Rəsulullahın üzüyünün vəsfi
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Xosrova, Qeysərə və Nəcaşiyə məktub yazmaq istədikdə, ona: “Onlar yalnız üzərində möhür olan məktubları qəbul edirlər”– deyildi. Beləliklə də, Rəsulullah üçün qaşı da gümüşdən olan bir üzük hazırlandı. Onun üzərinə: “Muhəmmədun Rəsulullah” sözü həkk edilmişdi.” (Muslim, 2092).
Rəsulullah bu üzüyü əcəm hökmdarlarına məktub yazmaq istədiyi zaman düzəltdirmişdir. Bu məktubları da o, hicrətin altıncı ilinin zilqidə ayında Məkkə müşrikləri ilə sülh bağladıqdan sonra, hicrətin yeddinci ilinin zilhiccə ayında Mədinəyə qayıtdıqdan sonra yazmış və hicrətin yeddinci ilində muhərrəm ayında öz elçilərini həmin hökmdarların yanına göndərmişdir. O, üzüyü də həmin vaxt o məktubları yazmamışdan əvvəl düzəltdirmişdir. Peyğəmbər bu üzüyü sadəcə möhür vurmaq üçün gəzdirərdi.
Ənəs ibn Malik demişdir: “Rəsulullahın üzüyünün nəqşi belə idi: “Bir sətirdə “Muhəmməd”, digər sətirdə “Rəsul” və o biri sətirdə “Allah” sözü həkk edilmişdi.” (əl-Buxari, 5540).
Yəni, Peyğəmbərin üzüyünün üstündəki qaşa və ya gümüşə: “Muhəmməd, Rəsul və Allah” kəlmələri alt-alta həkk edilmişdi.
Ənəs ibn Malik demişdir: “Peyğəmbər özünə gümüşdən üzük düzəltdirdi və üstünə: “Muhəmmədun Rəsulullah” sözünü yazdırdı, sonra da belə buyurdu: “Mən gümüşdən üzük düzəltdirib üstünə: “Muhəmmədun Rəsulullah” sözünü yazdırmışam. Odur ki, heç kəs öz üzüyünün üstünə belə bir yazı yazdırmasın” (Səhih əl-Buxari, 5877).
İbn Ömər demişdir: “Rəsulullah özünə gümüş üzük düzəltdirdi və vəfat edənədək (məktublara möhür vurmaq üçün) bu üzükdən istifadə etdi. Ondan sonra Əbu Bəkr, sonra Ömər, sonra da Osman bu üzükdən istifadə etdilər. Nəhayət, bu üzük Əris quyusuna düşdü. Onun üzərinə: “Muhəmmədun Rəsulullah” sözü həkk edilmişdi.”(əl-Buxari, 5535).
Əris quyusu Mədinədə, Quba məscidinin yaxınlığında yerləşirdi. Ənəs ibn Malik demişdir: “Peyğəmbərin üzüyü əvvəlcə özündə idi. O vəfat etdikdən sonra Əbu Bəkr, Əbu Bəkrdən sonra da Ömər bu üzüyü geydilər. Nəhayət, bu üzük Osmanda ikən o gəlib Əris quyusunun başında oturdu və üzüyü barmağından çıxardıb, o üz-bu üzə çevirərkən üzük quyuya düşdü. Biz Osmanla birgə üç gün üzüyü quyuda axtardıq, lakin onu tapa bilmədik”. (Səhih əl-Buxari, 5879).