Müsəlman tacir üçün dörd qızıl qayda

    15.11.2026

Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bu dörd keyfiyyət səndə olarsa, dünyadan nə isə itirmək sənə zərər verməz: əmanəti qorumaq, danışığında doğru olmaq, gözəl əxlaqa sahib olmaq və halal ruzi qazanmaqda iffətli olmaq”. (Əhməd, 6652). Bu, hər bir müsəlman tacirin üzərində düşünməli və daim gözünün önündə tutmalı olduğu əzəmətli bir hədisdir. Hər bir tacir bu dörd xüsusiyyəti özünün dəyişməz prinsipləri hesab etməli və əldə edəcəyi qazanc nə qədər böyük olsa da, onlardan heç birini güzəştə getməməlidir. Çünki insan dünyaya, onun keçici nemətlərinə və mal-dövlət qazanmağa üz tutduqda əxlaqında ciddi pozuntular meydana gələ bilər. Belə hallardan salamat qalmağın yolu isə hədisdə qeyd olunan bu dörd əsas prinsipə möhkəm sarılmaqdır. Tacir bu prinsiplərdən heç birini itirməməli, hətta onların qorunması naminə dünyəvi qazancının bir hissəsini əldən verməyə razı olmalıdır. Qarşısında böyük qazanc və sərfəli fürsətlər olsa belə, bunlar onun həmin prinsiplərini pozmasına səbəb olmamalıdır. O, Peyğəmbərin “…dünyadan nə isə itirmək sənə zərər verməz” buyuruğunu daim xatırlamalı və bu xüsusiyyətləri qorumaq naminə itirdiyi dünya malına görə təəssüflənməməlidir. İnsan ticarətə başladıqda bu dörd xüsusiyyət baxımından ciddi sınağa çəkilir, çünki bəzən qarşısına yalan danışmağı və ya aldatmağı tələb edən çox cəlbedici qazanc imkanları çıxır. Belə zamanlarda o, özünə sual verməlidir: bu qazancı yalan və hiylə ilə əldə edim, yoxsa hədisin göstərdiyi kimi, dünya qazancından vaz keçərək əxlaqi prinsiplərimi qoruyum? Bəzən zahirən qazanc əldə etməyəcəyi, hətta sövdələşməni və ya müəyyən gəliri itirəcəyi görünsə də, əslində, Allah ona bundan daha xeyirlisini bəxş edər, çünki ruzi və lütf yalnız Allahın Əlindədir. Peyğəmbərin “…dünyadan nə isə itirmək sənə zərər verməz” sözü tacir üçün bir növ zəmanətdir: qazanc nə qədər böyük olsa da, onu itirdiyinə görə kədərlənməsin, çünki Allahın əvəzində verdiyi mükafat daha xeyirlidir. İndi isə bu dörd əxlaqi keyfiyyətə bir-bir nəzər yetirək:
Birinci xüsusiyyət – əmanəti qorumaqdır. Tacir insanlarla münasibətlərində etibarlı olmalı, aldatmamalı, hiylə işlətməməli, insanların haqlarını qorumalı və onlara məxsus olan malı sahiblərinə qaytarmalıdır. Bir çox insan ticarətə başladıqda mal qazanmaq naminə əmanətə xəyanət etməklə sınağa çəkilir və təəssüf ki, bəziləri bu sınaqdan keçə bilməyərək insanların haqlarını tapdalayır. Möminin əmanətə münasibəti isə insanların ona necə davranmasından asılı olmamalıdır, çünki Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sənə əmanət verənin əmanətini qaytar, sənə xəyanət edənə isə sən xəyanət etmə!” (Əbu Davud, 3534). Buna görə də başqası xəyanət etsə belə, mömin xəyanət etməməli, haqsızlığa haqsızlıqla cavab verməməli, lakin haqqını tələb etməlidir.
İkinci xüsusiyyət – danışığında doğru olmaqdır. Tacir alış-veriş zamanı insanlarla danışarkən daim doğru danışmalı, malın keyfiyyəti, mənşəyi və xüsusiyyətləri barədə yalan məlumat verməməlidir. O, özünə belə sual verməlidir: “Bir neçə manat və ya daha çox qazanc əldə etmək naminə doğruluq əxlaqımı itirib yalançıya çevrilməyim mənə nə qazandıracaq?” Peyğəmbər ﷺ buyurmuşdur: “Yalandan çəkinin, çünki yalan günaha, günah isə Cəhənnəmə aparır!” (əl-Buxari, 6094). Bəzi tacirlər qazanc əldə etmək üçün yalan danışmaqla kifayətlənmir, hətta mallarını satmaq naminə yalandan and da içirlər, halbuki Peyğəmbər ﷺ Qiyamət günü Allahın danışma­yaca­ğı, nəzər salmayacağı və təmizə çıxarmayacağı kəslərdən birinin malını yalandan and içərək satan şəxs olduğunu bildirmişdir. (Əbu Davud, 4087).
Üçüncü xüsusiyyət – gözəl əxlaqa sahib olmaqdır. Tacir insanlarla gözəl əxlaq və ədəb çərçivəsində davranmalı, onların kobudluğuna, pis rəftarına və xoşagəlməz davranışlarına görə öz əxlaqını pozmamalıdır. Çünki ticarət zamanı müxtəlif xarakterli insanlarla daim ünsiyyətdə olmaq, xüsusilə də kobud və pis əxlaqlı şəxslərlə qarşılaşmaq insanın davranışına mənfi təsir göstərə bilər. Bəzi insanlar ticarətlə məşğul olduqları müddətdə başqalarının pis rəftarına alışaraq söyüş söyən, lənət edən, təhqir edən və kobud danışan şəxslərə çevrilirlər. Halbuki ağıllı müsəlman tacir ticarətin və insanlarla ünsiyyətin onun əxlaqını korlamasına imkan verməmılidir, çünki insanın malı çoxalsa da, əxlaqı pozulduqdan sonra həmin malın ona nə faydası olacaq?
Dördüncü xüsusiyyət – qazandığı ruzidə iffətli olmaqdır. Bu, halal ruzi qazanmağa çalışmaq, haramdan və şübhəli qazanc yollarından uzaq durmaq deməkdir. Peyğəmbər ﷺ buyurmuşdur: “Halal da bəllidir, haram da. Onların arasında isə insanların çoxunun bilmədiyi şübhəli məsələlər vardır; kim bu şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar, kim də bu şübhələrə düşərsə, harama düşmüş olar”. (əl-Buxari, 52; Muslim, 1599). Buna görə də ticarətində sələm, aldatma, saxtakarlıq və ya şəriətin qadağan etdiyi başqa bir şey olan şəxs həmin qazancdan uzaq durmalı, halal qazancı əldə etmək üçün bu prinsipdən heç vaxt güzəştə getməməlidir. Bir hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Allah pakdır və yalnız pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə nəyi əmr etmişdirsə, möminlərə də onu əmr edib buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51). O, həmçinin, buyurur: “Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz təmiz və halal nemətlərdən yeyin!” (əl-Bəqərə, 172). Sonra Peyğəmbər ﷺ uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər ﷺ davam edib dedi: “Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, haramla böyümüşdür. Beləsinin duası necə qəbul ola bilər?!” (Muslim, 1015). Yəni Allah beləsinin duasını qəbul etməz. Buna görə də müsəlman tacir qazandığı malın halal olduğuna əmin olmaq üçün dini məsələləri öyrənməli, şübhəli və haram olan şeylərdən uzaq durmalıdır.
Ey müsəlman tacir qardaşım! Bu dörd əsas xüsusiyyəti qoru, şeytanın və pisliyi əmr edən nəfsin səni aldatmasına imkan vermə, ətrafındakı yalançı və fırıldaqçıların daha çox qazandığını görüb onların yoluna düşmə! Bil ki, bu dünya əxlaqın sınağa çəkildiyi bir meydandır. Əgər Peyğəmbərin ﷺ tövsiyələrinə səbir və sədaqətlə sarılsan, həm dünyada, həm də axirətdə gözəl aqibət sənin olacaq. Allah səni pis əxlaqdan, çirkin əməllərdən və nəfsin azğın istəklərindən qorusun, sənə halal ruzi və xoş güzəran nəsib etsin. Həqiqətən, O, duaları eşidən və qəbul edəndir. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə olsun!

Paylaş: