Allah haradadır və Allah hər yerdədir demək olarmı?

    16.10.2014
Kimdən: 
Aişə
Sual: 
Salam aleykum, men dedimki Allah hər yerdədir, amma qarşımdakı adam dediki bununka küfrə düşmüş olaram. Belə demək olmazmi?
Cavab: 

Aleykum salam. Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Mərhəmətli Allah Ərşə ucaldı". (Ta Ha, 5). 
"O, göyləri, yeri və on­ların ara­sın­dakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu bi­lən­dən soruş!" (əl-Furqan, 59).
"Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır...". (ər-Ra'd, 2).
"Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...". (əs-Səcdə, 4).
"Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...". (Yunus, 3).
"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...". (əl-Əraf, 54).
"Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur...". (əl-Hədid, 4).
"...O, böyük Ərşin Rəbbidir!" (ət-Tövbə, 129).
"... Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (əl-Ənbiya, 22).
"Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən...". (əz-Zumər, 75).
"Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər:...". (Ğafir, 7).
"Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır". (əl-Həqqa, 17). 
"Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir". (Fatir, 10).
"Əvvəl də, Axır da, Zahir də, Batin də Odur". (əl-Hədid, 3).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Allah məxluqatı yaratdıqdan sonra öz ərşinə ucaldı". ("Muxtəsar əl-Uluv", səh. 98. İsnadı səhihdir).
Kə'b əl-Əhbərdən nəql olub ki, Allah Təala tövratda belə buyurub: "Mən Allah, qullarımın üzərindəyəm və ərşim bütün yaratdıqlarımın üzərindədir və Mən ərşimin üzərindəyəm. Qullarımın işlərini idarə edirəm və Mənə səmada və yerdə heçnə gizli qalmır". ("Muxtəsar əl-Uluv", səh. 128. İbn əl-Qaeyyim deyir: İbn Batta və İbn Əbi əş-Şeyx bunu rəvayət edib və isnadı səhihdir).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Sən Zahirsən və Səndən uca heç bir şey yoxdur...".
Bu mənada ayə və hədislər çoxdur. Bununla belə Uca Allah bizə xəbər verir ki, harda olurlarsa-olsunlar, O hər zaman bəndələri ilə bərabərdir: "Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir". (əl-Mucədələ, 7).
Uca Allah Ərşin üzərinə istiva etməsi (ucalması) ilə qulları ilə birgə olmasını bir ayədə cəm edərək bildirir: "Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir". (əl-Hədid, 4).
Uca Allahın bizimlə birgə olması Onun Öz məxluqları ilə qarışdığı (və yaxud onların arasında olduğu) mənasına gəlmir; Əksinə, O qulları ilə Öz elmi ilə bərabərdir, yəni onların nə etdiklərindən xəbərdardır. O, Ərşin üstündədir və qullarının etdiklərindən Ona heç bir şey gizli qalmır: "Biz ona şah damarından da yaxınıq". (Qaf, 16) ayəsi barədə təfsir alimlərinin əksəriyyəti bildirmişdirlər ki, bu ayədə nəzərdə tutulan məna insanların əməllərini yazmaqla vəzifələndirilən mələkləri ilə Allahın yaxın olmasıdır. Digər alimlər isə ayədən qəsd olunan mənanın Uca Allahın Öz elmi ilə qullarına yaxın olduğu deyə təfsir etmişdirlər. Necə ki, Uca Allahın qulları ilə bərabər olduğunu Onun Elmi ilə olduğunu söyləmişdirlər. Müsəlmanlar Uca Allahın Öz məxluqlarından Uca və həmçinin Öz qulları ilə bərabər olduğunu təsdiq edirlər, Allahın zatı ilə Öz məxluqları arasında olmaqdan və ya hər yerdə olmaqdan uzaq tuturlar. Bir nəfər: "Ey Əbu Abdullah, Allah Ərşə necə yüksəldi?" İmam Məlik (rahiməhullahu) bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuğu yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini ataraq buyurdu: "Necəliyi ağılla dərk olunmaz. Allahın yüksəlməsi Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm" və bu adamın qovulmasını əmr etdi". (Əbu Nuaym "Hilyətul-Əvliya", 6/ 325,326; İbn Abdul-Bərr "ət-Təmhid",7/151).

Teqlər: 
Paylaş: