Quranın qiraətləri haqqında məlumat verə bilərsinizmi?

    08.01.2015
Sual: 
Salam Aleykum... zehmet deyilse quranin qirayetleri haqqinda melumat vererdiz, yeni 10 ve 7 deyiller,bunlar nedir,ferqi nedir? xahis edirem etrafli melumat verin xahis edirem,Allah razi olsun
Cavab: 

Aleykum salam. Qurani Kərimin 10 qiraəti (oxunuş tərzi) var. Bu qiraətlərdən 7-si əsas, 3-ü köməkçidir. Bundan əlavə 4 şazz (qəbul olmayan) qiraət də var ki, bu qiraətlərlə namazda Quran oxuna bilməz. Əvvəlcə Quran 1 qiraət üzrə nazil olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cəbrail (aleyhis-sələm) mənə (Allahın Kitabını) bir qiraətlə oxumağı öyrətdi, lakin mən ondan daha çox (şey) öyrənmək istədim. Nəhayət, o mənə (Quranı) yeddi qiraətlə oxumağı öyrətdi". (əl-Buxari, Muslim)

Bu qiraət formaları 13 səhabədən: Ömər ibn Xattab, Osman ibn Affan, Əli ibn Əbu Talib, Zeyd ibn Səbit, Ubeyy ibn Kə'b, Abdullah ibn Abbas, Abdullah ibn Məs'ud, Abdullah ibn Ayyəş, Abdullah ibn əs-Saib, Əbu Musə əl-Əş'ari, Əbu Dərdə, Əbu Hureyra və Huseyn ibn Alidən (Allah onlardan razı olsun) nəql olunmuşdur. Alimlərə görə qiraətlərdə bəzən müxtəlif, amma eyni mənalı sözlər istifadə olunur.

Ömər ibn əl-Xattab (radıyəllahu anhu) rəvayət edir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağlığında mən Hişam ibn Həkim ibn Hizamın (Allah ondan razı olsun) "əl-Furqan" surəsini oxuduğunu eşitdim və diqqətlə onun oxuduğuna qulaq asmağa başladım. Baxdım ki, o, (bu surəni) başqa-başqa hərflərlə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə oxumadığı bir üslubla (qiraətlə) oxuyur. Mən onu elə namazda ikən yaxalamaq istədim, lakin səbir etdim. Nəhayət, o, salam verib (namazını bitirdikdə) mən onun yaxasından yapışıb soruşdum: "Eşitdiyim bu surəni sənə bu cür oxumağı kim öyrədib?" Dedi: "Bu surəni mənə Peyğəmbər (salləllahu aleyhi və səlləm) öyrədib". Dedim: ("Yalan danışırsan, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu surəni mənə sənin oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”). Sonra mən onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına apardım və dedim: "Mən bunun "əl-Furqan" surəsini başqa hərflərlə və sənin bizə öyrətmədiyin bir üslubla oxuduğunu eşitdim". Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Burax onu! (Sən də) oxu, ey Hişam!" Hişam (bu surəni) ona mənim eşitdiyim qiraətlə oxudu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) : "Bu surə (mənə) bu cür nazil olmuşdur". Sonra o: "(İndi isə) sən oxu, ey Ömər!" deyə buyurdu, mən də (bu surəni) onun mənə öyrətdiyi qiraətlə oxudum. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Bu surə (mənə) bu cür nazil olmuşdur. Həqiqətən, bu Quran yeddi qiraət üzərində nazil olmuşdur. Odur ki, "...Qurandan sizə asan olanı oxuyun...". (əl-Muzzəmmil, 20)". (əl-Buxari, Muslim).

Rəvayət edilir ki, Abdullah ibn Məsudun (Allah ondan razı olsun) tələbələri Əbu Dərdənin (Allah ondan razı olsun) oturduğu yerə (Şama) gəldilər. Əbu Dərdə (Allah ondan razı olsun) onları axtarıb tapdı və onlara: "Hansınız Abdullahın oxuduğu kimi oxuyursunuz?" deyə soruşdu. Onlar: "Hamımız oxuyuruq" dedilər. Əbu Dərdə (radıyəllahu anhu): "Hansınız əzbər bilir?" dedi. Onlar Əlqamə ibn Qeysə (Allah ondan razı olsun) işarə etdilər. Əbu Dərdə (Allah ondan razı olsun): "Sən (Va-l-Leyli İzə Yağşə) surəsini necə oxuduğunu eşitdinmi?" deyə soruşdu. Əlqamə (radıyəllahu anhu): (Va-z-Zəkəri Va-l-Unsə) şəkilində oxuduğunu eşitdim. Əbu Dərdə: "Mən şahidlik edirəm ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu ayəni belə oxuduğunu eşitmişəm. Lakin bu (Şamlılar) mənim: "Və Mə Xaləqaz Zəkərə Vəl Unsə - şəkilində oxumağımı istəyirlər. Vallahi onlara tabe olmuram" dedi. (əl-Buxari, 4944; Muslim 1953, 824/282).

Teqlər: 
Paylaş: