Allahın "ər-Rahmən" və "ər-Rahim" adlarının mənası

    06.08.2014

ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir. Uca Allahın ər-Rahmən adı Qurani-Kərimdə 57 dəfə, ər-Rahim adı isə 114 dəfə qeyd olunur.
ər-Rahmən elə bir addır ki, Uca Allahdan başqası bu adla adlanmaz. Bu adla yalnız Uca Allah adlana bilər. Lakin ər-Rahim adı ilə insanlar adlana bilərlər. Uca Allah Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - haqqında belə buyurur: “O sizə qarşı qayğıkeş, möminlərə şəfqətlidir (raufdur), rəhmlidir (rahimdir)” (ət-Tövbə, 128).
İslam alimi İbn Kəsir demişdir: “Allahın elə adları vardır ki, onlarla başqası adlana bilər, elə adlar da var ki, onlarla Allahdan başqası adlana bilməz”. Buna Uca Allahın əl-Xaliq (yaradan), əs-Saməd (heç kəsə möhtac olmayan), əş-Şəfi (şəfa verən), əl-Mutəkəbbir (məğrur) və s. adlarını misal gətirmək olar. Bu adları qoyduqda onların əvvəlinə mütləq “abdu” (qulu) sözünü əlavə etmək lazımdır.   

Paylaş: