Zül-hiccə ayının mübarək on günü

    23.08.2017

Aləmlərin Rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun!
Həqiqətən, Uca Allah bizi yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allahın əməlisaleh bəndələri hər vaxt və hər yerdə Ona ibadət etməlidirlər. Lakin Uca Allah bəndələrinin çalışaraq böyük savablar əldə etmələri üçün bəzi vaxtları və yerləri xüsusi olaraq seçmişdir. Onun təyin etdiyi belə vaxtların biri də zül-hiccə ayının ilk on günüdür. Zül-hiccə ayının ilk on günü ilin ən əzəmətli günləridir. Peyğəmbər - sallallahu aleyhi ve səlləm - demişdir: “(Zül-hiccə ayının) bu on günündə edilən yaxşı əməllər başqa günlərdə edilən əməllərdən Allaha üçün daha sevimlidir”. Dedilər: “Ey Allahın Elçisi, Allah yolunda edilən cihaddan da?!” Allah Elçisi buyurdu: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (şəhid olan) kişi müstəsnadır”. 

Zül-hiccə ayının ilk on günündə edilən müstəhəb (bəyənilən) əməllər

  1. Bol-bol nafilə (əlavə) namazlar qılmaq. Fərz namazları yerinə yetirmək üçün məscidlərə getmək ve bol-bol nafilə namazları qılmaq. Çünki, nafilə namazlar fərz namazlardan sonra insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdən sayılır. Peyğəmbər demişdir: "(Namaz qılmaqla) Allaha çoxlu səcdə et! Çünki, sən Allaha bir səcdə etdikdə, Allah onun səbəbi ilə səni bir dərəcə yüksəldir və bir günahını silir."
  2. Nafilə oruc tutmaq. Bu günlərin hamısını və ya bacardığın qədər oruc tutmaq, xüsusilə də zül-hiccə ayının doqquzu Ərafa gününü orucla keçirtmək ən fəzilətli əməllərdən sayılır. Huneydə ibn Xalid demişdir: “Allahın elçisi zül-hiccə ayının ilk doqquz günü, Aşura günü və hər ayın bazar ertəsi ilə iki cümə axşamı günləri olmaqla üç gün oruc tutardı.” Həmçinin, Peyğəmbər zül-hiccənin doqquzu Ərafa günü oruc tutmaq barədə belə demişdir: "Allaha ümid edirəm ki, Ərafa günü oruc tutmaq bir il oncəki və bir sonrakı günahları silir.” Ancaq həcc mövsümü Ərafatda duranların oruc tutması bəyənilmir. Çünki, Peyğəmbər oruclu olaraq Ərafatda durmamış, əksinə insanlar onun oruc tutmadığını görsünlər deyə bir qədəh süd içmişdir.
  3. Həcc və ümrə ibadətlərini yerinə yetirmək. Bu günlərdə ən fəzilətli əməllərdən biri də həcc və ümrə etməkdir. Peyğəmbər demişdir: "Ümrə etmək, ondan əvvəl edilən ümrə arasındakı günahları silir. Qəbul olunan həccin mükafatı isə yalnız Cənnətdir."
  4. Bu günlərdə çoxlu "Allahu əkbər", "lə iləhə illallah" və "əl-həmdulilləh" kəlmələrini demək. Peyğəmbər demişdir: "Allah üçün bu on gündən daha əzəmətli və onda edilən əmələrdən daha sevimli başqa günlər yoxdur. Odur ki, bu günlərdə çoxlu “lə iləhə illəllah”, “Allahu əkbər” və “əlhəmdulilləh” deyin!" 

Qurban bayramının birinci gününün fəziləti

Qurban bayramının birinci gününün fəziləti çox böyükdür. Müsəlmanların əksəriyyəti bu günün fəzilətini bilməkdən xəbərsizdirlər. Peyğəmbər demişdir: "Uca Allahın dərgahında günlərin ən əzəmətlisi Qurban günüdür. Ondan sonra isə təşriq (zül-hiccənin 11, 12 və 13-cü) günləridir.”

Qurban bayramı günü edilən vacib əməllər:

  1. Bayram namazı qılmaq. Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki, Peyğəmbər daim bu namazı qılar və camaata da əmr edərdi. Bayram namazı iki rükət qılınır. Bu namazda on iki dəfə təkbir deyilir. Birinci rükətdə namaza giriş təkbirindən sonra yeddi, ikinci rükətdə isə qiraətdən əvvəl beş təkbir deyilir. Amr ibn Şueyb demişdir: “Peyğəmbər hər iki bayram (Ramazan və Qurban) namazını qılarkən birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir edirdi.”
  2. Qurban kəsmək. Qurban bayram günü və təşriq günləri Allaha ibadət məqsədilə kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər demişdir: “İmkanı ola-ola qurban kəsməyən namazgahımıza gəlməsin.” Qurban bayram namazından sonra kəsilməlidir. Peyğəmbər demişdir: “Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə birini də kəssin. Kim qurbanını kəsməyibsə, indi kəssin.” (əl-Buxari, 5562). Qurban yalnız inək, qoyun (keçi də qoyun fəslinə aiddir) və dəvədən olur. Uca Allah buyurur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər” (əl-Həcc, 34). Dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik ola bilər. Qoyun kəsməkdə şərik olmaq olmaz, onu ancaq bir nəfər özünün və ailəsinin adından kəsə bilər.

Nəyi qurban kəsmək olmaz?

Peyğəmbər demişdir: “Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən və qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan.” (İbn Macə, 3144).

Qurban bayramı günü edilən müstəhəb əməllər

  1. Qüsl etmək. Əli ibn Əbu Talibdən qüsl etmək haqqında soruşduqda o belə cavab vermişdir: “Qüsl cümə, ərafa, ramazan və qurban bayramı günləri edilir.” (Beyhəqi, Sünənul- Kubra: 3/ 278).
  2. Ən gözəl paltar geyinmək. İbn Abbas demişdir: “Peyğəmbər bayram günü qırmızı əbasını geyinərdi.” (Silsilətus-Səhihə, 1279).
  3. Bayram günü öz qurbanından yemək üçün səhər yeməyini gecikdirmək. Əbu Bureydə demişdir: “Peyğəmbər Ramazan bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə qurban kəsməmiş yemək yeməzdi.” (Səhih ət-Tirmizi, 447).
  4. Getdiyi yolu dəyişib başqa yolla qayıtmaq. Cabir demişdir: “Peyğəmbər bayram günləri getdiyi yolu dəyişib başqası ilə qayıdardı.” (əl-Buxari, 986).
  5. Təkbir gətirmək. Bu günlərdə gətirilən təkbirlərin deyiliş şəkilləri:  a) "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər";  b) "Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd"; c) "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Vallahu əkbər, Allahu əkbər, Allahu əkbər və lilləhil-həmd". Bu təkbirlərin vaxtı Ərafa günü sübhdən sonuncu təşriq günü - zül-hiccənin 13-ü Əsr namazının vaxtına qədər davam edir.

Əziz müsəlmanlar, qarşıdan gələn Qurban bayramınız mübarək olsun! Uca Allah bütün ibadətlərinizi qəbul etsin!

Paylaş: