Qab və başqa əşyaları pak olması üçün nə etmək lazımdır?

    14.08.2014
Sual: 
qab ve basqa seyler yuyanada ne ki pak olsun
Cavab: 

Salam aleykum. İslam dininə görə bir əşyanın pak olması onun murdar şeylərdən təmiz olması deməkdir. Murdar şeylər dedikdə insan sidiyi və nəcisi, məzi (kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir), əti yeyilməyən heyvanların ifrazatı, aybaşı qanı, itin ağız suyu və leş nəzərdə tutulur.    
Murdar və ya murdarlaşmış şeylərin təmizlənmə qaydaları:
1. Ölmüş (leş) heyvan dərisinin aşılanaraq təmizlənməsi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ölmüş heyvanın dərisi aşılanarsa, təmiz olar".
2. İt yalayan qabın təmizlənməsi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yusun".
3. Aybaşı qanına bulanmış paltarın təmizlənməsi. Rəvayət edilir ki, Xovlə binti Yəsar (Allah ondan razı olsun) dedi: "Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur. Mən necə edim? Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Təmizləndikdən sonra qan dəymiş yeri yu sonra həmin paltarda namaz qıl." Qadın: Ey Allahın elçisi, əgər ləkəsi getməsə? Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Su ilə yuman kifayətdir, onun ləkəsinin qalması sənə bir zərər verməz".
4. Qadın paltarının yerlə sürünən hissəsinin təmizlənmə qaydası. İbrahim ibn Abdurrahmən ibn Avfun (radıyəllahu anhu) uşaqlarından birisinin anası, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoldaşı Ummu Sələmədən (radıyəllahu anhə) soruşur: "Mən uzun ətəyli paltar geyinən qadınlardanam. Hərdən, natəmiz yerlərdən keçirəm, mən necə edim? Ummu Sələmə deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ondan sonra gələn (yəni, paltarın sürtüldüyü pak torpaq) onu təmizləyir".
5. Paltarın, südəmər uşağın sidiyindən təmizlənməsi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qız uşağının sidiyi dəymiş paltar yuyulur, oğlan uşağının sidiyi dəymiş paltara isə su çiləmək kifayət edir".
6. Paltarın məzidən təmizlənməsi. Səhl ibn Huneyf deyir ki, mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim? O dedi: "Bir ovuc su alıb batan yerin üzərinə tökməyin kifayətdir".
7. Ayaqqabının altının təmizlənməsi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məscidə gələndə ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün, bundan sonra həmin ayaqqabı ilə namaz qılsın".
8. Yerin təmizlənməsi. Yerə su tökməklə olur.

Teqlər: 
Paylaş: