Duha (quşluq) namazı nədir və necə qılınır?

    19.02.2015
Sual: 
Salam.bilmek isteyirem ki,qusluq namazi nedir ve nece qilinir?
Cavab: 

Aleykum salam. Quşluq namazı dedikdə duha namazı nəzərdə tutulur. Gündəlik qılınan "Duha" (səhər, gündüzün başlanğıcına deyilir) namazı insanın oynaqlarının sədəqəsidir. Duha namazı iki rükət və daha çox cüt sayda adi qaydada qılınan sün­nət namazıdır. Bu namazın neçə rükət qılınmasında məh­dudiyyət yoxdur.
Ummu Həni (radıyəllahu anhə) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü səkkiz rükət Duha namazı qıldı". (əl-Buxari, 1176; Muslim, 1664; İbn əl-Qeyyim: "Zəədul-Məad", 1/342).
Bu hədisi əsas götürən bəzi alimlər səkkiz rükətdən yuxarı qılmağı məsləhət görməyiblər. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz belə buyurdu: "Hər bi­ri­niz bədən sümüklərinin və oynaq­larının haqqını ödəmə­li­dir. Hər bir təsbih (Subhənəllah), hər bir təhmid (Əlhəmdulilləh), hər bir təhlil (Lə iləhə illəllah), hər bir tək­bir (Allahu Əkbər) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çə­kin­dirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!" (Muslim, 1668).
Əbu Hureyrə (radıyəllahu anhu) rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) üç şeyi mə­nə nəsihət etdi: "Hər ayın üç gününü oruc tutmağı, iki rü­kət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qıl­ma­ğı!" (Muslim, 1669).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) dörd rükət Duha namazı qılar və istədiyi qədər rükətlərin sayını artırardı". (Muslim, 1662).
Duha namazının vaxtı sübh namazının vaxtı çıxandan 10-15 dəqiqə sonra başlayır, zöhr namazının vaxtı girməyə 10-15 dəqiqə qalmış isə bitir.

Teqlər: 
Paylaş: