Tövbə etsəm, Allah məni bağışlayarmı?

    31.12.2013

Uca Allah tövbə edən qullarını sevir. O buyurur: "Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir". (əl-Bəqərə, 222).
Uca Allah insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Hud peyğəmbər öz qövmünə belə demişdir: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).
Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən ona gündə yüz dəfə tövbə edirəm!"
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər".
Həmçinin, o demişdir: "İtirdiyini tapan kimsə necə sevinirsə, Allah sizdən birinizin tövbə etməsinə ondan daha çox sevinir".
"Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir".
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) tövbənin mahiyyəti haqqında belə demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir".
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) mənə buyurdu: "Günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Tövbə peşman olmaqla və bağışlanma diləməklə olur".

Allahdan ümidini üzmə!

Bəzi insanlar günah etdikdə tövbə edirlər, sonra yenidən günaha qayıtdıqda indiyədək etdikləri peşmançılığın və tövbənin faydasız olduğunu fikirləşir və buna görə ümidsizliyə qapanırlar. Hətta belə deyirlər: "Tövbə etsəm, Allah məni bağışlayar?" Günah etdikdə sonra tövbə edib yenidən günaha qayıtdıqda yenə tövbə etmək lazımdır və buna görə ümidsizliyə qapanmaq olmaz. Yenidən günaha qayıtmaq əvvəlki tövbəni batil etmir, sadəcə olaraq yenə tövbə etmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bu məsələdə ümidsizlik şeytanın ən böyük silahıdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz".

Tövbə necə edilir?

Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib bağışlanma diləmək - yəni bu etdiyi tövbəni yalnız Allah üçün etməlidir, başqa məqsəd olmamalıdır.
2. Günahlara görə peşman olmaq
3. Günaha bir daha qayıtmamağa qərar vermək
4. Tövbəni əcəl gəlməmişdən qabaq etmək
5. Qulun haqqını vermək – Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar". (əl-Buxari; Muslim).

Tövbədən sonra yaxşı işləri artırmaq

Həmçinin, tövbə etdikdə ibadətləri və yaxşı işləri artırmaq lazımdır. Tövbə sözü qayıtmaq deməkdir. Bəndə Uca Allaha tövbə edərək asilikdən Onun itaətinə qayıdır. Həmçinin, çoxlu istiğfar etmək, yəni Uca Allahdan bağışlanma diləmək, şər insanlarla oturub durmaqdan uzaq olmaq, məscidlərə getmək, faydalı işlərlə məşğul olmaq asiliyə mane olan səbəblərdəndir. Uca Allah tövbə etdikdən sonra yaxşı işlər görənlərin pisliklərini yaxşılıqla əvəz edəcəyini vəd edərək belə buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71).
      Həmçinin, Əbu Tavil Şətab əl-Məmdud (Allah ondan razı olsun) rəvayət edir ki, o, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib belə dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah yoxdur ki, onu etməsin. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaq və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!"– deyə-deyə gözdən itdi".
      Yuxarıda qeyd olunan ayələrdən və hədisdən aydın olur ki, tövbə etdikdən sonra xeyirxah işlər görmək lazımdır ki, günahları silib aparsın. Çünki, yaxşı işlər pis işləri silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114).

Paylaş: