Şirk necə yaranmışdır?

    20.07.2014

Uca Allah ilk insan Adəmə yalnız Ona ibadət etməyi əmr etmişdi. Adəmin ardınca Rəbbimiz Nuhu və daha sonra digər peyğəmbərləri göndərmiş, onlar da insanları yalnız Allaha ibadət etməyə çağırmışdılar. Bununla belə, insanlardan bəziləri Allahdan başqalarına ibadət edərək şirkə düşdülər. Şirkin insanlar arasında baş verməsinin əsas səbəbi onların əməlisaleh kəslər barədə ifrata varmaqları, onları mədh edib təriflərdikdə hədlərini aşmaları olmuşdur. Uca Allah buyurur: 
“Nuh dedi: "Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma” (Nuh, 23-24).
Bu adlar Nuhun qövmündən olan əməlisaleh kəslərin adlarıdır. Onlar öldükdə qövmü onlara heykəl qoymuş, üstəlik onları uca tutmaq, xatirələrini əbədiləşdirmək və onların fəzilətini hər zaman xatırlamaq üçün bu heykəllərə həmin şəxslərin adlarını vermişdilər. Nəhayət, iş o yerə gəlib çatdı ki, onlar həmin heykəllərə sitayiş etməyə başladılar. İbn Abbas demişdir: “Nuh qövmünün tapındığı bütlər sonradan ərəblər arasında meydana gəldi. Vədd, Kilab və Dovmətul-Cəndəl qəbilələrinin, Suva isə Huzeyl qəbiləsinin tapındığı bütlərə çevrildi. Yəğusa gəlincə, ona əvvəlcə Murad qəbiləsi, sonra isə Səba yaxınlığındakı Couf deyilən yerdə yaşayan bənu Ğətif qəbiləsi tapınmağa başladı. Yəuqa isə, Həmdan qəbiləsi sitayiş edirdi. O ki qaldı Nəsrə, o da himyərlilərdən Zul-Kəla ailəsinin tapındığı bütə çevrildi. Bunlar Nuh qövmündən olan əməlisaleh kəslərin adları idi. Onlar öldükdə şeytan onların qövmlərinə vəsvəsə etdi ki, heykəl düzəldib onların oturub-durduqları yerlərə qoysunlar və bu heykəllərə onların adlarını versinlər. O zaman insanlar hələ onlara tapınmırdılar. Həmin nəsil ölüb getdikdən və elm (tövhid elmi) aradan qalxdıqdan sonra insanlar həmin heykəllərə tapınmağa başladılar.” (Səhih əl-Buxari, 4920).
İbn Cərir ət-Təbəri Nuhun qövmü ilə bağlı “Öz məbudlarınızı tərk etməyin...” ayəsi barəsində Muhəmməd ibn Qeysin belə dediyini rəvayət etmişdir: “Onlar Adəm oğullarından olan əməlisaleh kimsələr idilər və onların yolunu tutub gedən ardıcılları var idi. Onlar öldükdə onların yolunu gedən dostları: “Biz onların rəsmlərini çəksək, hər dəfə onları gördükdə bu bizi ibadət etməyə həvəsləndirər”– dedilər və onların rəsmlərini çəkdilər. Onlar öldükdən sonra növbəti nəsil gəldi və İblis yavaş-yavaş onlara yaxınlaşıb dedi: “Sizdən əvvəlkilər onlara ibadət edər və bunun sayəsində göydən onlara yağış yağardı.” Beləliklə, onlar həmin heykəllərə ibadət etməyə başladılar.” (Təfsir ət-Təbəri, 12/254).
Bununla da onlar iki cür fitnəni cəm etmiş oldular: 
Birinci: Onlar bu əməlisaleh bəndələrin qəbirlərinin başına yığışmağa başladılar. 
İkinci: Onların rəsmlərini çəkib məclislərinə qoyar və onların yanında oturardılar.
Beləliklə də bəşəriyyət tarixində ilk dəfə olaraq insanlar Allaha şərik qoşmuş oldular. Bu iki amil hər bir zamanda və hər bir məkanda şirkə aparan əsas yollardan sayılır.

Paylaş: