Allahın "ən-Nəsir" adının mənası

    06.03.2015

ən-Nəsir sözü kömək edən, yardım edən deməkdir. Allahın ən-Nəsir adı Qurani-Kərimdə dörd dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!” (ən-Nisə, 45).
Həmçinin buyurur: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız. Allahın yolunda lazımınca səy göstərin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır (ən-Nəsir)!” (əl-Həcc, 78).
ən-Nəsir olan Allah, düşmənə qalib gəlməyə yardım edəndir. O, qələbəni asanlaşdırır və Öz mömin bəndələrini heç vaxt köməksiz qoymur. O, möminlərə yardım etməyi Özünə vacib edərək buyurur: "Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi" (ər-Rum, 47).
Həmçinin, Uca Allah, İslam dininə kömək göstərənlərə Öz köməyini və dindəki sabitqədəmliyi vəd edərək belə buyurur: "Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər” (Muhəmməd, 7).

Paylaş: