Cümə günü edilən günahlar ikiqat yazılır?
Əssələmu aleykum. Cümə günü Uca Allahın bu ümmət üçün xüsusiləşdirdiyi bir gündür. Həmin gün Adəm (ona salam olsun) yaradılmış, həmin gün Cənnətə daxil edilmişdir. Qiyamət də həmin gün qopacaq və həmin gün Cənnət əhli Rəbbi ilə görüşmək üçün bir araya gələcəkdir. Bu, həftənin günlərinin ən fəzilətlisidir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. Həmin gün Adəm yaradılmış, həmin gün Cənnətə daxil edilmiş və həmin gün oradan çıxarılmışdır" (Muslim, 854).
Günah, öz-özlüyündə, yalnız bir günah olaraq yazılır. Buna həm Quran, həm də səhih hədislərdən dəlil vardır. Uca Allah buyurur: "Kim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz" (əl-Ənam, 160).
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahdan belə xəbər verir: "Həqiqətən, Allah yaxşılıqları və pislikləri yazmış, sonra da bunları açıqlamışdır. Kim bir yaxşılıq etməyə niyyət edib onu etməzsə, Allah onun üçün Öz dərgahında tam bir savab yazar. Əgər yaxşılığa niyyət edib onu edərsə, Allah onun üçün on savabdan yeddi yüz qatına qədər, hətta bundan da çox savab yazar. Kim bir pislik etməyə niyyət edib onu (Allahdan qorxub) etməzsə, Allah onun üçün tam bir savab yazar. Əgər onu etməyə niyyət edib edərsə, Allah onun üçün yalnız bir günah yazar". (əl-Buxari, 6491; Muslim, 131). Deməli, günahın özü say baxımından ikiqat yazılmır. Lakin günahın müqəddəs zaman və məkanlarda işlənməsi onun məsuliyyətini daha da ağırlaşdıra bilər. Buna görə də Uca Allaha asi olmaqla Cümə gününün hörmətini pozan şəxsə, həmin günahına görə digər günlərdə olduğundan daha şiddətli cəza verilə bilər. Bəzi alimlər demişlər: "Yaxşılıq və günahın təsiri Məkkə, Mədinə və Beytul-Məqdis, həmçinin məscidlər kimi fəzilətli məkanlarda, habelə Cümə günü, haram ayları və Ramazan ayı kimi fəzilətli zamanlarda daha da artır". Yəni günahların miqdarı deyil, onların ağırlığı və cəzası artır. Həmçinin oxuyun: