Allahın "əl-Hə'di" adının mənası

    28.01.2015

əl-Hə’di sözü düzgün, doğru olan deməkdir. əl-Hə’di olan Allah, istədiyini doğru yola yönəldir. Əgər Allah hidayət verməzsə, heç kəs doğru yola gələ bilməz. Uca Allah öz sevimli Peyğəmbərinə belə buyurur:
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (əl-Qasəs, 56).
Həmçinin, Uca Allah Cənnət əhlinin əbədi səadətə qovuşmalarına görə yalnız Allaha minnətdar olaraq həmd-səna etmələrini xəbər verir:
“İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!" (əl-Əraf, 43).
Hər bir insan son nəfəsinə qədər Allahın hidayətinə möhtacdır. Gün ərzində beş dəfə namaz qılan hər bir müsəlman ən azı on yeddi dəfə əl-Fatihə surəsini oxuyaraq Allahdan hidayət diləyir: “Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azmışların yoluna deyil!” (əl-Fatihə, 6-7).
Allahın əl-Hə’di adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər” (əl-Həcc, 54).
 Həmçinin buyurur:
“Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstəricisi (Hə’di) və yardımçı kimi Rəbbin sənə yetər” (əl-Furqan, 31).
əl-Hə’di olan Allah, insanlara xeyir əldə etməyə yönəldən, onlara bilmədiklərini öyrədəndir. O, elm axtarana onu öyrənməyə, ruzi axtarana onu qazanmağa, nicat axtarana da onu tapmağa yönəldir. Uca Allah Qurani-Kərimdə Musa peyğəmbərin Fironun Allah barəsindəki sualına belə cavab verdiyini xəbər verir:
“Firon dedi: "Rəbbiniz kimdir, ey Musa?" Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" (Ta ha, 49-50).
əl-Hə’di olan Allah, insanlara Özünü tanıtdırmağa və haqq yoluna yönəlməyə yardım edir. O, istədiyi bəndəsini doğru yola yönəldərək ona iman nurunu bəxş edir.
 

Paylaş: