Təşəhhüddə barmağı qibləyə tərəf tutmaq, cümə və bayram namazları haqda

    13.10.2014
Kimdən: 
a
Sual: 
salam tesehudde sehadet barmagi qibleye teref uzatmaq barede hansi hedisler var? cume ve bayram namazini qilmaq ferzdir?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) sol ovcunu sol dizinin üstünə aşıq şəkildə qoyardı. Sağ əlinin barmaqlarının hamısını bükərdi. Şəhadət barmağı ilə qibləyə işarə edər və ona baxardı. (Muslim; Əbu Uvanə; İbn Xuzeymə və digərləri. Səhih hədisdir).
Həmçinin Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Barmağı ilə işarə edəndə baş barmağını orta barmağının üstünə qoyardı". (Muslim və Əbu Uvanə).
Habelə Allah Elçisi (salləllahu aleyhi və səlləm) barmağını qaldırardı, tərpədərdi və dua edərdi və deyərdi: "Bu barmağın (şəhadət barmağının) işarəsi şeytan üçün dəmirdən də ağırdır". (İmam Əhməd; əl-Bəzzar; Əbu Cəfər və digərləri. Həsən (yaxşı) hədisdir).
Cümə namazını qılmaq kişilərə vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız". (əl-Cumuə, 9-10).
Cümə namazı qadınlara vacib deyil və evdə dörd rükət zöhr namazı qılırlar. Bu barədə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd nəfər – kölə, qadın, uşaq və xəstəni çıxmaq şərtilə camaatla cümədə iştirak etmək hər bir müsəlmanın üzərinə düşən vacib bir haqdır". (əl-Buxari; Muslim; Əbu Davud).
Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) daim bu namazı qılar və camaata da əmr edərdi. Ummu Atiyyə (Allah ondan razı olsun) deyir ki: "Bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu". (əl-Buxari; Muslim; Əbu Davud; ət-Tirmizi və başqaları).
Bir dəfə bir qadın peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dedi: "Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar". (əl-Buxari).

Teqlər: 
Paylaş: