Hicab bağlamağa hələ hazır deyiləm

    12.01.2014
Sual: 
Salam aleykum. Menim 22 yashim var ve aileliyem. Namaz qilib hicab baglamaq isteyirem. Amma buna hele hazir deyirem. Men ne edim?
Cavab: 

İslamda hicab taxmaq Uca Allahın əmridir. Hər bir mömin qadına hicab geyinmək vacibdir. Heç bir zəruri səbəb olmadan hicabı tərk edən qadın günahkardır və buna görə Allah qatında cavab verəcəkdir. Uca Allah istəsə həmin şəxsi bağışlayar, istəsə də cəzalandırar. Hicab da namaz kimi Allah Təalanın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə: Bəli, biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yad bir mühitdə də həyatını davam etdirən bir qadın üçün İslama uyğun örtünmə birdən birə başlaması çox çətindir. Ancaq bunun yanında bir müsəlman qadın həmişə bu halında dini bir vacib ayini yerinə yetirmədiyinin şüurunda olmalı, hər gün, hər saat özünü bu ağır günahdan necə qurtarmanın yolunu axtarmalıdır. Yəni, necə baş örtüsünə, islami örtünməni öz həyatında tətbiq etməyin yollarını düşünməlidir. Bu həm daxili aləmini (yəni qəlbini), həm də xarici şərtləri (ev, ailə, iş və. s) bu mübarək əmələ əlverişli hala gətirmək yönündə olmalıdır. O (başı açıq müsəlman qadın) bilməlidir ki, naməhrəm yanında hicabsız keçirdiyi hər an, hər saniyə onun əleyhinədir və buna görə Uca Allahın yanında cavab verəcəkdir. Bir də bir şeyi unutmamalıyıq ki, dinin hökmlərini heç zaman istəklərimizə, qəlbimizə görə dəyişməmək, istəklərimizi və qəlbimizi dinə görə dəyişməliyik. Yəni dini istəklərimizə deyil, istəklərimizi dinə uyğunlaşdırmalıyıq. Həqiqətən də hicab mömin qadının zinətidir. Allahın Kitabı mömin qadınların hicabını eyni zamanda onların azadlığının, hürr qadın olmasının bir rəmzi kimi təqdim etməkdədir: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki,  örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Əhzab, 59).
Həmçinin, Uca Allah hicabı nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində də belə buyurur: "Mömün qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri gorünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını yerə və ya bir-birinə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).
Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) fəcr namazını (sübh namazı) qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı". (əl-Buxari, 578; Muslim, 1456).
Ummu Atiyyə (Əsl adı: Nuseybətu bint Kəb əl Ənsariyyə) (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) bakirə qızların, heyzli (qadının ay xəstəliyi) qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın Elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" O dedi: "Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!" (əl-Buxari, 980; Muslim, 2053).

Teqlər: 
Paylaş: