Allahın "əl-Avvəl" və "əl-Axir" adlarının mənası

    20.01.2015

əl-Avvəl sözü birinci, əvvəl olan deməkdir. əl-Avvəl olan Allah başlanğıcı olmadığı halda hər şeydən əvvəl olandır. Nə Ondan əvvəl, nə də Onunla yanaşı heç bir şey mövcud olmamışdır. 
əl-Axir sözü isə əl-Avvəl sözünün tam əksidir. əl-Axir sonu olmadığı halda axırıncı, əbədi olandır. əl-Axir hər şey məhv olandan sonra əbədi qalandır. Uca Allah buyurur: “Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rahmən, 26-27).
Allahın əl-Avvəl və əl-Axir adları Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:  
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3).
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – öz dualarında bu adların izahını verərək belə demişdir: «Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çat­ladan, Tövratı, İncili və Furqanı (Quranı) nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şe­yin şərin­dən Sənə sığınıram. Allahım! Sən Əv­vəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axır­san, Səndən sonra heç nə yoxdur. Sən Zahir­sən, Səndən üstün heç nə yoxdur. Sən Batinsən, Səndən daha yaxın heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!» (Muslim 4/2084).

Paylaş: