Quran hidayət nurudur!
Uca Allah müqəddəs Quranı nazil etməklə insanlara böyük lütf və mərhəmət göstərmişdir. Quran yaradılmış məxluq deyildir. O, Allahın kəlamı, peyğəmbərliyin şəhadətnaməsi və sonuncu ilahi vəhydir. Quran özündən əvvəlki ilahi kitabları təsdiq etmiş, həmin ilahi kitablarda buyurulan qanunları ləğv etmiş, sonuncu və ən kamil ilahi qanunları bərqərar etmişdir. Uca Allah buyurur: "Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik". (əl-Ənam, 92).
Uca Allah onu Muhəmməd peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Cəbrail adlı mələyin (Allahın ona salamı olsun) vasitəsilə vəhy edərək göndərmişdir. Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: "Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: xəbərdar edən peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)". (əş-Şuəra, 192-194).
Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) səhabələri (radıyəllahu anhum) onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mübarək dilindən eşitdilər, sonra da onu öz hafizələrinə həkk etdilər və onu nazil edildiyi kimi yazdılar. Uca Allah buyurur: "Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" (ən-Nəhl, 89).
Quran - əbədi möcüzə, tükənməz hikmət mənbəyidir.
Quran – Allahın qırılmayan, möhkəm ipi və doğru yoludur.
Quran - nur, hidayət, keçmiş və gələcək haqqında xəbərdir.
Quran – mübahisələrin ən düzgün həlli və həlledici sözdür. Uca Allah buyurur: "Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir!" (ət-Tariq, 13-14).
Kim Quranda olanı söyləyirsə, haqqı söyləyir. Kim Qurana əsasən hökm verirsə, ədalətli davranır. Kim Quranı təbliğ edirsə, doğru yola çağırır. Qurana iman gətirən yaradılmışlara qul olmaqdan azad olaraq öz Rəbbinin quluna çevrilir və yeni həyata qədəm qoyur. Onun qəlbi Uca Allaha ibadət etmək və Onun rizasını qazanmaq üçün dirildilir. Uca Allah buyurur: "Sənə də beləcə əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi doğru yola yönəltmək üçün bir nur etdik. Həqiqətən, Sən onları doğru yola yönəldirsən". (əş-Şura, 52).
Görkəmli İslam alimi Abdur-Rahmən əs-Sə'di (rahiməhullahu) bu ayəni təfsir (şərh) edərkən belə demişdir: "Uca Allah bu kitabı ruh adlandırmışdır. Ruh bədənə həyat verdiyi kimi Quran da insanın qəlbinə və ruhuna həyat verir və onun önünə dünya və axirətin səadət qapılarını açır. Bu ona görə baş verir ki, Quran ayələri çoxlu xeyir-bərəkəti və bol elmi özündə cəm edir. Uca Allahın Kitabı - Rəbbin öz elçisinə və möminlərə olan lütfü və Onun sonsuz mərhəmətinin təzahürüdür. İnsanlar öz əməlləri ilə bu lütfü qazana bilməzdilər, ona görə də Uca Allah öz peyğəmbərinə, onun bundan əvvəl nə bir ilahi kitab, nə də iman haqqında heç bir şey bilmədiyini, nə də ilahi qanunlara tabe olmadığını xatırladır. Bundan əlavə o, yazıb-oxumağı da bilməzdi. Lakin ona elə bir kitab verilmişdir ki, Uca Allah onu nur etmişdir. Bu nur insanlara küfr, bidət (dində olmayan şeylərin dinə salınması) və nəfsi istəklərin zülmətindən çıxış yolu salır, onlara haqqı tapmağa və doğru yola yönəlməyə kömək edir".