Peyğəmbərimiz necə namaz qılardı?

    02.11.2014
Kimdən: 
Mehdi ibn Cəfər
Sual: 
Assalamu Aleykum Va Rahmatullah. Peyğəmbər (sallallahu aleyhi ve elihi ve elihi ve sellem) necə namaz qılardı?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullah. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılmaq istədikdə ayaq üstə, sütrəyə (namaz qılanın başqalarının onun qarşısından keçməməsi üçün önünə qoyduğu hər hansı maneədir) yaxın dayanıb Kəbəyə tərəf yönələrdi. Niyyəti qəlbində edərdi. Çünki, o (salləllahu aleyhi və səlləm), daim belə deyərdi: "Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabını əldə edəcəkdir". Sonra peyğəmbər (salləllahu aleyhi və səlləm) "Allahu Əkbər" deyib namaza başlayardı. Təkbir ilə bərabər əllərini də qaldırardı. Sonra sağ əlini sol əlinin üstünə, sinəsinin üzərinə qoyardı. Sonra gözünü yerə dikərdi. Sonra qiraətini (oxumaq) bir neçə müxtəlif dua ilə başlayardı. Həmin dualarda Uca Allaha həmd-sənalar edər, Onu mədh (tərif) edib, şəninə təriflər deyərdi. Sonra "Əuzu Billəhi Minə-ş-Şeytani-r-Racim" deyib, Uca Allahın rəhmətiylə məhrum olmuş şeytanın şərrindən Allaha sığınardı. Sonra səssiz şəkildə "Bismilləhi-r-Rahmani-r-Rahim" deyərdi və "əl-Fatihə" surəsini oxuyardı. Fatihəni bitirdikdən sonra aşkar və uzun səslə "Əmin" deyərdi. Fatihədən sonra bəzən uzun, bəzən də qısa surələrdən oxuyardı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sübh namazında, məğrib və işa namazlarının ilk iki rükətlərində qiraətini səslə edərdi. Zöhr və əsr namazlarını, məğrib namazının üçüncü, işa namazının isə son iki rükətini səssiz oxuyardı. İstisqa (Yağış namazı), Kusuf, Xusuf (Günəş və Ay tutulanda qılınan namaz) Cümə və iki bayram (Ramazan və Qurban) namazlarında da səslə oxuyardı. Namazın son iki rükətini, ilk iki rükətindən onun yarısı qədər qısa edərdi. Təxminən 15 ayə miqdarında oxuyar, bəzən yalnız Fatihəni oxuyardı. Qiraətini bitirdikdən sonra bir müddət susar, sonra əllərini qaldırıb təkbir edərək rükuya gedər. Rüku zamanı ovuclarını dizlərinə qoyardı. Əl barmaqlarını aralı tutar, onları diz qapaqlarına elə bərkidərdi ki, sanki dizlərindən yapışmışdı. Rüku zamanı dirsəklərini böyürlərindən aralı tutar, belini düz saxlayardı. Əgər belinə su töksəydilər dağılmazdı. O rükuda rahatlaşdıqdan sonra üç dəfə "Subhənə Rabbiyə-l-Azim" deyərdi. Rüku zamanı digər zikr və duaları da oxuyardı. Bəzən birini, bəzən də başqasını oxuyardı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) rüku və səcdədə Quran oxumağı qadağan edərdi. Sonra "Səmiəllahu Limən Həmidəh" deyərək qamətini rükudan qaldırardı. Bu zaman əllərini də qaldırardı. Qamətini tam düzəltdikdən sonra "Rabbənə Va Ləkə-l-Həmd" deyərdi. Bəzən bu duaya bəzi sözləri əlavə də edərdi. Sonra təkbir edib səcdəyə gedərdi. O, səcdəyə gedərkən əllərini dizlərindən öncə yerə qoyardı. Əl barmaqlarını açılmış, bir-birinə sıx şəkildə qibləyə tərəf yönəldər və ovuclarını yerə qoyaraq onun vasitəsi ilə oturub-durardı. Səcdə zamanı əllərini çiyinləri, bəzən də qulaqları səviyyəsində tutardı. Alnını və burnunu tam şəkildə yerə qoyar və belə deyərdi: "Mənə yeddi əza üzərində səcdə etmək əmr olunub. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz və iki ayağın baş tərəfi". Həmçinin o (salləllahu aleyhi və səlləm) deyərdi: "Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz". Peyğəmbər (salləllahu aleyhi və səlləm) səcdədə tam rahatlanar və üç dəfə "Subhənə Rabbiyə-l-A'lə" deyərdi. Bu zaman digər zikr və duaları da oxuyardı. Bəzən birini, bəzən də başqasını oxuyardı. Səcdə zamanı çoxlu dua etməyi əmr edərdi. Sonra peyğəmbər təkbir edib başını səcdədən qaldırar, sol ayağını yerə yatırıb onun üzərində rahat oturardı. Sağ ayağını isə dik tutar ayaq barmaqlarını qibləyə tərəf istiqamətləndirərdi. Bu zaman "Allahummə-ğ-firli, Varhəmni, Vacburni, Varfə'ni, Vahdini, Va afini, Varzuqni" deyərdi. Sonra təkbir edib, birinci səcdəni etdiyi kimi ikinci səcdəni edərdi. Sonra təkbir edib sol ayağı üzərində rahat oturar, bütün oynaqları öz yerini tapana qədər gözləyərdi. Sonra yerə dayaqlanıb ikinci rükətə qalxardı. İkinci rükəti birinci kimi qılardı. Yalnız ikinci rükəti birincidən qısa edərdi. İkinci rükəti bitirdikdən sonra təşəhhüd etmək üçün oturardı. Namaz ikirükətli olduqda, iki səcdə arası oturduğu kimi oturardı. Bu oturuş "iftiraş" adlanır. Üçrükətli və dördrükətli namazların birinci təşəhhüdündə də belə oturardı. Təşəhhüddə oturarkən sağ ovcunu sağ dizinə, sol ovcunu isə sol dizinə qoyardı. Sol əlini düz, sağ əlini isə yumardı. Yalnız sağ əlinin şəhadət barmağını qibləyə tərəf işarə edər və gözünü ona dikərdi. O barmağını tərpədər və dua edərdi. Belə ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) deyib: "Şəhadət barmağı şeytan üçün dəmirdən də pisdir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər iki rükətdən sonra "ət-Təhiyyət" duasını oxuyar, həm birinci həm də digər təşəhhüd zamanı özünə salavat deyərdi. O, ümmətinə belə etməyi əmr edərdi. Həmçinin peyğəmbər (salləllahu aleyhi və səlləm) namazında müxtəlif sözlərlə dua edərdi. Sonra "Əssələmu Aleykum Va Rahmətullah" deyərək, sağ və sol tərəfinə salam verərdi. Bəzən sağ tərəfə salam verərkən "Va Bərakətuhu" sözlərini də əlavə edərdi. Həmçinin baxın: Namazın qılınma qaydası - VİDEO 

Teqlər: 
Paylaş: