Valideyninin qazancı haramdandırsa, övlad ondan istifadə edə bilərmi?

    02.11.2014
Sual: 
SAlam aleykum. Bir insanin valideyninin qazanci haramdirsa ovlad hemin qazancdan istifade ede bilermi? Allah razi olsun
Cavab: 

Aleykum salam. Valideynin qazancı haramdan olan halda övlad həddi-büluğa çatıbsa və işləmək qabiliyyəti varsa, çalışmalıdır ki, çəkinsin və öz qazancından istifadə etsin. Əgər yaşı azdır və ya işləmək qabiliyyəti (imkanı) yoxdursa və valideynlərinin himayəsindədirsə, bu zaman ona günah yazılmır, çünki o buna məcburdur və başqa yolu da yoxdur. Necə ki, Uca Allah haram olan yeməkləri sadalamış, lakin zərurət halında onları yeməyə icazə vermişdir: "O (Allah) sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (naəlac qalıb) (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173).

Övladın özünün qazancı olan halda valideyn ona qazancından verərsə, bu zaman valideynin qazancının bütünlüklə haramdan, yoxsa həm haram, həm də halaldan olmasına baxılır. Birinci halda övlad imkan daxilində onun verdiyini götürməkdən çəkinməlidir, ikinci hal isə birinciyə nisbətən daha yüngül hal sayılır.

Bütün bunlarla yanaşı övlad çalışmalıdır ki, valideynlərini haramdan çəkindirsin və onları gözəl əxlaqla haqqa dəvət etsin: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Həmçinin oxuyun: Ruzinin artması üçün hansı duanı oxumalıyıq və ya nələr etməliyik?

Teqlər: 
Paylaş: