Cənnətdə heyvanlar olacaqmı, Cənnətin dərəcələri və s. haqqında

    10.03.2015
Sual: 
salam.1dunyada olan canli heyvanlarin taleyi (balacadan boyuye kimi) nece olacaq.cennetde de heyvan olacaqmi(at,qoyun,toyuq ve s.).2.cennetde aile qurmaq mumkun olacaqmi.bu dunyada evlene bilmeyenler orada evlene bilmeyecekler?3.cennetin 7qati oldugu dogrudurmu?
Cavab: 

Aleykum salam.

  1. Dünyadakı heyvanların aqibəti haqqında buradan oxuyun: Heyvanlar üçün cənnət və cəhənnəm varmı?
  2. Cənnətin isə özünə məxsus heyvanları olacaq. Uca Allah buyurur: "Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar)". (əl-Vaqiə, 21). "Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik". (ət-Tur, 22). Ənəs (radıyəllahu anhu) rəvayət edir ki, bir nəfər: "Ey Allahın Rəsulu! Kövsər nədir?". Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "O, Allahın mənə verdiyi Cənnətdə bir çaydır ki, süddən ağ və baldan daha dadlıdır. O, çayda boyunları dəvə boyunları kimi quşlar vardır". Ömər: "Şübhəsiz ki, bunlar bəslənmiş quşlardır" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Onları yeyəcək olanlar onlardan da daha bəslənmişlərdir" - deyə buyurdu. (ət-Tirmizi 2665). Sovban (radıyəllahu anhu) rəvayət edir ki: "Bir gün yəhudi rahiblərindən biri Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib cənnət əhlinin yeməkləri barədə soruşduqda Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu ki, cənnət əhlinin ilk yediyi yemək balinanın qara ciyərinin ən dadlı hissəsi olacaq. Yəhudi bəs sonra nə olacaq dedikdə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm), həmçinin onlar üçün cənnətin müxtəlif guşələrində qidalanan öküzün qurban kəsiləcəyini buyurdu". (əl-Buxari, 3329; Muslim, 315).
  3. Həmçinin dünyadakı heyvan növlərindən bəziləri Cənnətdə də olacaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qoyunların tövləsində namaz qılın. (Yəni, orada namaz qılmaq icazəlidir). Sadəcə onların tozunu (nəcisini, yaxud burun suyunu) təmizləyin. Həqiqətən onlar cənnət heyvanlarındandır". (İbn Məcəh; əl-Beyhəqi, 2/449, İbn Adiyy, 1/276). Əbu Məsud əl-Ənsari (radıyəllahu anhu) rəvayət edir ki: "Bir nəfər başı ip ilə bağlı dəvə ilə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək: "Ya Rəsulullah! Bu dəvə Allah yolundadır" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Bunun müqabilində mükafat olaraq sənin üçün Cənnətdə yeddi yüz, başı iplə bağlı dəvə vardır" deyə buyurdu". (Muslim, 1892; şərh ən-Nəvəvi, 38/13). Bir nəfər Rəsulullahdan soruşdu: "Ya Rəsulullah! Cənnətdə at varmı?". Peyğəmbər (salləllahu aleyhi və səlləm): ​​​​ "Allah səni Cənnətə daxil edərsə orada səni qırmızı yaqutdan bir ata mindirməyini və o atın Cənnətdə səninlə istədiyin yerə uçmasını istədiyin təqdirdə bu arzunu yerinə yetirər" deyə buyurdu. Bir başqa adam: "Ya Rəsulullah! Cənnətdə dəvə varmı? - deyə soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) əvvəlki adama söylədiklərini buna söyləmədi. Lakin: "Əgər Allah səni Cənnətə daxil edərsə orada sənin nəfsinin istədiyi və gözünün xoşladığı hər şey olacaqdır". (ət-Tirmizi: 2543, 2666, Əbu Nuaym: "Sıfətul-Cənnəti", 429). Uca Allah buyurur: "Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız". (əz-Zuxruf, 71).
  4. Dünyada ikən evlənə bilmədən vəfat edən mömin kişi və qadınlar, Cənnətdə evləndiriləcək və orada evlənməmiş kimsə qalmayacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382). Cənazə namazının duasında deyilir ki: "O qadının həyat yoldaşını (cənnətdə) ondan daha xeyirlisi ilə əvəz et!" (Muslim, 963). Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmçinin demişdir: "Hər bir kişiyə (cənnətdə) dünya qadınlarından olan iki zövcə vardır". (əl-Buxari, Muslim). Onlar həmçinin Cənnət huriləri ilə evlənəcəklər. Həmçinin oxuyun: Cənnətdəki hurilər nə üçündür? 
  5. Uca Allah buyurur: "Kim (Onun hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara (cənnətdə) ən yüksək dərəcələr nəsib olar". (Ta Hə, 75); "Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır". (əl-İsra, 21). Cənnətin neçə dərəcəsinin olması dəqiq bilinmir. Ən yüksək dərəcə Firdovsdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahdan istədikdə Firdovs cənnətini istəyin, o, cənnətin ortası və ən yüksək yeridir, onun üzərində ər-Rəhmanın kürsüsü yerləşir və Cənnət çayları ondan başlayır". (əl-Buxari, 2637; Muslim, 2831). Firdovsla yanaşı Quran və Sünnədə Mə'va, Ədn, İlliyyun, Nəim və digər dərəcələrdən bəhs olunmuşdur.
Teqlər: 
Paylaş: