əl-Hafiz İbn Kəsirin müqəddiməsi
əl-Hafiz İbn Kəsirin müqəddiməsi
İmam, əl-Hafiz (əl-Hafiz – hədis alimlərinə tutduğu yüksək məqama görə verilən ləqəbdir. Bu ləqəblə çox sayda hədisi sənədləri və mətnləri ilə birlikdə əzbər bilən, fiqh elmində mütəxəssis olan hədis alimləri adlanır. Həmçinin əl-Hafiz hədisi rəvayət edən ravilərin hər təbəqəsini əzbər bilən şəxsdir. Bu səbəbdən əl-Hafiz dərəcəsi muhəddis dərəcəsindən daha yüksək məqam sayılır), muhəddis, tarixçi və bir çox fənlərin mütəxəssisi İmadəddin Əbu əl-Fida İsmail ibn əl-Xatib Əbu Hafs Ömər ibn Kəsir əş-Şafii (Allah ona rəhmət eləsin və ondan razı olsun) demişdir:
Öz Kitabını həmd ilə başlayaraq: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab günün sahibinə”, (əl-Fatihə, 1–3) – deyən Allaha həmd olsun!
Uca Allah buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi.) (Möminlər) orada əbədi qalacaqlar. (Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi.) Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar” (əl-Kəhf, 1–5).
O, məxluqatı yaratmasından danışarkən sözünə həmdlə başlayaraq buyurur: “Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! (Bu dəlillərdən ) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar” (əl-Ənam, 1). Həmçinin məxluqatın son aqibətini bildirərkən də sözünə həmdlə xitam vermişdir. Uca Allah Cənnət və Cəhənnəm əhlinin son dönüşünü zikr edərək buyurur: “Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmdlə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir” (əz-Zümər, 75). Buna görə də Uca Allah belə buyurur: “O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız” (əl-Qasas, 70). Həmçinin buyurur: “Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır” (Səba, 1).
Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Yəni yaratdığı və yaradacağı hər şeyə görə həmd Onadır. Necə ki namaz qılan kəs namazında deyir: “Allahım! Ey Rəbbimiz! Sənə həmd olsun! Göylər dolusu, yer dolusu, onların arasında olanlar və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun!” Buna görə də Cənnət əhli hər nəfəs aldıqlarında Allaha həmd edib, Onun şəninə təriflər deyəcəklər. Yəni içərisində olduqları nemətlərin böyüklüyünü, Allahın qüdrətinin sonsuzluğunu və səltənətinin əzəmətliyini, Allahın rəhmətinin və nemətlərinin ardı kəsilmədən axmasını gördükləri üçün hər nəfəslərində Ona həmd edib, şəninə təriflər deyəcəklər. Necə ki Uca Allah buyurmuşdur: “İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların (ayaqları) altından çaylar axar. Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (sözləri olacaq)...” (Yunus, 9–10).
Öz elçilərini göndərən Allaha həmd olsun “(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir” (ən-Nisa, 165). Ən aydın yola hidayət edən, oxuyub-yazmağı bacarmayan, Məkkəli ərəb bir peyğəmbərlə onlara xitam vermiş və onu Qiyamət qopana qədər insanlardan və cinlərdən olan bütün məxluqata elçi göndərmişdir. Necə ki O buyurmuşdur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan Peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə, doğru yola yönələsiniz” (əl-Əraf, 158). Həmçinin belə demişdir: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam” (əl-Ənam, 19).
İnsan və ya cin, ərəb və ya qeyri-ərəb, qırmızı və ya qaradərili olmasından asılı olmayaraq Quran hər bir kəs üçün nəsihətçidir. Necə ki Uca Allah buyurmuşdur: “Onu inkar edən (küfr edən) firqələrin vəd olunduğu yer oddur” (Hud, 17). Yuxarıda qeyd etdiklərimizdən hər kim Quranı inkar edərsə, Allahın sözünə əsasən, yeri oddur. Uca Allah həmçinin demişdir: “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik” (əl-Qaləm, 44). Peyğəmbər ﷺ demişdir: “Mən həm qırmızı, həm də qaradərililərə (bütün məxluqata) peyğəmbər göndərilmişəm”. (Mənası Muslimin Cabirdən (1\147) rəvayət etdiyi hədisdə sabitdir, başqası isə Əhmədin öz Musnədində (2256, 2742) İbn Abbasdan rəvayət etdiyidir. (Əhməd Şakir). Muslim, 521, 810, 1191; Əhməd, 21472, 21765). Mucahid demişdir: “Yəni insanlara və cinlərə”. O bütün məxluqata – insanlara və cinlərə Allah elçisi olaraq göndərilmişdir ki, Allahın bu dəyərli Kitabda (Quranda) vəhy etdiklərini onlara çatdırsın. O Kitab ki “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir” (“Fussilət”, 42).
Peyğəmbər ﷺ onlara öyrətmişdir ki, Allah Quranı başa düşməyi buyurur və deyir: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (ən-Nisə, 82); “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29); “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhamməd, 24).
Alimlərə vacib olan budur ki, Allahın Kəlamının mənalarını və təfsirini araşdırsınlar, bunu mənbələrindən axtarsınlar, öyrənsinlər və öyrətsinlər. Necə ki Uca Allah buyurur: “Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!” (Ali-İmran, 187). Başqa bir ayədə buyurur: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır” (Ali-İmran, 77). Uca Allah bu ayələrdə bizdən əvvəlki Kitab əhlini onlara göndərdiyi Kitabdan üz çevirib dünyaya bağlandıqlarına və dünya malı toplamaqla məşğul olub Allahın Kitabında onlara tabe olunması əmr olunan şeyləri tərk etdiklərinə görə məzəmmət etmişdir.
Biz müsəlmanlara Allahın onları məzəmmət etdiyi şeylərdən çəkinməyimiz və bizə əmr olunanlara boyun əyməyimiz gərəkir. Allahın bizə endirdiyi bu Kitabı öyrənməyimiz və öyrətməyimiz, başa düşməyimiz və başa salmağımız gərəkdir. Necə ki Uca Allah buyurur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir! Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, anlayasınız” (əl-Hədid, 16-17). Uca Allah bu ayəni ondan əvvəlki ayədən sonra qeyd etməklə diqqətə çatdırır ki, Allah ölü torpağı diriltdiyi kimi, asiliklərdən və günahlardan daşlaşmış qəlbləri də imanla yumşaldır. Qəlblərin yumşalması üçün yalnız Allaha ümid etmək və Ondan istəmək lazımdır. Həqiqətən O, Səxavətlidir və Kərimdir. Əgər soruşulsa ki, ayələri təfsir etməyin ən gözəl yolu hansıdır?
Cavab belədir: Quran ayələrinin təfsirinin ən doğru yolları: İlk öncə Quranı Quranla təfsir etməkdir. Bir yerdə təfsilatsız gələn söz və ya ayə başqa bir yerdə təfsilatlı şəkildə gələ bilər. Əgər bunda çətinlik çəksən, o zaman hədislərə qayıt, çünki hədislər Quranı şərh edir və onu açıqlayır. Hətta İmam əş-Şafii belə demişdir: “Peyğəmbərin ﷺ hökm etdiyi hər bir şey Qurandan başa düşdükləridir”. Uca Allah buyurur: “Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma!” (ən-Nisa, 105); “Biz Kitabı sənə yalnız (müşriklərə) ixtilafda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” (ən-Nəhl, 64). Buna görə də Peyğəmbər ﷺ belə demişdir: “Bilin ki, mənə Quran və onun bənzəri verilmişdir”. (Əhməd, 17213, 17306. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 163, 4247). Yəni Sünnə (hədislər) verilmişdir. Quran kimi hədislər də Peyğəmbərə ﷺ vəhy vasitəsilə nazil olmuşdur. Sadəcə, hədislər Quran kimi (namazda və s.) tilavət olunmur (oxunmur). İmam əş-Şafii və digər alimlər bir çox dəlillərlə bunu əsaslandırmışlar.
Məqsəd odur ki sən Quranın təfsirini hədisdən tapasan. Əgər ayənin təfsirini hədislərdən tapmasan, səhabələrin ayənin təfsiri barədə dedikləri sözlərə qayıtmalısan. Necə ki Peyğəmbər ﷺ Muazı Yəmənə elçi göndərəndə ona demişdir: “(Onlar arasında) nə ilə hökm verəcəksən?” Muaz: – “Allahın Kitabı ilə”, – deyə cavab verdi. Peyğəmbər ﷺ soruşdu: “Əgər Quranda tapa bilməsən?” Muaz: “Allahın Elçisinin Sünnəsi ilə” – deyə cavab verdi. Peyğəmbər ﷺ soruşdu: “Əgər orada da tapmasan?” Muaz: “Öz rəyimlə ictihad edəcəyəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ onun sinəsinə vuraraq: “Allahın Elçisinin elçisini Allahın Elçisi razı qaldığı cavaba müvəffəq edən Allaha həmd olsun!” Bu hədis “musnəd” və “sünən” kitablarında yaxşı isnadla rəvayət edilmişdir. (Əbu Davud, 3594. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 3737). Beləliklə, əgər ayənin təfsirini Quranda və hədislərdə tapmasaq, bu zaman səhabələrin sözlərinə qayıdacağıq, çünki onlar Quranın təfsirini ən yaxşı bilən insanlardır. Belə ki onlar Quran ayələrini açıqlayan halların və dəlillərin şahidi olmuş və bu baxımdan seçilmişlər. Həmçinin Quranı tam fəhmlə başa düşüb, doğru elmə yiyələnmiş və bildiklərini saleh əməlləri ilə təsdiqləmişlər. Xüsusən də dörd Raşidi Xəlifə (Əbu Bəkr, Ömər, Osman, Əli) və Abdullah ibn Məsud (Allah onlardan razı olsun) kimi aralarında alim olanları və böyükləri qeyd etmək olar.
İbn Məsud (Allah ondan razı olsun) belə demişdir: “Bizlərdən biri Qurandan on ayə öyrəndikdə bu ayələrin mənalarını tam bilmədikcə və onları həyatında tətbiq etmədikcə digər ayələrə keçməzdi”. (ət-Tabəri, 81, 83). Əbu Abdur-Rahmən əs-Suləmi demişdir: “Bizə Quran oxudan səhabələr deyərdilər ki, onlar Peyğəmbərdən ﷺ onlara Qurandan ayələr oxumasını istəyərdilər və on ayə öyrəndikləri zaman olanlara əməl etmədikcə növbəti ayələrə keçməzdilər. Beləliklə, biz Quranı və ona əməl etməyi birlikdə öyrəndik”. (ət-Tabəri, 82, 84).
Belə səhabələrdən biri də elm dəryası, alim və Peyğəmbərin ﷺ əmisi oğlu Abdullah ibn Abbas idi. O, Peyğəmbərin ﷺ ona dua etməsinin bərəkəti sayəsində Quran təfsirçisi olmuşdur. Belə ki Peyğəmbər ﷺ onun üçün Allaha dua edərək: – “Allahım, onu dində fəqih et və ona təfsiri öyrət!” – demişdir. (Əhməd, 2397, 2881. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2589). ət-Tabəri rəvayət etmişdir ki, İbn Məsud (Allah ondan razı olsun) belə demişdir: “İbn Abbas necə də yaxşı Quran təfsirçisidir!” (ət-Tabəri, 104-106; əl-Hakim, 6291. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1191). İsnadı səhihdir. Doğru rəyə görə, İbn Məsud (Allah ondan razı olsun) hicri təqvimi ilə 32-ci ildə vəfat etmişdir. İbn Abbas (Allah ondan razı olsun) ondan sonra 36 il yaşamışdır. İbn Məsuddan (Allah ondan razı olsun) sonra qazandığı bilikləri düşünə bilirsənmi?! Əbu Vail demişdir: “(Xəlifə) Əli həcc mövsümündə Abdullah ibn Abbası başçı kimi göndərdi. O, insanlara xütbə verdi və xütbəsində “əl-Bəqərə” surəsini (bir rəvayətdə də ən-Nur surəsini) oxudu. Onu elə təfsir etdi ki, əgər rumlular, türklər və deyləmlilər onu eşitsəydi, mütləq İslamı qəbul edərdilər”. (ət-Tabəri, 85, 87).
Buna görə də İsmail ibn Abdur-Rahmən əs-Suddi öz "əl-Kəbir" təfsirində çox vaxt bu iki kişidən – İbn Məsud və İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət etmişdir. Bəzən isə onlardan – Peyğəmbərin ﷺ danışmağa icazə verdiyi Kitab əhlinin rəvayətlərindən (İsrailiyyətlər) nəql etmişdir. Belə ki Peyğəmbər ﷺ demişdir: “Məndən bir ayə olsa belə, onu çatdırın! İsrail oğullarından da rəvayət edin, bunda bir qəbahət yoxdur. Hər kim bilərəkdən mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdə öz yerini tutmağa hazır olsun!” (əl-Buxari, 3202, 3461; ət-Tirmizi, 2669, 2881). Bu hədisi əl-Buxari Abdullah ibn Amrdan rəvayət etmişdir.
Lakin İsrailiyyətlər (İsrail oğullarından rəvayət olunan hekayətlər) hədislərin isnadını gücləndirmək üçün deyil, mətnini təsdiqləmək üçün zikr olunur. İsrailiyyətlər üç qisimdir:
Birinci əlimizdə olanlara (hədislərə) əsasən doğru olduğunu bildiyimiz hekayətlərdir. Bu qisim səhihdir.
İkincisi əlimizdə olanlara (hədislərə) müxalif olduğu üçün yalan olduğunu bildiyimiz hekayətlərdir.
Üçüncüsü nə o qəbildən, nə də bu qəbildən olub doğru olub-olmaması barəsində danışılmayan hekayətlərdir. Bu qisim İsrailiyyətlərə nə inanırıq, nə də inkar edirik. Qeyd edildiyi kimi, bu qisim hekayətləri rəvayət etmək də olar. Çox vaxt bu qisim hekayətlərdə dini baxımdan fayda olmur. Buna görə Kitab əhlindən olan alimlər çox vaxt bu hekayətlərdə ixtilaf edirlər və bu da təfsirçilər arasında fikir ayrılığının yaranmasına gətirib çıxarır. Buna misal olaraq Əshabi-Kəhfin (300 ildən çox mağarada yatmış kəslərin) adlarını, itlərinin rəngini və saylarını, Musanın əsasının hansı ağacdan olmasını, Allahın İbrahim üçün diriltdiyi quşların növlərini, yəhudilərin dirilməsi üçün ölən adama vurduqları inəyin hissəsinin təyin olunması, Allahın Musa ilə danışdığı ağacın növünü və s. bu kimi Allahın Quranda açıqlamadığı məlumatları göstərmək olar. Çünki bu şeylərin təyin edilməsində mükəlləf insanların nə dininə, nə də dünyasına heç bir faydası yoxdur. Lakin onların bu məlumatlar barədə fikir ayrılıqlarını qeyd etmək icazəlidir. Necə ki Uca Allah buyurmuşdur: “(Bəziləri:) “(Onlar) üçdür, dördüncüsü köpəkləridir!” – deyəcəklər. (Digərləri isə) “(Onlar) beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!” (əl-Kəhf, 22). Bu ayə özündə bu kimi məqamlarda nümayiş etdirilməsi lazım olan ədəb və davranışı ehtiva etmişdir. Uca Allah ayədə onların verdikləri üç cavabı qeyd etmişdir. İlk iki cavabı zəif saymış, üçüncüsü haqqında isə susmuşdur. Bu isə üçüncü cavabın doğruluğuna dəlalət edir, çünki əgər batil olsaydı, Uca Allah ikisini rədd etdiyi kimi, üçüncüsünü də rədd edərdi. Sonra Uca Allah onların sayının bilinməsində fayda olmadığını bildirərək: – “De, onların sayını Rəbbim daha yaxşı bilir” (əl-Kəhf, 22) – buyurur. Çünki bu haqda yalnız Allahın bildirdiyi az sayda insan xəbərdardır. Bu səbəbdən Uca Allah buyurur: “(Mağara əhli) barədə yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb mübahisə et...” – yəni faydasız şeylərlə özünü yorma. Bu barədə onlardan da heç nə soruşma, çünki onlar qeyb haqqında təxmini fikir yürütməkdən başqa heç nə bilmirlər.
Bu, ixtilaflı məsələ barədə danışmağın ən gözəl üsuludur; əvvəlcə bu məsələ ilə əlaqəli rəylərin hamısını ərz edirsən, sonra isə doğru rəyi göstərib, batil rəyi ləğv edirsən. Daha sonra isə mühüm məsələləri kənara qoyub, faydası olmayan məsələlərdə mübahisənin uzanmaması üçün ixtilafın faydasını və səmərəsini qeyd edirsən.
İxtilaflı məsələ ilə əlaqəli rəylərin hamısını bilməyən kəsin bu məsələ barədə danışması naqisdir. Çünki, ola bilsin, doğru olan rəy məhz onun həmin məsələ ilə əlaqəli bilmədiyi rəydir. Həmçinin məsələnin ixtilaflı olması barədə danışıb doğru rəyə işarə etməyən kəsin danışığı da naqisdir. Əgər bilərəkdən doğru olmayan rəyin doğru olduğunu söyləyərsə, artıq bilərəkdən yalan danışmış olar. Əgər bilmədən bunu edərsə, səhv etmiş olar. Eləcə də kim faydası olmayan bir ixtilafı qaldırar və ya nəticəsi bir və yaxud iki rəyə qayıdan çox sayda rəylər rəvəyat edərsə, artıq vaxtı zay etmiş və doğru olmayan bir şey barədə danışmış olar. Belə edən kəs iki yalan köynəyi geyinən kimidir. Doğruya müvəffəq edən Allahdır.
Fəsil
Əgər ayənin təfsirini nə Qurandan, nə Sünnədən (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - hədislərindən), nə də səhabələrin sözlərindən tapmasan, bil ki, alimlərin çoxu bu halda Mucahid ibn Cəbr kimi tabiinlərin sözlərinə qayıtmışlar. Çünki o, təfsir elmində bir möcüzə idi. ət-Tabəri rəvayət etmişdir ki, İbn Əbu Muleykə belə demişdir: “Mucahidi əlində (yazı üçün) lövhələr İbn Abbasa Quranın təfsiri haqqında sual verən gördüm. O, soruşduqca İbn Abbas ona: “Yaz! ...”– deyə cavab verərdi. Beləcə Mucahid ondan bütün Quranın təfsirini soruşdu”. (ət-Tabəri, 107, 109). Buna görə də Sufyan əs-Sovri belə deyərdi: “Əgər sənə Mucahiddən Quran ayəsinin təfsiri gələrsə, bu sənə yetər (başqasını axtarma)”. (ət-Tabəri, 109). Həmçinin Səid ibn Cubeyr, İbn Abbasın köləsi İkrimə, Əta ibn Əbu Rabəh, əl-Həsən əl-Basri, Məsruq ibn əl-Əcdəa, Səid ibn əl-Museyyib, Əbul-Aliyə, ər-Rabi ibn Ənəs, Qatədə, əd-Dahhək ibn Muzəhim və başqaları kimi tabiinləri və onların ardınca gələnləri misal gətirmək olar. Bəzən onların ayələrin təfsiri barədə dedikləri i)fadələrdə müxtəliflik ola bilər. Elmi olmayan kəslər bu ifadələri fikir ayrılığı hesab edir və ayənin təfsiri barədə müxtəlif rəylər rəvayət edirlər. Əslində isə bu belə deyil, çünki bəziləri bir fikri ondan çıxan məna və ya ona oxşar bir fikirlə ifadə edirlər. Bəziləri isə o şeyi elə eynən özü kimi bildirirlər. Çox yerdə hamısı bir mənadadır. Buna görə də qoy düşünən kəs buna diqqət etsin. Doğru yola yönəldən isə Allahdır.
Şöbə ibn əl-Həccəc və başqaları belə demişlər: “Tabiinlərin rəyləri adi fiqhi məsələlərdə dəlil hesab edilmirsə, o zaman təfsirdə necə dəlil ola bilər?!” Yəni özlərinə müxalif olanların rəylərinə qarşı dəlil hesab olunmur və bu fikir doğrudur. Lakin əgər təfsir alimləri tabiinin təfsirində yekdil rəyə gələrlərsə, bu zaman tabiinin rəyinin mötəbər sayılmasına şübhə edilmir. Yox, əgər fikir ayrılığına düşsələr, bu zaman birinin rəyi digərinin rəyinə qarşı, eləcə də onlardan sonra gələnlərin sözünə qarşı dəlil sayılmır. Bu halda Quranın və hədislərin dilinə və ya ümumən ərəb dilinə və yaxud səhabələrin bu barədə deyilən sözlərinə qayıtmaq lazımdır.
Quranın yalnız rəylə təfsir olunmasına gəlincə, Muhamməd ibn Cəririn İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə görə bu haramdır. İbn Cərir İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim Quran barədə öz rəyini və ya bilmədiyini deyərsə, qoy Cəhənnəmdəki yerini tutsun!” (ən-Nəsəi “Sunənul-Kubra” 8031, 8085. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 234; Daif əl-Cami, 114. Hədisi ət-Tirmizi, ən-Nəsəi və Əbu Davud rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Həsən hədisdir”. Yenə İbn Cərir Cundubdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “Kim Quran barədə öz rəyi ilə bir şey deyərsə, artıq səhv etmişdir”. (ət-Tirmizi, 2952, 3206. Hədis zəifdir. Bax: Mişkətul-Məsabih, 234).
Həmçinin hədisi ət-Tirmizi, Əbu Davud və ən-Nəsəi rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Ğarib hədisdir”. Bəzi elm əhli hədisin sənədində olan Suheyl barəsində danışmışdır. Onların rəvayəti belədir: “Kim Allahın Kitabı barədə öz rəyi ilə bir şey deyərsə, doğru demiş olsa belə (Quran barədə öz rəyi ilə danışdığına görə), artıq xəta etmişdir”. (ən-Nəsəi “Sunənul-Kubra” 8032, 8086). Yəni o elmi olmadığı şey barəsində danışmaqla özünü yükləmiş və ona əmr olunmayan bir yol tutmuşdur. Baxmayaraq ki bu məsələdə doğru söyləmişdir, lakin məsələyə lazımi qaydada yanaşmadığından səhv etmiş sayılır. Necə ki insanlar arasında elmsiz hökm verən kəs verdiyi hökmdə doğru söyləmiş olsa belə (elmsiz hökm verdiyinə görə), Cəhənnəmə düşər. Lakin onun halı günah baxımından xəta edəndən daha yüngüldür. Ən doğrusunu isə Allah bilir. Uca Allah Quranda insanlara zina iftirası atan yalançıları da belə adlandırmışdır: “(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!” (ən-Nur, 13). İnsanlara dörd şahidi olmadan zina iftirası atan kəs yalançıdır. Hətta həqiqətən zina etmiş bir kəsi zinakar adlandırmış olsa belə və ya həqiqətən bildiyi bir şeyi xəbər vermiş olsa belə, xəbər verməsi halal olmayan şey haqqında xəbər verdiyinə görə yalançı sayılır, çünki bilmədiyi bir işin məsuliyyətini öz üzərinə götürmüşdür. Ən doğrusunu isə Allah bilir.
Buna görə də sələflər barəsində məlumatları olmadıqları ayələri təfsir etməkdən çəkinmişlər. Necə ki Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) demişdir: “Əgər Allahın Kitabı barədə bilmədiyim bir şeyi desəm, hansı yer məni daşıyar və hansı səma məni örtər?!” (ət-Tabəri, 81). Əbu Ubeydə əl-Qasim ibn Səlləm rəvayət edir ki, bir dəfə Əbu Bəkr əs-Siddiqdən (Allah ondan razı olsun) Uca Allahın: “Meyvələr və otlar da (bitirdik)” (Əbəsə, 31) ayəsi haqda soruşuldu. O dedi: “Əgər mən Allahın Kitabı barədə bilmədiyimi desəm, hansı yer məni daşıyar və hansı səma mənə kölgə salar?!” (İbn Əbu Şeybə “Musannəf” 30731). Bu hədisin isnadında ravilər arasında bağlılıq yoxdur. Həmçinin rəvayət etmişdir ki, bir dəfə Ömər ibn əl-Xattab (Allah ondanrazı olsun) minbərdən Uca Allahın: “Meyvələr və otlar da (bitirdik)” ayəsini oxudu və dedi: “Bu ayədə meyvələri bildik, bəs otlar nədir?” Sonra öz-özünə fikirləşdi və dedi: “Ey Ömər! Bu, gücün çatmayan bir yükün altına girməkdir” (İbn Əbu Şeybə “Musannəf” 30729).. Abd ibn Humeyd rəvayət edir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: “Ömər ibn əl-Xattabın yanında idik. Onun köynəyinin arxasında dörd yamaq var idi. Ömər Uca Allahın “Meyvələr və otlar da (bitirdik)” ayəsini oxudu və dedi: “otlar nədir?” Sonra dedi: “Həqiqətən bu, gücün çatmayan bir yükün altına girməkdir. Bunu bilmədiyinə görə sənə günah yazılmaz”. (İbn Sad “ət-Tabaqat” 3/327; əl-Buxari, 6749, 7293).
Bütün bunlar onu göstərir ki, onlar (Əbu Bəkr və Ömər) “otlar”ın necəliyini bilmək istəmişlər. Yoxsa otların yerdən çıxan bir bitki olması qaranlıq deyil, aydındır. Belə ki Uca Allah buyurur: “...orada taxıl yetişdiririk. Habelə üzüm” (Əbəsə, 27-28).
ət-Tabəri rəvayət edir ki, İbn Əbu Muleykə demişdir: “Bir dəfə İbn Abbasdan elə bir ayə barədə soruşuldu ki, əgər bu haqda sizdən birindən soruşulsa idi, mütləq cavab verərdi. İbn Abbas isə bu ayə barədə cavab verməkdən imtina etdi”. (ət-Tabəri, 98, 100). Hədisin isnadı səhihdir.
Əbu Ubeyd İbn Əbu Muleykədən rəvayət edir ki, bir kişi İbn Abbasdan (Allah ondan razı olsun) “Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir” (əs-Səcdə, 5) ayəsi barədə soruşdu. İbn Abbas dedi: “Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir” – ayəsində başa düşmədiyin nədir?” Kişi dedi: “Soruşdum ki, mənə bu ayə barədə danışasan”. İbn Abbas dedi: “Bu, Allahın Kitabında qeyd etdiyi iki gündür. Onların nə olduğunu Allah daha yaxşı bilir”. İbn Abbas Allahın Kitabı barədə bilmədiyi bir şeyi demək istəmədi”. (ət-Tabəri, 35190-35191). ət-Tabəri əl-Vəlid ibn Muslimdən rəvayət edir ki, bir dəfə Talq ibn Həbib Cundub ibn Abdullahın (Allah ondan razı olsun) yanına gəldi və ondan bir Quran ayəsinin təfsirini soruşdu. O dedi: “Əgər müsəlmansansa mənimlə oturduğun zaman belə şeyləri soruşmağı sənə qadağan edirəm!” (ət-Tabəri, 99, 101). Malik rəvayət edir ki, Səid ibn əl-Musseyibdən Quran ayəsinin təfsiri haqqında soruşulduqda deyərdi: “Biz Quran haqqında (bilmədiyimiz) bir şeyi demirik”. Leys onun barədə demişdir: “O (Səid) ancaq Qurandan öyrəndikləri haqqında danışardı”. (ət-Tabəri, 96).
İbn Şövzəb demişdir: “Yəzid ibn Əbu Yəzid rəvayət etmişdir ki, biz Səid ibn əl-Museyyibdən halal və haram olanlar haqqında soruşardıq. O bu barədə insanların ən elmlisi idi. Quran ayəsinin təfsiri haqqında soruşulduqda isə susardı, sanki deyiləni eşitməzdi”. (ət-Tabəri, 100, 102). İbn Cərir rəvayət edir ki, Ubeydullah ibn Ömər belə demişdir: “Mədinənin fəqihlərini görmüşəm. Onlar Quran ayələrinin təfsiri barədə danışmağı çox məsuliyyətli bir iş sayırdılar. Onlardan: Səlim ibn Abdullah, əl-Qasim ibn Muhamməd, Səid ibn əl-Museyyib və Nafini misal gətirmək olar”. (ət-Tabəri, 92, 94). Əbu Ubeydə rəvayət edir ki, Hişam ibn Urva demişdir: “Atamın (Urva ibn əz-Zubeyr ibn əl-Əvvamın) Quran ayəsini təfsir etdiyini heç vaxt eşitməmişəm”. (İbn Kəsir “Fədailul-Quran” 299). Həmçinin Əbu Ubeydə rəvayət edir ki, Muslim ibn Yəsar belə demişdir: “Əgər Allah barədə danışmaq istəsən, dur! Dediyinin əvvəlinə və sonrasına bax (sonra danış)!” (İbn Kəsir “Fədailul-Quran” 299). Həmçinin Əbu Ubeydə rəvayət edir ki, Məsruq belə demişdir: “Quran ayəsini təfsir etməkdən qorxun, çünki təfsir Allah haqqında danışmaqdır”. (İbn Kəsir “Fədailul-Quran” 299).
Sələf alimlərindən varid olmuş bu və buna oxşar səhih rəvayətlər onların Quran ayələrinin təfsiri barədə elmsiz danışmaqdan çəkindiklərini göstərir. Lakin həm dil, həm də şəriət cəhətdən elmli olan bir kəsin təfsir barədə danışmasında bir qəbahət yoxdur. Məhz buna görə onlardan və başqalarından Quran ayəsinin təfsiri barədə rəylər nəql olunmuşdur. Onların dedikləri ilə bu rəvayətlər arasında heç bir ziddiyyət yoxdur, çünki onlar bildiklərini danışmış, bilmədikləri barəsində isə susmuşlar. Hər kəsə vacib olan da budur. Elmi olmadığı şeylər barəsində susmaq vacib olduğu kimi, bildiyi şeylər barədə soruşulduqda da Uca Allahın “...onu (Quranı) insanlara bildirəsən və gizlətməyəsən” (Ali-İmran, 187) ayəsinə görə ona cavab vermək vacibdir. Həmçinin bir çox yollarla rəvayət olunan hədis də buna dəlalət edir. Peyğəmbər ﷺ demişdir: “Bildiyi bir şey barədə soruşulduğu zaman onu gizlədənə Uca Allah Qiyamət günü oddan yüyən taxar”. (Əbu Davud, 3658, 3660; İbn Məcə, 261; ət-Tirmizi, 2649. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 120, Səhih əl-Cami, 6284). İbn Cərir rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Quran ayələrinin təfsiri dörd qisimdir. Birinci: ərəblərin oxuyarkən birbaşa başa düşdükləri ayələr. İkinci: (hər kəsin təfsirini bilməsi vacib olduğu) ayələr. Üçüncü: təfsirini yalnız alimlərin bildiyi ayələr. Dördüncü: təfsirini yalnız Allahın bildiyi ayələr”. (ət-Tabəri, 71, 73).
Müqəddimə
Qatədə demişdir: “Mədinədə Qurandan əl-Bəqərə, Ali-İmran, ən-Nisə, əl-Maidə, Bəraət (ət-Tövbə), ər-Rad, ən-Nəhl, əl-Həcc, ən-Nur, əl-Əhzab, Muhəmməd, əl-Fəth, əl-Hucurat, ər-Rahmən, əl-Hədid, əl-Mucədələ, əl-Həşr, əl-Mumtəhənə, əs-Saff, əl-Cumua, əl-Munəfiqun, ət-Təğabun, ət-Taləq, Uca Allahın “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?...” ayəsindən sonra on ayə (ət-Təhrim surəsinin ilk on ayəsi), əz-Zəlzələ, ən-Nasr surələri nazil olmuşdur. Bu surələr Mədinədə, yerdə qalanları isə Məkkədə nazil olmuşdur”.
Quranın ayələrinin sayına gəlincə, altı min ayədir. Sonra alimlər bu saydan (altı mindən) artıq olan ayələrin miqdarında fikir ayrılığına düşmüşlər. Bəzi alimlər bu saya heç nə əlavə etməmişlər, bəziləri isə iki yüz dörd ayə əlavə etmişlər, iki yüz on dörd ayə də deyilmişdir. Bəziləri iki yüz on doqquz ayə demişdir, bəziləri iki yüz iyirmi beş və ya iyirmi altı ayə, bəziləri isə iki yüz otuz altı ayə demişdir. Sonuncunu Əbu Amr əd-Dəni “əl-Bəyən” adlı kitabında rəvayət etmişdir.
Quranın hissələrə və cüzlərə bölgüsünə gəlincə, məktəblərdə və s. bu kimi müəssisələrdə ilin dörd rübə bölünməsi məşhur olduğu kimi, Quranda da cüzlərin sayının otuz olması məşhurdur. Səhabələrin Quranı hissələrə bölməsi isə İmam Əhmədin “əl-Musnəd” əsərində, Əbu Davud və İbn Məcənin “Sunən” əsərlərində Aus ibn Huzeyfədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə bildirilir. Aus ibn Huzeyfə Peyğəmbər ﷺ həyatda ikən onun səhabələrindən soruşdu: “Quranı hizblərə (hissələrə) necə bölürsünüz?” Onlar dedilər: “İlk üç surə bir hizbdir, sonrakı beş surə bir hizbdir, sonrakı yeddi surə bir hizbdir, sonrakı doqquz surə bir hizbdir, sonrakı on bir surə bir hizbdir, sonrakı on üç surə isə bir hizbdir. “Mufəssəl” surələr sonuna qədər (“Qaf” surəsindən sonuna qədər) bir hizbdir”. (Əhməd, 16211, 16266. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir).
Fəsil
Ərəb dilçiləri “surə” sözünün mənasında və bu sözün nədən törənməsində ixtilaf etmişlər. Bir rəyə görə, bu söz “aydınlıq” və “yüksəliş” sözündən törənmişdir. Sanki surələri oxuyan bir mərtəbədən digər mərtəbəyə yüksəlir. Bəziləri isə bu sözün سُورٌ [su:r] “divar” sözündən törəndiyini demişlər. Şəhərlərin divarları kimi, surələr də şərəfli və yüksəkdir. Bəzi alimlərə görə isə “surə” sözü ərəbcə سُؤْرٌ [su`r] “hissə”, “qalıq” sözündəndir. Çünki surələr də Quranın hissələridir. Necə ki ərəblər yeməyin qalığına سُؤْرُ الإنَاءِ [su`rul-inəi] deyirlər. Bu rəyə əsasən “surə” sözündəki “vav” hərfi, əslində, “həmzə”dir. Bu “həmzə” tələffüzdə asanlıq üçün özündən əvvəlki hərf “damma” (“u” saiti) olmaqla “vav” hərfinə çevrilmişdir. Başqa bir rəyə görə isə surələr tamlığına və mükəmməlliyinə görə belə adlanmışdır, çünki ərəblər mükəmməl dəvəni “surə” adlandırırlar.
Mən deyirəm: “Şəhərin divarı şəhərdə olan evləri və tikililəri əhatə etdiyi kimi, surələr də özündə ayələri cəm etdiyinə görə bu sözün سُورٌ [su:r] “divar” sözündən törəndiyi ehtimal olunur. سُورَةٌ [su:ra] “surə” sözü, سُوَر [suvər] kimi cəmlənir. Bəzən isə سُوَرَاتٌ [suvəra:t] və سُوْرَاتٌ [su`ra:t] kimi cəmlənir.
Ayə sözünə gəlincə isə, bu sözün əsl mənası “əlamət”, “nişanə” deməkdir. Belə adlanmasına səbəb özündən əvvəlki cümlənin sonrakı cümlədən ayrılmasını bildirən əlamət olmasıdır. Yəni ayə cümlələri biri-birindən ayırır. Uca Allah buyurur: “Onun hökmdarlığının əlaməti...” (“əl-Bəqərə”, 248).
Başqa bir rəyə görə, ayə “toplum” sözündəndir və Quranda ayələr hərflər toplumundan ibarət olduğu üçün belə adlanmışdır. Necə ki ərəblər خَرَجَ الْقَوْمُ بِآيَاتِهِمْ [xaracəl-qavmu biə:yə:tihim] “Qövm toplum şəklində çıxdı” deyirlər. Yəni camaat şəklində çıxdı. Bəzi alimlər isə demişlər: “Ona görə belə adlanmışdır ki, Quran ayələri bəşər övladının bənzərini gətirməkdə aciz qaldığı heyrətamiz bir şeydir. Sibəveyh demişdir: “Ayə sözünün əsli أَيَيَة [əyəyəh] formasıdır, أكَمَة [əkəməh] və شَجَرَة [şəcərah] sözlərinin forması kimi. Hərəkəli “yə” hərfindən əvvəlki hərfin hərəkəsi fəthə olduğu üçün “yə” hərfi “əlif”ə çevrilmiş və özündən əvvəlki əliflə birlikdə “məd” (uzatma) “həmzə” əmələ gəlmiş, nəticədə “آيَة” [ə:yəh] sözü əmələ gəlmişdir. əl-Kisəi isə demişdir: “Ayə sözünün əsli آيِيَة [ə:yiyəh] formasındadır آمِنَة [ə:minə] sözünün forması kimi. Sonra “yə” hərfi “əlif”ə çevrilmiş və birinci həmzə ilə dəyişik düşməməsi üçün pozulmuşdur. Cəmi isə آيٌ [ə:yun], آياىٌ [ə:yə:yun] və آياتٌ [ə:yə:tun] formalarındadır.
Quranda gələn kəlmələrə gəlincə isə, o, dillə ifadə edilən bir sözə deyilir. Bəzən iki hərfdən ibarət olur. Məsələn: لا [lə:], ما [mə:] ədatları kimi. Daha çox hərfdən də ibarət ola bilər. Ən çox hərfi olan ifadə on hərfdən ibarətdir. Məsələn: لَيَسْتَخْلِفَنَّهُمْ [ləyəstəxlifənnəhum] “onları da yer üzünün varisləri edəcək” (Ərəb dili ilə Azərbaycan dilinin ifadə formaları fərqli olduğu üçün bəzən ərəb dilində deyilən bir sözü Azərbaycan dilində ifadə etmək üçün bir neçə ayrı-ayrı sözlərdən istifadə etmək lazım gəlir. Bu səbəbdən bəzən ərəb dilində bir kəlmə Azərbaycan dilində bir neçə sözdən ibarət olur). (ən-Nur, 55), أنُلْزِمُكُمُوها [ənulzimukmu:hə:] “biz sizi ona inanmağa məcburmu edəcəyik?” (Hud, 28), فَأَسْقَيْناكُمُوهُ [əfəəsqaynə:kumu:hu] “onu sizə içirtdik” (əl-Hicr, 22) kimi. Bəzən bir kəlmə bir ayə olur. Məsələn: وَالْفَجْر [vəl-fəcri] “And olsun dan yerinə!”, والضُّحَى [vəd-duhə:] “And olsun səhərə!”, والْعَصْر [vəl-asri] “And olsun axşam çağına!” (əl-Asr, 1) Həmçinin Kufə qarilərinin rəyinə görə ayələrin əvvəlində olan ألم [Əlif, Ləm, Mim], طه [Ta, Hə], يس [Yə, Sin], حم [Hə, Mim] hərfləri də bir kəlmədən ibarət olan ayələrdir. حم عسق [Ha, Mim, Ayn, Sin, Qaf] isə onlara görə iki kəlmədir. Bəziləri isə bu hərfləri ayə deyil, surələri açan hərflər adlandırmışlar. Əbu Amr əd-Dəni demişdir: “Uca Allahın مُدْهامَّتَانِ [Mudhə:mmətə:ni] “Hər ikisi tünd-yaşıldır” (ər-Rahmən, 64) ayəsindən başqa, Quranda bir kəlmədən ibarət ayə olduğunu bilmirəm”.
Fəsil
əl-Qurtubi demişdir: “(Alimlər) icma etmişlər (yekdil rəyə gəlmişlər) ki, Quranda əcəmi (qeyri-ərəb) söz birləşmələri yoxdur. Həmçinin icma etmişlər ki, Quranda əcəmi (qeyri-ərəb) xüsusi isimlər (adlar) vardır. Məsələn: İbrahim, Nuh, Lut kimi. Sonra Quranda bundan başqa qeyri-ərəb dilində bir şeyin olub-olmamasında fikir ayrılığına düşmüşlər. əl-Bəqilləni və ət-Tabəri bunu qəti olaraq inkar etmiş və demişlər: “Quranda qeyri-ərəb sözlərinə müvafiq olan sözlər yalnız dillərin bir-birinə uyğun gəlməsinə görədir”. (Dəlillərin dəlalət etdiyi haqq məhz budur. əş-Şafii (Allah ona rəhmət etsin) özünün “ər-Risələ” əsərində (səh. 131–178) Quranda qeyri-ərəb sözlərinin olduğunu iddia edəni ən şiddətli sözlərlə pisləmiş və qınamışdır. (Əhməd Şakir) əl-Qurtubi, 1/68).