Cənazə dəfn edilərkən qadın niyə getməməlidir?

    09.01.2014
Sual: 
salam qadinin qebr ustune getmeyi haramdi?olunu basdirarken torpaga qoyarken qadin getmez?bes buna sebeb nedi?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənazəni dəfn edərkən qadınların iştirak etməsini qadağan etmiş və bunun səbəbini izah edərək belə demişdir: "Geri qayıdın, siz günah qazanacaq, savab qazanacaq deyilsiniz. Siz diriləri fitnəyə salır, meyidə əziyyət verirsiniz".
Bu hədisdən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadınların müsibətlərə qarşı daha dözümsüz olmalarına görə (yüksək səslə ağlamaq, üz cırmaq, qədərə etiraz etmək və s.) onların qəbir üstünə getməsini qadağan etmişdir. Lakin adi vaxtlarda kişilərə icazə verildiyi kimi qadınlara da axirəti yada salmaq məqsədi ilə qəbirləri ziyarət etməyə icazə verilir. Çünki insanın ölümü xatırlaması, bir gün özünün də öləcəyini düşünməsi, nəfsini hesaba çəkərək buna hazırlaşması qəbir ziyarətinin əsas hikmətlərindəndir. Bureydə (radıyəllahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq onları ziyarət edə bilərsiniz....". (Muslim "Cənaiz" 106, №: 977).
Əbu Hureyrə (radıyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Anam üçün istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır". (Muslim 976).
Əbu Səid (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin (ziyarət zamanı) çirkin (nalayiq) sözlər söyləməsin". (İmam Əhməd "Musnəd", 3/38; əl-Heysəmi  "Məcməuz-Zəvaid", 3/57; ən-Nəsai, 4/89).
Bir gün Cəbrail (aleyhis-sələm) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yanına gəlmiş və Ona (salləllahu aleyhi və səlləm) Baqi məzarlığında yatanların yanına gedərək onlar üçün bağışlanma diləmək haqda Allahdan əmr gətirmişdir. (Muslim "Cənaiz", 103).
Həmçinin rəvayət edilir ki, Aişə (radıyəllahu anhə) belə demişdir: "Bir dəfə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Ey Allahın rəsulu, (qəbirləri ziyarət etdiyim zaman) nə söyləyim?" Dedi: "Belə söylə: "Bu diyarın mömin və müsəlman əhlinə salam olsun! Allah bizdən qabaq gedənlərə də, sonraya qalanlara da rəhmət etsin! Allah qoysa, biz də sizə qovuşacağıq!" (Muslim, 2/671; İbn Məcəh, 1/494, 147; Əbu Davud, 3221; əl-Hakim, 1/370; əl-Albani "Səhihul-Cami", 945; ən-Nəsai "Cənaiz", 103; Muslim "Cənaiz", 35; İbn Məcəh "Cənaiz", 36).
Həmçinin oxuyun: Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

Teqlər: 
Paylaş: