Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?

    04.11.2014
Kimdən: 
Elsever
Sual: 
Salam aleykum. Dunanın ədəbləri barədə bura geniş yaza bilərsinizmi? Birdə duada inşallah demək olar, yoxsa "amin" demək kifayet edir?
Cavab: 

Və aleykum Salam. Duanın ədəblərindən bəziləri aşağıdakılardır. Qeyd edək ki, bu əməllər dua etmək üçün vacib deyil, amma duaların daha tez qəbul olunması üçün səbəblərdir:

  • Dəstəmazlı olmaq. Əbu Musa (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Huneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı". (əl-Buxari, 3960).
  • Qibləyə tərəf yönəlmək. Ömər ibn əl-Xattab (radıyəllahu anhu) demişdir: "Bədr döyüşündə Rəsulullah (salləllahu aleyhi və səlləm) baxıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi". (Muslim, 1760).
  • Duaya başlamazdan əvvəl Allaha həmd-səna, təriflər demək və peyğəmbərə salavat gətirmək. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizlərdən biriniz duaya başladıqda Rəbbinə həmd-səna etsin. Sonra peyğəmbərə salavat gətirib istədiyini diləsin". (Əbu Dəvud, 1483; ət-Tirmizi, 3815). Fədalə ibn Ubeyd (Allah ondan razı olsun) demişdir: "Bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) məsciddə oturarkən bir kişi içəri daxil olub namaz qıldı. O belə dua etdi: "Allahım, məni bağışla və mənə rəhm et!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən tələsdin, ey namaz qılan! Namaz qılıb oturduqda Allaha layiqincə həmd et, mənə salavat de, sonra dua et!" Bundan sonra başqa bir kişi namaz qıldı, Allaha həmd etdi və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Ey namaz qılan, dua et, duan qəbul olunacaq". (ət-Tirmizi, 3476).
  • Allahın adları ilə istəmək. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl Əraf, 180). Daha ətraflı: Allahın adları
  • Tələsməmək. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən biriniz tələsməyib "dua elədim qəbul olmadı" deməzsə duası qəbul olar". (əl-Buxari, 6340; Muslim, 2735).
  • Əlləri qaldırmaq. Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) belə deyir: "Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dua elədi və əllərini elə qaldırdı ki, qollarının altının ağlığı belə görsəndi". (əl-Buxari 7/198). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin Rəbbiniz Həyalı, Kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Əbu Dəvud, 1490; İbn Məcəh, 3998).
  • Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur: "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma". (əl-Əraf, 205).
  • Gizlində dua etmək. Uca Allah buyurur: "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!" (əl-Əraf, 55).
  • Dua etdikdə onu üç dəfə təkrar etmək. Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə nəql edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) dua etdikdə üç dəfə edərdi". (Əbu Dəvud, 1524).
  • Dua etdikdən sonra salavat demək. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) buyurdu: "Dua göy ilə yer ara­sında dayanır. Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) salavat gətirməyə­nə­dək o duadan heç bir şey Allaha yüksəlməz". (ət-Tirmizi, 486).
  • Dua edərkən isə "İnşallah - Allah istəsə" yox "Əmin" demək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç biriniz "Allahım! İstəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et!" deyə dua etməsin. (Dua etdikdə) qəti olaraq istəyin". (əl-Buxari, 6239).

Qeyd edək ki, yuxarıda sadalananlar dua etmək üçün vacib şərtlər deyil, amma duanın qəbul olunmasına səbəblərdəndir. Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: