Allah Rəsulunun köləliyə münasibəti necə olub?

    28.02.2015
Kimdən: 
murad
Sual: 
Allah Resulu Sallallahu Aleyhi va sellem ve ya onun ailesinden bir kimse kole saxlayibmi ?
Cavab: 

Salam aleykum. İslama qədərki dövrdə köləlik ən pis formalarda mövcud idi. Buraya müharibə zamanı ələ keçirilən əsirlərin kölələşdirilməsi, insan oğurluğu, azad insanın borcunu ödəyə bilməyərək köləyə çevrilməsi, ehtiyac üzündən kölə olmaq və digər hallar daxil idi. İslam gəldikdə bu halların hamısını qadağan edərək yalnız kafirlərlə müharibə zamanı ələ keçən kafir əsirlərin kölə edilməsinə icazə verdi. Bunun səbəbi isə onların düşmən olması, azad ediləcəkləri halda müsəlmanlara ziyan vura biləcəkləri olmuşdur. Hətta bu halda da onların müəyyən fidyə qarşılığında və ya heç bir qarşılıqsız azad edilməsinə icazə verilmişdir. Uca Allah buyurur: "Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin". (Muhəmməd, 4).
Həmçinin əgər kölə sonradan islamı qəbul edərsə, sahibinin onu azad etməsinin böyük savab olduğu bildirilmişdir.

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) İslama qədərki cahillik dövrünün kölələrinin də azad olunmasının Allahın razılığını qazanmaq və böyük savab olduğunu bildirərək insanları buna təşviq etmişdir. Həmçinin yığılan zəkatın bir hissəsi kölələrin azad olunmasına xərclənmişdir. Uca Allah buyurur: "Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir". (ət-Tovbə, 60).

Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) gəlincə, bəli, onun da kölələri olmuşdur. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sevimlisi Zeyd ibn Həris (Allah ondan razı olsun) ona xidmət etmiş, sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) onu azad edib Ummu Əymənlə (Allah ondan razı olsun) evləndirmişdi. Əsləm, Əbu Rafi, Sovban, Əbu Kəbşə, Suleym, Şurkan və başqaları da ona xidmət etmiş, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) onların bəzilərini azad etmiş, bəziləri isə Allah yolunda şəhid olmuşlar (Allah onlardan razı olsun).

Göründüyü kimi, kafirlərin bu cür məlumatları gizlədərək İslamın guya köləliyi təşviq edən din olması barədə ittihamları tamamilə yalandır. Əslində isə İslamdan qeyri dinlərdə köləliyin pis formaları təşviq olunmuşdur, bu, özü boğaza qədər günah içində olub başqalarında günah axtaranların məsəlinə bənzəyir.

Teqlər: 
Paylaş: