibn Cəbr, İkrimə, Qatədə, Əta ibn Əbu Rabəh, Səid ibn əl-Museyyib və s.
5. Lüğəti və şəri mənaları. Bəzən ayəni başa düşmək üçün sözün işləndiyi yerdən asılı olaraq onun şəri və ya lüğəti cəhətdən mənasına baxılır. Uca Allah buyurur: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən” (ən-Nisa, 105). Başqa bir ayədə buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız” (əz-Zuxruf, 3). Lüğəti məna şəri mənaya müxalif olduqda, şəri məna əsas götürülür. Çünki Quran dili deyil, şəriəti bəyan etmək üçün nazil olmuşdur. Yalnız lüğəti mənanın daha üstün olduğunu bildirən dəlilin olması istisnadır.
İsrailiyyət haqda
İsrailiyyət İsrail oğullarından və nəsranilərdən nəql olunmuş hekayətlərə deyilir. İsrailiyyətlər üç qisimdir:
Birinci: Quran və hədislərin təsdiq etdiyi, düzgünlüyünə şahidlik etdiyi rəvayətlərdir. İslam dini bu növ rəvayətləri təsdiq etdiyi üçün haqq hesab olunur. Buna misal olaraq əl-Buxari və Muslimin İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdikləri hədisi gətirmək olar: “Bir dəfə Kitab əhlinin baş keşişlərindən biri Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Muhəmməd! Bizim bildiyimizə görə, Allah göyləri bir Barmağına, yerləri o biri Barmağına, ağacları digər bir Barmağına, suyu və torpağı bir başqa Barmağına, yerdə qalan məxluqatı da (yenə) başqa bir Barmağına yerləşdirmiş və: “Hökmdar Mənəm!”– deyə buyurmuşdur”. (Bunu eşidəndə) Peyğəmbər ﷺ (bu alimin) sözünü təsdiqləmək məqsədilə dişləri görünənədək güldü. Sonra da bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67)”. (əl-Buxari, 4811; Muslim, 2786).
İkinci: Quran və hədislərin inkar etdiyi və yalan olmasına şahidlik etdiyi rəvayətlərdir. Bu növ İsrailiyyətlər qəbul olunmur və batil hesab olunur.
Üçüncü: İslamın nə təsdiq, nə də inkar etdiyi rəvayətlərdir. Bu növ İsrailliyyətlər nə inkar, nə də təsdiq olunur. Lakin haram olan bir şey danışmaq ehtimalı olmadığı halda bu növ İsrailiyyətləri danışmaq icazəlidir. əl-Buxarinin Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “(Bir zamanlar) Kitab əhli Tövratı müsəlmanlara ibrani dilində oxuyar, sonra da ərəb dilində izah edərdilər. (İslam dini gəldikdən sonra) Peyğəmbər ﷺ buyurdu: “Kitab əhlinə inanmayın və onları yalançı da saymayın, lakin deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musaya və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik”. (əl-Buxari, 4485). Lakin haram olan bir şey danışmaq ehtimalı olmadığı halda bu növ İsrailiyyətləri danışmaq icazəlidir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Mənim adımdan bir ayə də olsa belə, təbliğ edin. Habelə İsrail oğulları adından hekayətlər danışın (və bilin ki,) bunda da heç bir qəbahət yoxdur. Lakin kim mənim adımdan yalan uydurarsa, qoy Cəhənnəmdə öz yerini tutmağa hazır olsun”. (əl-Buxari, 3461). İbn Kəsir (Allah ona rəhm etsin) demişdir: “Bu qisim İsrailiyyətlərə nə inanırıq, nə də inkar edirik. Qeyd edildiyi kimi, bu qisim hekayətləri rəvayət etmək də olar. Çox vaxt bu qisim hekayətlərdə dini baxımdan fayda olmur. Buna görə Kitab əhlinin alimləri çox vaxt bu hekayətlərdə ixtilaf edirlər və bu da təfsirçilər arasında fikir ayrılığının yaranmasına gətirib çıxarır. Buna misal olaraq Əshabi Kəhfin (300 ildən çox mağarada yatmış kəslərin) adlarını, itlərinin rəngini və saylarını, Musanın əsasının hansı ağacdan olmasını, Allahın İbrahim üçün diriltdiyi quşların növlərini, yəhudilərin dirilməsi üçün ölən adama vurduqları inəyin müəyyən hissəsinin təyin olunması, Allahın Musa ilə danışdığı ağacın növünü və s. bu kimi Allahın Quranda açıqlamadan saxladığı şeyləri göstərmək olar. Çünki bu halların təyin edilməsində mükəlləf insanların nə dininə, nə də dünyasına heç bir faydası yoxdur”.
Kitab əhlindən hər hansı bir dini məsələni soruşmağa gəlincə isə bu haramdır. İmam Əhmədin Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ demişdir: “Kitab əhlindən heç bir şey soruşmayın, onlar sizi hidayətə yönəldən deyillər. Belə etmiş olsanız, ya gərək batilə inanasınız, ya da haqqı inkar edəsiniz. Əgər Musa indi sizin aranızda sağ olsaydı, yalnız mənə tabe olardı”. (Əhməd, 14631. 14672, 14685. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir) əl-Buxari rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “Ey müsəlmanlar! Allahın Öz Peyğəmbərinə nazil etdiyi Kitabınızda (Quranda) Allahın gətirdiyi ən yeni, yalan qatılmamış, xalis Allahın kəlamından ibarət olan xəbərlər oxuya-oxuya Kitab əhlindən bir şey barədə necə soruşa bilərsiniz? Halbuki Allah Öz Kitabında sizə bildirmişdir ki, Kitab əhli Allahın onlara nazil etdiyi Kitabı dəyişərək öz əlləri ilə kitab yazmış, sonra da onunla cüzi miqdarda pul əldə etmək üçün: “Bu, Allah tərəfindəndir!”– demişlər. Sahib olduğunuz biliklər Kitab əhlindən soruşmağın qadağan olunmasına kifayət etmirmi? Xeyr, Allaha and olsun ki, Kitab əhlindən heç kəsi sizlərə nazil edilən Kitab haqqında sual verən görmədik”.
İbn Kəsirin (Allah ona rəhm etsin) Təfsir kitabı haqqında
İbn Kəsirin təfsiri “Təfsirul-Quranil-Əzim” adlanır. Bu kitab təfsir kitabları arasında ən yaxşı və ən doğru təfsirlərdən biridir. Belə ki müəllif ayələri təfsir edərkən ilk öncə bacardığı qədər Quranı Quranla təfsir etmişdir. Sonra Quranı açıqlayan səhih hədislərlə, daha sonra isə ayə barədə sələflərinin (səhabə və onların ardıcıllarının) sözlərini qeyd etmişdir. Çox vaxt qeyd etdiyi hədislərin isnadlarını və mənbələrini qeyd edir. Əgər hədis zəifdirsə, zəif olma səbəbini bildirir. Lakin ən çox səhih hədislər gətirməyə çalışmışdır. İbn Kəsirin təfsir kitabı ayələri təfsir etməklə yanaşı oxucuya hədis elmini öyrədir. Bu baxımdan kitab çox əhəmiyyətlidir.
Əhməd Şakirin (Allah ona rəhm etsin) müxtəsəri
Əziz oxucu! Əlimizdə olan bu tərcümə İbn Kəsirin Əhməd Şakir tərəfindən ixtisar edilmiş variantıdır. Əhməd Şakir bu müxtəsəri “Umdətut-Təfsir anil-Hafiz İbn Kəsir” (İbn Kəsirin təfsirinin əsası) adlandırmış və kitabın müqəddiməsində ixtisar edərkən tutduğu üslubu bildirmişdir. Əhməd Şakir demişdir: “Bu müxtəsəri “Umdətut-Təfsir anil-Hafiz İbn Kəsir” (İbn Kəsirin təfsirinin əsası) adlandırdım. Ümid edirəm ki, Allahın istəyi ilə bu ad kitaba layiq olar və bu işdə Allahdan yardım istəyirəm. İxtisar edərkən tutduğum üslub belədir:
1. İxtisar edərkən İbn Kəsirin təfsirinin özəlliyini qoruyub saxlamışam. İbn Kəsirin təfsirinin digər təfsir kitablarından fərqi ondan ibarətdir ki, o əvvəlcə Quranı Quranla təfsir etmişdir. Belə ki ayənin mənasını açıqlayan və ya ona dəlalət edən və onu təsdiqləyən ayələri gətirmişdir. əl-Hafiz İbn Kəsirin bu barədə dediklərini pozmamışam.
2. İbn Kəsirin ayənin təfsirində üstün gördüyü rəyi olduğu kimi, ifadə etdiyi şəkildə saxlamışam.
3. İbn Kəsirin ayənin təfsirində qeyd etdiyi hədislərdən mətn və isnad baxımından daha səhih və daha aydın olanları seçmişəm. Çünki müəllif – Allah ona rəhmət etsin! – çox vaxt bir hədisi müxtəlif rəvayətlərlə və müxtəlif mətnlərlə gətirmişdir.
4. Saxladığım hədislərin sənədlərini pozmuşam. Çünki İbn Kəsir çox vaxt hədisləri sənədləri və nisbət olunduqları hədis kitabları ilə qeyd edir. Məsələn, deyir: “İmam Əhməd ibn Hənbəl demişdir: “Filankəs bizə danışmışdır ki, ...”– sonra hədisin isnadını və hədisi qeyd edir. Sonra isə hədisi “Səhih” əsərində və digər hədis kitablarında mənbəsini tam isnadları ilə qeyd edir.
5. Hədisləri rəvayət edən səhabəni qeyd etməklə kifayətlənmişəm. Əgər səhabə bilinmirsə, o zaman tabiini qeyd etmişəm. Sonra isə İbn Kəsirin dediklərinə əsaslanaraq hədisi rəvayət edən digər imamları qeyd etmişəm.
6. Zəif və mötəbərliyində xələl olan hədisləri pozmuşam. Lakin əgər zəif hədisi saxlamağa elmi cəhətdən zərurət yaranarsa, bu zaman zəif hədisi saxlamışam. Elmi cəhətdən zərurət dedikdə şübhəni aradan qaldırmaq, çox da zəif olmayan hədislə səhih hədisin mənasını açıqlamaq və ya zəif hədisə istinad edənlərə rədd cavabı vermək kimi ali məqsədlər nəzərdə tutulur.
7. Ayənin təfsirində səhabə və tabiinlərin təkrar olunan sözlərini pozmuşam. Xüsusən, çox vaxt onların sözləri ləfz baxımından müxtəlif olsa da, məna baxımından eyni və ya yaxın olur. Necə ki əl-Hafiz İbn Kəsir özü bu barədə müqəddiməsində qeyd edərək deyir: “Çox yerlərdə onların dedikləri eyni məna daşıyır”.
8. İxtisar etdiyim kitabda bütün İsrailiyyətləri (İsrail (övladlarından) oğullarından rəvayət olunanları) və buna bənzər rəvayətləri pozmuşam. İbn Kəsir təfsir kitabının bir çox yerlərində bu kimi rəvayətləri pisləmiş, bu rəvayətlərin cəfəngiyyat və zərərli olduğunu bildirmiş və bu cür rəvayətləri nəql edənləri məzəmmət etmişdir. Bu məsələdə özünün xüsusi mövqeyi və üslubu olduğunu bildirmişdir, lakin məncə, o, tutduğu bu üslubla gedə bilməmişdir. Belə ki bəzi yerlərdə bu rəvayətləri qeyd etmişdir. Lakin mən bunların hamısını kitabdan çıxartmışam.
9. Müəllifin ayənin təfsiri ilə sıx əlaqəsi olmayan fəlsəfi, fiqhi məsələlərdə geniş araşdırmalarını və lüğəvi münaqişələrini pozmuşam. Yalnız ayənin mənasını açıqlamaq və ya üstün rəyi qüvvətləndirmək üçün labüd gördüyüm məsələləri saxlamışam.
10. Bəzən müəllif ayəni təfsir edərkən və ya ayədə olan hər hansı bir mənanı izah edərkən uzun hədis gətirir. Bu hədisin hamısı ayə ilə əlaqəli olmur, yalnız bir hissəsi ayənin mənasını açıqlayır. Belə hallarda yalnız şahid olan hissəni saxlamağı münasib görmüşəm. Çünki hədisi gətirməkdə əsas məqsəd ayənin təfsiridir, hədisi tam olaraq rəvayət etmək deyil. Hədisin tam olmadığına isə sözlə işarə edirəm və bu sözün İbn Kəsirə deyil, mənə aid olduğunu bildirmək üçün [ ] (mötərizə) içinə salıram.
11. Eyni qaydada əgər müəllif təfsirlə əlaqəli uzun tarixi hadisəni qeyd edirsə, bu hadisənin xülasəsini qeyd edirəm və bu sözün İbn Kəsirə deyil, mənə aid olduğunu bildirmək üçün [ ] (mötərizə) içinə salıram.
12. “əl-Əzhəriyyə” əlyazmasından əlavə etdiyim söz və ya cümlələri habelə cümləni tamamlamaq üçün etdiyim əlavələri də [ ] (mötərizə) içinə salmışam və kitabın haşiyəsində bunu bildirmişəm. Belə etməkdə məqsəd budur ki, oxucu əmin olsun ki, mən yalnız doğru bildiyim elmə əsasən kitabda dəyişiklik etmişəm və bu dəyişiklik düz də ola bilər, səhv də. Necə ki adi insanlar səhv də edirlər, düz də. Bu işdə Allaha təvəkkül olunmalıdır.
13. Burada daha bir dəyişikliyə işarə etməklə kifayətlənirəm. Bu dəyişiklik, dördüncü və beşinci bölmədə qeyd etdiyim kimi, müəllifin rəvayət etdiyi hədislərin isnadlarını pozmağımla əlaqəlidir. Sənədi pozduqdan sonra bəzən əvvəl hədisi rəvayət edən səhabəni, ardınca isə hədisi yazmışam. Məsələn: “Filankəsdən rəvayət olunur ki, ...”. Ardınca müəllifin hədisi nisbət etdiyi kitabları gətirmişəm. Bəzən isə əvvəl hədisi rəvayət etdiyi kitabın adını yazmışam. Məsələn, deyirəm: “əl-Buxari rəvayət etmişdir ki, ...” və ya “İmam Əhmədin rəvayət etdiyi hədisdə ...”, sonra hədisi gətirib, müəllifin hədisin təxrici (mənbələri və mötəbər olub-olmaması) barədə dediklərini tamamlayıram. Bu dəyişikliyi hər dəfə qeyd etmirəm. Çünki isnadı pozarkən belə etməyə zərurət yaranır.
14. Daha bir xırda dəyişiklik səhabə, tabiin və onlardan sonra gələnlərin ayənin təfsiri barədə dediklərini rəvayət edərkən baş vermişdir. Belə ki bəzən məzmundan asılı olaraq əvvəl sözü gətirib, sonra söz sahibini qeyd etmişəm. Bəzən isə sənədi pozduqdan sonra söz sahibinin adını əvvəl qeyd edib, sonra deyilən sözü gətirmişəm.
15. İbn Kəsirin təfsir etdiyi və əvvəl gətirdiyi Quran ayələri tam olaraq Osman çapına uyğun hərəkələnmiş və yoxlanmışdır. ....
16. Quranda olduğu kimi (ərəb dilində yazılmış), burada da ayələrin sonunda onların nömrələri qeyd olunub. (Azərbaycan dilində isə əksinə, əvvəl nömrə, sonra ayə yazılıb.)
Sonunda Uca Allahdan diləyirəm ki, bu kitabı İslam ümməti üçün faydalı etsin və onu xeyirli şəkildə tamamlamağa bizi müvəffəq etsin!
Elşən Şəkərov
24.04.2019