Niyyət etmək bidətdirmi?

    19.09.2014
Sual: 
Salamun aleykum men cox narahat eden bir mesele var. siz deyirsiz niyyet etmek bidetdir amma kitablarin ekseriyyetinde niyyet etmeyin farz oldugu yazilir. Men neye inanacagimi bilmirem. Bidetden qacmag isteyirem amma belke ferzdir deye narahat oluram. Mene esasli bir subut lazimdi.
Cavab: 
Va aleykum Salam. Niyyət etmək bidət deyil, sadəcə niyyəti dil ilə tələffüz etmək bidətdir. İslama görə niyyətin yeri qəlbdir. Ümumiyyətlə, niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Məqsəd varsa, artıq niyyət də var. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz. Yəni, dil ilə deməyə ehtiyac yoxdur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Bütün əməllər ancaq niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir". (əl-Buxari, 1). Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun)nə də onun səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur. Dinimizə görə niyyətin yeri qəlb, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: "...Niyyətin dillə deyilməsi ilə bağlı bir söz də olsa belə peyğəmbərdən nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla bir hədis rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, (səhabələrin ardıcılları) nə də digər böyük alimlər bunu yaxşı əməl kimi qəbul etməmişlər". (İbn əl-Qayyim, "Zədul-Məad" kitabı, 1/51). Niyyəti dilə gətirmək Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq". (əl-Buxari, 2697).
İslam alimləri deyirlər: "Qüsl, təyəmmüm, namaz, oruc, zəkat və s. ibadətlərə niyyət edərkən, dil ilə tələffüzün olmamasında mötəbər islam alimləri ittifaq etmişlər, hətta onların ittifaqına görə niyyətin yeri qəlbdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə də müsəlmanlardan heç kəs buyurmayıb ki, niyyəti dil ilə tələffüz edin. Əgər bu şəriətlə icazəli olsaydı, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onu əsla unutmazdı. Hətta niyyəti dil ilə tələffüz etmək ağla və dinə də bir nöqsandır. Belə ki, dində bu bidətdir (yenilikdir), əqli cəhətdən isə bu bir kəsin yemək yemək istəyinə bənzəyir və o deyir: Niyyət edirəm ki, əllərimi bu qaba salım bu tikəni götürüm və onu ağzıma qoyuram ki, onu çeyniyim, sonra uduram ki doyum. Kim belə bir şey edərsə, onun ədəbləndirilməsi və bidəti etiqad etməkdən çəkindirilməsi gərəkdir". ("əl-Fətəva əl-Kubra" kitabı, 1/214-215).
Niyyət dil tələffüz etmək yalnız həcc və ümrə ziyarətlərində isə icazəlidir. Bu da səhih rəvayətlərlə öz təsdiqini tapıb. Həmçinin oxuyun:
Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Teqlər: 
Paylaş: