əl-Fatihə surəsinin izahı

    28.11.2016

əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!

Bu surə Kitabın əvəlində gəldiyinə görə ona “əl-Fatihə” (Kitabı açan) adı verilmişdir. Quranın ümumi mənalarını ifadə etdiyi üçün onun Ummul-Kitab (Kitabın əsası); Ummul-Quran (Quranın əsası); habelə Səb`ul-Məsəni (təkrarlanan yeddi ayə); əs-Salət (namaz); ər-Ruqyə (ovsun) adları da vardır. Bu surənin namazın əsaslarından sayılması onu başqa surələrdən fərqləndirir. Belə ki, namazda əl-Fatihəni oxumayanın namazı qəbul olunmaz. Günümüzdə bəzi insanlar dinimizin buyurmadığı əməlləri dinə aid edirlər. Onlar xutbə verdikdə, duanı xətm etdikdə, dini mərasimlərdə əl-Fatihə surəsini oxuyurlar. Görürsən ki, mərasimi aparan dua edir, sonra yanında olanlara uca səslə deyir: “əl-Fatihə!” Yəni, onlara demək istəyir ki, siz də əl-Fatihə surəsini oxuyun. Bu, doğru deyildir, çünki dini məsələlərdə Peyğəmbərimizin buyurmadığı bir əməli yerinə yetirmək qadağandır. Buna İslamda bidət deyilir. Peyğəmbər demişdir: “Kim bizim dinimizə aid olmayan bir şeyi icad edərsə, o, qəbul olunmayacaq.” Həmçinin demişdir: "...Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəmlikdir."

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın adı ilə (Bismilləh) – yəni, Allahın hər bir adı ilə başlayıram deməkdir. Dinimiz bizə hər bir xeyir işi Allahın adı ilə başlamağı buyurur. Məsələn, evə daxil olduqda, yemək yedikdə, miniyə oturduqda və ümimiyyətlə hər bir xeyir işə başladıqda “Bismilləh” deyilir. Çünki, Allahın adı çəkilən hər bir işə Allahdan xeyir-bərəkət hasil olur. Allah - yalnız Uca Yaradana məxsus olan addır. Ondan başqa heç kəs bu adla çağırılmaz. Bu ad ibadət edilən tanrı mənasını ifadə edir və Onun bütün digər isimlərini özündə birləşdirir. Peyğəmbər demişdir: “Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. Kim onları sayarsa, Cənnətə girər.” ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir.

Həmd olsun aləmlərin Rəbbi Allaha
Həmd olsun Allaha (əl-həmdu lilləh) – yəni, bütün təriflərə layiq olan yalnız Allahdır. Allahı həmd etmək Onu sevərək və təzim edərək kamil sifətləri ilə tərifləmək deməkdir. Çünki, sevgi və təzim ilə edilməyən tərif həmd sayılmaz. Görürsən ki, bəzi şairlər əmr sahiblərinin qarşısında dayanıb onları əzəmətli vəsflərlə mədh edir, halbuki, onlar bunu sevməyərək edirlər. Onlar bunun müqabilində alacaqları mal-dövləti sevir və ya bunu qorxudan edirlər. Lakin biz Rəbbimizi sevərək və təzim edərək həmd edirik. Rəbb - Yaradan, Sahib olan və İdarə edən deməkdir. Aləmlər – əlamət sözündən əmələ gəlmişdir. Allahdan qeyri nə varsa, hamısı aləmlərdir. Aləmlərə bu adın verilməsi onun Uca Yaradanın əlaməti olmasına görədir. Belə ki, hər bir yaradılışda onu Yaradana - Onun qüdrətinə, hikmətinə, mərhəmətinə və s. sifətlərinə dəlalət edən əlamətləri vardır.

Haqq-hesab gününün Hökmdarına!
Qiyamət günü insanların haqq-hesaba çəkiləcəyi gündür. Həm bu dünyada, həm də axirətdə əsil Hökmdar Allahdır. Bu ayədə söhbət təkcə o günün Hökmdarlığından getmir. O günü xüsusi qeyd etmək üçün belə deyilir. Çünki, insan Qiyamət günü heç nəyə sahib olmayacaq və Allahın izni olmadan heç nə danışmayacaq. Allah buyurur: “Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq” (ən-Nəbə, 38).

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik
İbadət Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməkdir. Çünki, bu sifətlərə sahib olmayan abid sayılmaz. Allahın ən əzəmətli əmri yalnız Allaha ibadət etmək, ən böyük qadağası isə Ona şərik qoşmaqdan uzaq olmaqdır. Bəndə ibadətlərdə Allahın köməyinə möhtac olduğu üçün Uca Allah ibadəti qeyd etdikdən sonra “yalnız Səndən kömək diləyirik” buyurur. Əsil möminlər yalnız Allaha ibadət edir və yalnız Allahdan kömək diləyirlər. Əgər Allah kömək etməsə, heç kəs doğru yola gələ bilməz. Əsil möminlər Qiyamət günü belə deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər” (əl-Əraf, 43).

Bizi doğru yola yönəlt
Ayədəki “yol” sözü İslam dini deməkdir. Bu fikri həm ayə, həm də hədislə sübuta yetirmək olar: “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm” (əl-Ənam, 161-163). Nəvvas ibn Səman rəvayət edir ki, Peyğəmbər dedi: “Allah doğru yola aid bir məsəl çəkdi; bu yolun hər tərəfində bir divar, həmin divarlarda açıq qapılar və bu qapıların üstündə sallanmış pərdələr vardır. Yolun başında dayanmış bir nəfər insanları çağırıb: “Ey insanlar!” Hamınız bu yolla gedin və firqələrə bölünməyin!”– deyir. Digər dəvətçi də yolun üstündə dayanıb nəzarət edir. Kimsə o qapılardan birini açmaq istəyəndə ona: “Vay sənin halına! O qapını açma. Əgər sən onu açsan, mütləq ora girəcəksən”– deyir. Burada yol – İslam dinidir; divarlar – Allahın qoyduğu hüdudlar və qayda-qanunlardır; açıq qapılar – Allahın haram buyurduqlarıdır; yolun başında dayanan çağırışçı – Allahın Kitabıdır və nəhayət, yolun üstündə duran nəzarətçi – Allahın hər bir müsəlmanın qəlbində təyin etdiyi nəsihətçidir” (Musnəd Əhməd; Səhih əl-Cami).

Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Allahın nemət bəxş etdiyi kəslər peyğəmbərlər, sidqi-ürəkdən inananlar, şəhidlər və əməlisalehlərdir. Başqa bir ayədə Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır” (ən-Nisa, 69). Qəzəbə uğramışlar və azmışlar isə yəhudi və xristianlardır.

Paylaş: