Allah yolunda döyüşməyin fəziləti

    05.04.2016

Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran, 200).
Cihad sözü cəhd etmək, səy göstərmək deməkdir. Cihad var qüvvəsi ilə bütün çətinliklərə sinə gələrək düşmənə qarşı döyüşməkdir. Cihad Allah rizası üçün yerinə yetirilməlidir. Kim vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, şöhrət qazanmaq üçün döyüşərsə, onun axirətdə heç bir payı olmaz. Əbu Musa demişdir: “Bir dəfə bir nəfər Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib dedi: “İnsanlardan kimisi qənimət əldə etmək üçün, kimisi ad-san qazanmaq üçün, kimisi də özünü göstərmək üçün vuruşur. Bunlardan han­sı biri Allah yolundadır?” Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurdu: “Kim Allahın Sözü hər şeydən uca olsun deyə vuruşursa, o, Allah yolundadır.” (əl-Buxari, 2810).

Cihad etməyin fəziləti

“Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: “Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qəni­mətlə sağ-salamat yurduna qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziy­yətə salmış olmasaydım, döyüşə gedən dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldü­rü­lüb yenə dirildil­mə­yimi, sonra mütləq yenə öldürülməyimi istər­dim”. (əl-Buxari, 26).

Cihad Cənnətin qapılarından biridir

“Allahın yolunda cihad edin, çünki o, Cənnətin qapıla­rından biridir. Allah onunla qəm-qüssəni aparır”. (əl-Hakim, 2404).

Sərhəddə keşik çəkənin misalı

“Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi? Ailəsinin yanına bir daha qayıtmayacağından qorxaraq təhlükəli ərazidə keşik çəkənin (keçirdiyi gecə)”. (əl-Hakim, 2424).

“Allah yolunda bir gün sərhəddə keşik çəkmək, başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir”. (ən-Nəsəi, 3169).

“Bir ay sərhəddə keşik çəkmək bir il oruc tutmaqdan daha xeyirlidir. Kim Allah yolunda sərhədin keşiyini çəkərək ölərsə, o, (Qiyamət gününün) ən böyük dəhşətindən salamat olar. O, Cənnətdən ruzilənəcək və ona Cənnətin qoxusu hiss etdiriləcək. Allah onu dirildənədək (qəbirdə) ona sərhə­din keşiyini çəkənin savabı yazılacaq”. (əl-Heysəmi “Məcməuz-Zəvaid” 9504).

“Kim Allah yolunda sərhədin keşiyini çəkərək ölərsə, qəbir əzabından arxayın olar və Qiyamət gününədək onun mükafatı artırılar”. (İbn Hibban, 4606).

Allah, Onun yolunda döyüşənlərə zamindir

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Rəbbinin belə buyurduğunu demişdir: “Mənim rizamı qazanmaq üçün Allah yolun­da cihad etməyə çıxan hər hansı bir qulumu döyüş­dən geri qaytaracağım təqdirdə, qazanacağı savabla və ya qəni­mətlə geri qaytaracağıma, ruhunu alacağım təqdirdə isə onu ba­ğış­layacağıma zəma­nət verirəm”. (ən-Nəsai, 3075).

Allah yolunda döyüşənin misalı

Rəvayət edilir ki, bir gün Peyğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - soruşdular: “Ey Allahın Elçisi! Hansı əməl Allah yolunda olan ciha­da bərabərdir?” O buyurdu: “Sizin ona gücünüz çatmaz!” (Səha­bələr bu sualı) iki və ya üç dəfə təkrar etdilər. Allah Elçisi hər dəfə: “Sizin ona gücünüz çatmaz!”- deyirdi. Sonra belə buyurdu: “Allah yolunda olan mücahidin misalı oruc tutan, namaz qılan, Allahın ayələrinə itaət edən, dayanmadan orucu və namazı Uca Allahın yolunda olan mücahid evinə qayıdana qədər yerinə yetirənin misalı kimidir”. (Muslim, 1878).

Son damla qanı tökülənə qədər döyüşən

“Yoldaşları darmadağın edildiyi halda, döyüşdən qaç­mağın haram oldu­ğu­nu bilərək qayıdıb son damla qanı tökülənə qədər Allahın yolunda döyüşən kişiyə Rəbbimiz sevinir. Uca Allah mələklə­rinə buyurur: “Mənim qu­lu­ma baxın! O, dər­ga­hım­da olan mükafata can ataraq və dərgahımda olan əzabdan qorxa­raq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”. (Əbu Davud, 2536).

Şəhidin qanı

“Şəhidləri qanlı-qanlı (kəfənlərinə) bürüyün, çünki Allaha görə elə bir yaralanan yoxdur ki, Qiyamət günü yarasından qan axa-axa Allahın hüzuruna gəlməsin. Onun yarasının rəngi qan rəngində, qoxusu isə müşk qoxusunda olacaq”. (ən-Nəsəi, 2002).

Şəhid qətlə yetirilərkən nə hiss edir?

“Şəhidin qətlə yetirilərkən hiss etdiyi birinizin çimdik hiss etməsi kimidir”. (İbn Hibban, 4636).

Şəhidliyi arzu edənin fəziləti

“Kim Allahdan sidq-ürəklə şəhid olmağı istəsə, yatağında ölmüş olsa belə, Allah onu şəhidlərin dərəcəsinə yüksəldər”. (ət-Tirmizi, 1653).

Nəyə görə şəhid qəbir fitnəsinə məruz qalmır?

Rəvayət edilir ki, bir adam dedi: “Ey Allahın Elçisi! Nəyə görə möminlər qəbir fitnəsinə məruz qalırlar, şəhid isə yox?” O buyurdu: “Başının üzərindəki qılıncların parıltısı fitnə olaraq ona kifayətdir”. (ən-Nəsəi, 2053).

Şəhidə verilən üstünlüklər

“Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk qan damcısı ilə bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içəri­sində olanlardan daha xeyirlidir - yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir”. (ət-Tirmizi, 1663).

“Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdi­ril­miş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içmək­lərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman de­yir­lər: “Kaş ki, qardaş­la­rımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yo­lunda olan cihaddan qorxub qaçmayaydı­lar”. Uca Allah: “Mən sizin de­dik­lərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”. (Əbu Davud, 2158).

“Şəhidlər Cənnət qapısının yanında olan “Bəriq” çayının üzə­rin­də yaşıl çadırdadırlar. Səhər-axşam onlara Cənnətdən ruziləri gətirilir”. (İmam Əhməd, 2390).

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Cəbraildən bu ayə haqda soruşdu: “Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir” (əz-Zumər, 68). Allahın öldürmək istəmədikləri kimlərdir?” Cəbrail dedi: “Onlar Uca Allahın şəhidləridir”. (əl-Hakim, 3000).

Paylaş: