Hafiz İbn Kəsirin tərcümeyi halı

    06.09.2026

əl-Hafiz İbn Kəsirin tərcümeyi-halı
 Adı və aid olduğu qəbilə

Hədis, fiqh və təfsir alimi, tarixşünas əl-Hafiz İmadəddin Əbu əl-Fida İsmail ibn Ömər ibn Kəsir ibn Davi ibn Kəsir əl-Quraşi əd-Diməşqi əş-Şafii. Atası Bəsrədən, anası isə Micdəl kəndindən idi. Qəbiləsi Peyğəmbərin nəslinə nisbət olunur və əllərində buna aid sənədləri də olmuşdur. əl-Mizzi bu sənədi görmüş və təsdiqləmişdir. Bu səbəbdən əl-Mizzi kitablarında onun aid olduğu qəbiləni “əl-Quraşi” (Qureyşli) deyə yazmağa başlamışdır. Necə ki bunu İbn Kəsir özü “əl-Bidəyə və ən-Nihəyə” adlı tarix əsərində öz atasının tərcümeyi-halında bildirmişdir.

    Doğulduğu yer və tarix

İbn Kəsirin tərcümeyi-halını yazan tarixçilərin əksəriyyəti onun hicri təqvimi ilə 700-cü ildə Bəsrə vilayətinin Micdəl kəndində anadan olduğunu demişlər. əl-Hafiz İbn Həcər “əd-Duraru əl-Kəminəh” adlı əsərində: “və ya bundan bir az sonra”, – demişdir. Bu, təqribi bir tarixdir. Daha dəqiq, doğum tarixini İbn Kəsir özü atasının tərcümeyi-halında bildirmişdir. İbn Kəsir demişdir: “Hicri təqvimi ilə 703-cü ildə atam dünyasını dəyişdi və mən o zaman təxminən 3 yaşında idim. O vaxt mən heç nə dərk etmirdim və atamı yuxu kimi xatırlayıram”.

    Elmi fəaliyyəti

İbn Kəsirin böyüdüyü mühit onun elmi fəaliyyətinə böyük təsir etmişdir. Belə ki atası Şihəbuddin Əbu Hafs Ömər ibn Kəsir dövrünün alimlərindən, fəqihlərindən və xətiblərindən (moizə deyənlərindən) biri idi. Oğlunun dediyi kimi, o, hicri təqvimi ilə 640-cı ildə doğulmuşdur. Oğlu İbn Kəsir özünün böyük “əl-Bidayə vən-Nihayə” (14/31-33) adlı tarix kitabında atasının tərcümeyi-halı haqda yazmışdır: “Bəsrədə Bənu Uqbə qəbiləsindən olan dayılarının yanında elmlə məşğul olmuşdur. Hənəfi məzhəbinə aid olan “əl-Bidayə” əsərini oxumuş, “Cuməl əz-Zucəci” kitabını əzbərləmiş, ərəb dili, nəhv və dilçiliklə maraqlanmış və ərəb şeirlərini əzbərləmişdir”. Hicri təqvimi ilə 703-cü ildə atası vəfat edəndən sonra İbn Kəsir doğma qardaşı Kəməlud-Din Abdul-Vahhabın himayəsində böyümüşdür. 
İbn Kəsir erkən yaşlarından elmə yiyələnmək üçün səfərə çıxmışdır. Belə ki yeddi yaşında ikən qardaşı Abdul-Vahhab ilə elm almaq üçün Dəməşqə yollanmışdır. O dövrdə Dəməşq elm və mədəniyyət mərkəzi sayılırdı. Qardaşı ona həm ata, həm də ilk müəllim olmuşdur. O, qardaşından bir çox elmlərə yiyələnmiş və hicri təqvimi ilə 750-ci ilə qədər ondan faydalanmışdır. İbn Kəsir qardaşı ilə Dəməşqə getməyi özünün  “əl-Bidayə vən-Nihayə” (14/31–33) kitabında xatırlayaraq demişdir: “Atamız öləndən sonra hicri təqvimi ilə 707-ci ildə Dəməşqə yollandıq. Kəməlud-Din Abdul-Vahhab da bizə yoldaşlıq edirdi. O bizə həm doğma, həm də şəfqətli idi. O, hicri təqvimi ilə 750-ci ildə vəfat etdi. Mən onun vasitəsilə çox elmlərə yiyələndim”. 
Daha sonra o, təhsilini dövrünün böyük alimlərinin yanında davam etdirmişdir. Öz tarix əsərində (14/312) bildirdiyi kimi, kiçik yaşlarından Quranı-Kərimi əzbərləməyə başlamış və hicri təqvimi ilə 711-ci ildə başa vurmuşdur. Quranı müxtəlif qiraətlərdə oxumağı öyrənmişdir. Hətta əd-Davudi (Şəmsəddin Muhəmməd ibn Əli ibn Əhməd əd-Davudi əl-Misridir. Hicri 945-ci ildə vəfat etmişdir) onu mötəbər qarilərdən hesab etmiş və onun adını qarilərin təbəqələrinə aid yazdığı “Tabəqatul-Qurra” adlı əsərində qeyd etmişdir. 
İbn Kəsir dövrünün bir çox hədis alimlərindən hədis eşitmişdir. O, İbn əş-Şəhnə adı ilə tanınan, uzun ömür sürmüş, böyük şeyxi Şihabuddin əl-Hicərin tərcümeyi-halında zikr etmişdir ki, o, qış günlərində “əl-Əşrəfiyyə” hədis məktəbində çox sayda hədis dinləmişdir. Bu şeyx yüz ildən çox hədis araşdırması ilə məşğul olmuşdur. Hicri təqvimi ilə 730-cu ildə vəfat etmişdir. (ət-Tarix, 14/150).
Həmçinin Burhənuddin əl-Fəzərinin və Kəmaləddin ibn Qadinin yanında fiqh elmini öyrənmişdir. əş-Şirazinin əş-Şafii məzhəbinin fiqh elmi haqqında yazdığı “ət-Tənbih” və İbn əl-Həcibin “Usul” elmi barədə yazdığı “Muxtəsar” əsərlərini əzbərləmişdir. Böyük hafiz Əbu əl-Həccəc əl-Mizzinin yanında olmuş və ona “Rical” (Ravilər) elmində yazdığı böyük “Təhzib əl-Kəməl” əsərini oxumuşdur. Onun qızı Zeynəb ilə evlənərək əl-Mizziyə qohum olmuşdur.
İbn Kəsir öz dövrünün bənzərsiz alimlərindən idi. Dövrünün alimləri, tələbələri və onlardan sonra gələnlər ona bol-bol təriflər demişlər. əl-Hafiz əz-Zəhəbi “Təbəqat əl-Huffaz” (4/29) əsərində onun barəsində yazmış və onu tərifləmişdir. Halbuki əz-Zəhəbi az qala onun şeyxi yerindədir. Çünki əz-Zəhəbi İbn Kəsirdən 26 il əvvəl hicri təqvimi ilə 748-ci ildə vəfat etmişdir. O, “Təbəqat əl-Huffaz” əsərində demişdir: “Fiqh və hədis alimi, müfti və bir çox fəzilət sahibi İmadəddin İsmail ibn Ömər ibn Kəsir əl-Bəsrəvi əş-Şəfii ilə birlikdə eşitdim... O, İbn əş-Şəhnə, İbn ər-Raddəd və bir çox alimlərdən elm almışdır. O, hədislərin ricallarına, mətnlərinə və fiqhi faydalarına xüsusi diqqət yetirmişdir. Elm üçün səfərlərə çıxmış, elmi münaqişələr aparmış, kitablar yazmış, Quranı təfsir etmiş və elmdə öndə gedənlərdən olmuşdur...“. 
Tələbəsi Şihəbuddin ibn Həcci demişdir: “İbn Kəsir qarşılaşdığım müəllimlərim arasında hədis mətnlərini ən çox əzbərləyən, hədisin təxricini, isnadında olan ravilərini, səhih və zəif olanlarını ən yaxşı bilən idi. Həmyaşıdları və şeyxləri də onun haqqında bunları etiraf etmişlər. Təfsiri və tarixi çox yaxşı yadda saxlayırdı və nadir hallarda unudurdu. Çox düzgün qavrama qabiliyyəti və yaxşı zehni olan fiqh alimi idi. “ət-Tənbih” əsərini sonuna qədər əzbər bilirdi.  Ərəb dili ilə əlaqəli məsələləri yaxşı bilir və şeir yazırdı. Onun yanına çox tez-tez getməyimə baxmayaraq, hər dəfə yanına getdikdə faydalanmadan gəlməzdim”. 
Tələbəsi əl-Hafiz Əbu əl-Məhəsin əl-Huseyni özünün “Zeyl Tabəqat əl-Huffaz” (səh. 58) əsərində demişdir: “Şeyximiz Əbu əl-Həccəc əl-Mizzi ilə qohum olmuş və ondan çox rəvayət etmişdir. Fətvalar verər, elm öyrədər və elmi münaqişələr edərdi. Fiqh, təfsir və nəhv (ərəb dili) elmlərində çox bacarıqlı idi. O, “Rical” və “İləl” (İləl sözü ərəbcə “İllət” sözünün cəmidir. Hərfi mənası “xəstəlik” deməkdir. Hədis elmində isə illət: hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz amildir. İləl elmi hədislərin mətn və sənədlərində olan bu amilləri araşdırıb üzə çıxaran elmdir) sahəsində daha dərin biliklərə yiyələnmişdir”.
İbn Kəsir həmçinin digər firqələr, dinlər və xalqlar barəsində də geniş məlumata sahib idi. Xüsusən də xristianların məzhəbləri barəsində. Necə ki təfsir və tarix əsərlərinin bir çox yerlərində qeyd etdiyi sözlər buna dəlalət edir. 

    Vəfatı

O, ömrünün sonlarında xəstələnmiş və hicri təqvimi ilə 774-cü ildə Şaban ayının 26-sı cümə axşamı dünyasını dəyişmişdir. İbn Nasir demişdir: “Onun cənazəsini müşayiət edənlər saysız idi”. İbn Kəsir ömrünün sonuna qədər Dəməşqdə qalmış və dövrünün böyük alimlərindən birinə çevrilmişdir. Orada vəfat etmiş və orada da dəfn olunmuşdur. O, Dəməşqi çox sevirdi və bu məhəbbət onu “Dəməşqin tarixi” adlı əsər yazmağa şövq etmişdir. Bu əsərdə Dəməşqin kədərli və sevincli günlərini qeyd etmişdir. 

    Yazdığı əsərləri

Onun çoxlu əsərləri var. Bu əsərlərin hamısını cəm etmək mümkün deyil, çünki onlardan bəziləri itmiş və indiyə kimi də olduğu yer məlum deyil. İbn Kəsir öz təfsirində və digər kitablarında bu əsərlərin bir çoxuna işarə etmişdir. Burada isə Muhamməd Abdur-Razzəq Həmzənin “İxtisar Ulum əl-Hədis” adlı kitabında İbn Kəsirin tərcümeyi-halında qeyd etdiyi kitablarının böyük hissəsini gücümüz çatan qədər bildirəcəyik:
1)    “Əzəmətli Quranın Təfsiri” – Əhməd Şakirin müxtəsər etdiyi və bizim də tərcümə etdiyimiz həmin kitabdır. Bu kitab barəsində ətraflı məlumatı müqəddimədə vermişik.
2)    “əl-Bidayə vən-Nihayə” – məşhur və çox dəyərli tarix kitabıdır. Bu kitab hicri təqvimi ilə 1358-ci ildə (miladi 1939-cu ildə) Misirdə 14 böyük cilddə çap olunmuşdur. İbn Kəsir bu kitabda məxluqatın ilk yaradılışından hicri təqvimi ilə 768-ci ilə kimi (miladi 1366), yəni ölümündən təxminən 6 il əvvələ kimi olan tarixi qeydə almışdır. Bu kitabın iki cildi hələ çap olunmamışdır. Bu iki cild kitabın son hissəsidir ki, ona “ən-Nihayə” (Sonluq) başlığı ilə işarə etmişdir. Kitabın bu hissəsində fitnələr, Qiyamətin əlamətləri və Axirətdə baş verəcək hallar haqqında varid olmuş rəvayətləri cəm etmişdir. 
3)    “əs-Sira ən-Nəbəviyyə” (Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - həyatı) (geniş şəkildə) – bu kitabı görməmişik, lakin İbn Kəsir bu kitaba və bu mövzuda yazdığı müxtəsər kitaba “əl-Əhzab” surəsinin 6-cı ayəsinin təfsirində işarə etmişdir. 
4)    “əs-Sira” (müxtəsər) – bu kitab hicri təqvimi ilə 1358-ci ildə (miladi 1939-cu ildə) Misirdə “əl-Fusul fixtisar Siratir-Rasul” adı ilə çap olunmuşdur. 
5)    “İxtisar Ulumul-Hədis” (Hədis elminin müxtəsəri) – hədis elmində yazılmış “Muqəddimə İbni Saləh” adlı kitabın ixtisar edilmiş formasıdır. 
6)    “Cəmiul-Məsənid vəs-Sunən” (Musnədlər və Sunənlər toplusu) – İbn Kəsir bu kitabda imam Əhmədin, əl-Bəzzərin, Əbu Yəalənin və İbn Əbu Şeybənin “Musnəd” əsərlərini və “Sunən” kitablarını cəm etmişdir. Şeyx Muhəmməd Abdur-Razzəq Həmzə bu kitabı “əl-Hudə vəs-Sunən fi Əhədisil-Məsənid vəs-Sunən” adı ilə zikr etmişdir. 
7)    “ət-Təkmil fi Məarifət əs-Siqat və əd-Duafə və əl-Məcəhil” (etibarlı, zəif və məchul ravilərin tanınması) – hədis ravilərinə aid əsərdir. Ustadları əl-Mizzinin “Təhzib əl-Kəməl” və əz-Zəhəbinin “əl-İtidəl” kitablarını cəm etmiş və ora əlavələr də etmişdir. 
8)    “Musnəd əş-Şeyxeyn” (İki şeyxin hədisləri) – Əbu Bəkr və Ömərdən gələn hədisləri cəm etmişdir. 
9)    “Risələtun fil-Cihəd” – cihad haqqında yazılmış bir risalədir. Çap olunmuşdur.
10)     “Tabəqat əş-Şəfiiyəh” – Şafii məzhəbində olan alimlərin təbəqələri və imam əş-Şafiinin özünün həyat və yaradıcılığı haqqında yazılmış kitabdır.
11)     əl-Beyhəqinin “əl-Mədxal ilə Kitəb əs-Sunən” kitabını ixtisar etmişdir.
12)     “əl-Muqaddimət” – çox güman ki, bu, hədis elminə aid bir kitab olmuşdur.
13)     “Təxric Əhədis Ədillət ət-Tənbih” – Şafii məzhəbinin fiqhinə aid kitabda olan hədisləri təxric etmişdir.
14)     “Təxric Əhədis Muxtəsar ibn əl-Həcib” – “Üsul” elminə aid hədislərin təxricidir.
15)     “Şərh Səhih əl-Buxari” (əl-Buxarinin şərhi) – bu kitabı şərh etməyə başlamış, lakin bitirməmişdir. Kitablarında bu şərhə dəfələrlə işarə etmişdir.
16)     “əl-Əhkəm” (Şəriət əhkamları) – bu kitabı da tamamlaya bilməmişdir. Böyük kitabdır. Həcc bölməsinə kimi gəlmişdir.

    Tərcümeyi-halda istifadə olunan ədəbiyyat

•    İbn Kəsirin özünün “əl-Bidayə və ən-Nihayə” adlı böyük tarix kitabı. 14-cü cild, (Misir çapı, h. 1358);
•    əz-Zəhəbinin “Təzkiratul-Huffaz” kitabı, (Heydərabad çapı, h. 1334);
•    əl-Hafiz İbn Həcərin “əd-Durarul-Kəminə” kitabı. 1-ci cild (Heydərabad çapı, h. 1348);
•    ən-Nueyminin “əd-Dərisu fi Tarixil-Mədəris” kitabı. 1-ci cild, (Dəməşq çapı, h. 1367);
•    əl-Huseyninin “Zuyul Təzkiratil-Huffəz” kitabı, (Misir çapı, h. 1347);
•    əs-Suyutinin “Zuyul Təzkiratil-Huffəz” kitabı (Misir çapı, h. 1347);
•    İbn Təğəri Bərdi “ən-Nucum əz-Zahira” kitabı. 11-ci cild (“Dər əl-Kutub əl-Misriyyə” çapı, h. 1369);
•    İbn əl-İməd “Şəzəruz-Zəhəb” kitabı. 6-cı cild (Misir çapı, h. 1351);
•    İbn Nasiruddin “ər-Radd əl-Vəfir” kitabı, 6-cı cild (Misir çapı, h. 1329).