Namaz

    10.03.2015

Fərz buyurulan namazlar beşdir: Zöhr, Əsr, Məğrib, İşa və Sübh.
Ənəs ibn Malik (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) İsraya gedərkən namaz ona əlli rükət fərz buyurulmuşdu. Sonra azaldılıb beş edildi. Sonra nida gəldi ki, “Ey Məhəmməd, Mənim sözüm dəyişən deyil. Bu beş namaza görə sənə əlli namazın savabını verirəm»[1].
Talha ibn Ubeydullah (A.R.O.) deyir ki, saçı pırtlaşıq olan bir nəfər bədəvi Peyğəmbərin (S.A.V.) yanına gəldi və dedi: Ey Allahın elçisi, Allahın mənə fərz buyurduğu namazları mənə de! Peyğəmbər (S.A.V.) dedi: «(fərz buyurulan) Beş vaxt namazdır. Amma özün istəsən əlavə nafilə namazları qıla bilərsən»[2].
 
Namazın dindəki məqamı:
Abdullah İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[3].
 
Namazı tərk edənin hökmü:
Müsəlmanların yekdil rəyinə əsasən namazın vacibliyini inkar edən şəxs küfr edir və İslamdan çıxır. Namazın vacibliyini təsdiq edib, onu tərk edənin hökmü haqqında fikir ayrılı mövcuddur. Bu ixtilafa səbəb, Peyğəmbərdən (S.A.V.) rəvayət olunan hədislərdə, namazı inkar edib tərk edənlə, tənbəllik üzündən tərk edən arasında açıq-aşkar fərq qoyulmadan namazı tərk edənin küfr etməklə vəsf edilməsidir.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bir kimsənin, şirkə və küfrə düşməsi arasında, namazı tərk etmək dayanır»[4].
Əbu Bureydə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Bizimlə onlar arasında fərq namazdadır. Kim onu tərk edərsə küfr edər»[5].
Lakin alimlərin bu iki rəyinin ən üstünü, hədislərdə deyilən küfrün, insanı İslamdan çıxarmayan kiçik küfr olmasıdır. Bu və digər hədisləri cəm edərək belə qənaətə gəlinir. Həmin hədislərdən aşağadakıları demək olar.
Ubadə ibn əs-Samit (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar»[6].
Peyğəmbərin (S.A.V.) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...»[7]
Əbu Hureyrə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Qiyamət günü müsəlman bəndənin haqq-hesab olunacağı əməl, fərz namazlardır. Əgər namazları yerində olsa heç, olmasa deyiləcəkdir ki, baxın görün nafilə əməlləri varmı? Əgər onun nafilə əməlləri olsa, fərz namazları nafilələrlə tamamlanacaqdır. Sonra bütün fərz əməllərlə belə ediləcəkdir»[8].
Huzeyfə ibn əl-Yəmən (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Paltarın rəngi solduğu kimi, İslam da elə zəifləyəcəkdir. Hətta, orucun, namazın, həccin və sədəqənin nə olduğu bilinməyəcəkdir. Allahın kitabı bir gecədə yoxa çıxacaq, yer üzündə ondan bir ayə də qalmayacaqdır. Yalnız bir qrup qoca kişi və qadınlar qalacaqlar. Onlar deyəcəklər: Biz atalarımızın bu kəlməni: “lə iləhə illəllah” - dediklərini eşitmişik və biz də onu deyirik». Silə (adlı rəvayətçi) ona (Huzeyfəyə) dedi: Onlar namazın, orucun, həccin, sədəqənin nə olduğunu bilmədikləri halda, lə iləhə illəllah kəlməsi onlara nə fayda verəcəkdir? Huzeyfə ona cavab vermədi. Silə sualını üç dəfə təkrar etdi. Huzeyfə isə ona cavab vermir, yayınırdı. Üçüncü dəfə soruşduqda Huzeyfə üzünü Siləyə çevirib üç dəfə: «Ey Silə, onları oddan xilas edəcəkdir» - dedi[9].
 
Namaz kimə vacibdir?
Namaz, hər bir həddi-büluğa çatan, ağılı başında olan müsəlmana vacibdir.
Əli (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Yatan oyanana qədər, uşaq həddi büluğa çatana qədər, dəli ağıllanana qədər»[10].
Uşağa namaz vacib olmasa da, böyüyü ona namazı əmr etməlidir ki, öyrəşsin.
Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Övladlarınızın yeddi yaşı olanda, onlara namaz qılmağı əmr edin...»[11].
 
Namazların vaxtları:
Cabir ibn Abdullah deyir ki, «Cəbrail Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də günəş zenit xəttini keçdikdə (səmanın ortasından günbatana meyl etdikdə) zöhr namazını qıldı. Sonra Əsr namazında yenə gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı. Sonra Məğrib namazında gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də günəş batanda Məğribi qıldı. Sonra İşa namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) İşanı şəfəq itəndə qıldı. Sonra Sübh namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də dan yeri söküləndə Sübhü qıldı.
Sonra səhərisi gün Zöhr vaxtında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi özü boyda olanda Zöhrü qıldı. Sonra Əsr namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) hər şeyin kölgəsi iki özü mislində olanda Əsri qıldı. Sonra Məğrib namazında gəldi və vaxtı dəyişmədən, dünənki vaxtda namazı qıldırdı. Sonra gecənin yarısı, yaxud üçdə biri keçdikdən sonra İşa namazında gəldi və Peyğəmbər (s.a.v.) İşa namazını qıldı. Sonra hava işıqlaşdıqda dedi: Dur namazı qıl! Peyğəmbər (s.a.v.) də Sübh namazını qıldı. Sonra Cəbrail dedi: Bu iki vaxtın arasında bir vaxt[12] da mövcuddur»[13].
Tirmizi deyir ki, Məhəmməd ibn İsmail əl-Buxari demişdir ki, namazların vaxtları haqqında rəvayət olunan ən səhih hədis Cabirin hədisidir.

  1. Zöhr: Vaxtı, günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir.
  2. Əsr: Vaxtı, hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir.
  3. Məğrib: Vaxtı, günəş batandan şəfəq itənə qədər davam edir. Peyğəmbər (S.A.V.) demişdir ki, «Məğribin vaxtı şəfəq itənə qədərdir»[14].
  4. İşa: Vaxtı, şəfəq itəndən gecə yarısına qədər davam edir. Peyğəmbər (S.A.V.) demişdir: «İşa namazının vaxtı gecənin yarısına qədərdir»[15].
  5. Sübh: Vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxana qədər. Peyğəmbər (S.A.V.) demişdir: «Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxana qədərdir»[16].

 
Orta namaz hansı namazdır?
Uca Allah buyurur: «(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)»[17].

Əli (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Əhzab günü (Xəndək döyüşündə) belə demişdir: «Onlar bizi orta namazdan, əsr namazından yayındırıblar. Allah da onların evlərini və qəbirlərini odla doldursun»[18].
 
Qeyri isti hava şəraitində Zöhr namazını əvvəl vaxtında qılmaq daha yaxşıdır:
Cabir ibn Səmurə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) zöhr namazını günəş zenit xəttini keçdikdə qılardı»[19].
 
Şiddətli isti olduqda zöhr namazını gecikdirmək yaxşıdır:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İsti şiddətləndikdə namazı sərin vaxta saxlayın. Həqiqətən şiddətli isti cəhənnəmin püskürtüsündəndir»[20].
 
Əsr namazını tezləşdirmək müstəhəbdir:
Ənəs (A.R.O.) deyir ki, «Günəş yüksəkdə olanda, Peyğəmbər (S.A.V.) əsr namazını qılardı. Bundan sonra kimsə Əvaliyə[21] gedib-gələr, günəş isə hələ də yüksəkdə olardı»[22].
 
Əsr namazını öz vaxtında qılmayanın günahı:
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əsr namazını gecikdirən insan, öz ailəsini və malını itirmiş kimidir»[23].
Bureydə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim Əsr namazını tərk edərsə əməli puç olar»[24].
 
Əsr namazını, üfüq saralana qədər gecikdirənin günahı:
Ənəs (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Bu münafiq namazıdır. Oturub günəşi izləyir. Günəş şeytanın buynuzları arasında olarkən durub tez-tələsik, Allahı çox az zikr edərək dörd rükət qılır»[25].
 
Məğrib namazını tezləşdirməyin yaxşı, gecikdirməyin isə pis hal olması:
Uqbə ibn Amir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ümmətim Məğrib namazını ulduzlar görsənən vaxta qədər gecikdirməsələr, xeyir içərisində, yaxud fitrət üzərində olarlar»[26].
Sələmə ibn əl-Əkva (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Məğrib namazını günəş batıb gözdən itəndən sonra qılardı»[27].
 
Məşəqqət yoxdursa, İşa namazını gecikdirmək yaxşıdır:
Aişə (A.R.O.) deyir ki, «bir gecə Peyğəmbər (S.A.V.) İşa namazını gecənin əksər hissəsi gedənə qədər gecikdirdi. Hətta məscid əhli də yatmışdılar. Sonra çıxıb namazı qıldı və dedi: Əgər ümmətimə çətinlik yaratmasaydım, İşanın vaxtı budur – deyərdim»[28].
 
İşadan qabaq yatmaq, sonra isə gərək olmadan danışmaq bəyənilmir:
Əbu Bərzə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı»[29].
Ənəs (A.R.O.) deyir ki, «bir gecə Peyğəmbəri (S.A.V.) gözləyirdik. Gecə yarı olmağa az qalmışdı. O gəldi, bizə namazı qıldırdı və sonra vəz etdi və dedi: İnsanlar namaz qılıb yatıblar. Amma siz isə namazı gözlədiyiniz vaxtda da namazda sayılırsınız»[30].
 
Sübh namazını əvvəl vaxtında (ala-qaranlıqda) qılmaq yaxşıdır:
Aişə (A.R.O.) deyir ki, «biz mömin xanımlar paltarımıza bürtünüb sübh namazını Peyğəmbərlə (s.a.v.) qılır, namazdan sonra evlərimizə dağılırdıq. Hava qaranlıq olduğundan heç kəs onları tanımırdı»[31].
 
Hansı halda namazın vaxtına yetişilir?
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır. Kim günəş batmadan öncə Əsr namazının bir rükətini qılarsa, Əsr namazına çatmışdır»[32].
Bu hökm təkcə Sübh və Əsr namazlarına xas deyil, bütün namazlara aiddir.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim (namazın vaxtı çıxmadan öncə) namazdan bir rükətə yetişərsə, namaza çatmış sayılır»[33].
 
Yaddan çıxıb qılınmayan namazların qəzası:
Ənəs (A.R.O.) deyir ki, Allahın Peyğəmbəri (S.A.V.) belə demişdir: «Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır»[34].
 
Namazın vaxtı çıxana qədər qəsdən namazı tərk edən kimsə onun qəzasını qılmalıdırmı?
İbn Həzm (Allah ona rəhmət etsin) əl-Muhəllə kitabında (2/ 235) deyir:
«Uca Allah hər bir fərz namaz üçün iki tərəfdən məhdud vaxt təyin etmişdir. Namazın vaxtı müəyyən anda başlayır, müəyyən anda bitir. Namazı vaxtından əvvəl qılanla, vaxtından sonra qılan arasında fərq yoxdur. Çünki hər iki halda namaz vaxtsız qılınmışdır. Həmçinin namazın qəzası da şəriətin əmridir. Şəriət isə yalnız Peyğəmbərin, Uca Allahdan bizə çatdırdığı əmr əsasında olur. Əgər bilərəkdən namazı qəzaya buraxan kimsənin qəza etməsi vacib olsaydı, Uca Allah və Peyğəmbəri bundan qafil olmaz və unutmazdılar. Həmçinin bu haqda bizə xəbər verməyi qəsdən tərk etməzdilər. Uca Allah buyurur: «...Rəbbin (Öz bəndələrini) unudan deyildir...»[35] Quran və sünnə ilə buyurulmayan hər bir şəriət batildir».
 
Namaz qılmaq qadağan olunan vaxtlar:
Uqbə ibn Amir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər»[36].
Peyğəmbər (S.A.V.) bu vaxt namaz qılmaq haqqında olan qadağanın səbəbini Amr ibn Əbəsəyə (A.R.O.) dediyi bu sözlərlə açıqlamışdır. «Sübh namazını qıl, sonra günəş çıxıb yüksələnə qədər namaz qılma. Çünki günəş çıxarkən şeytanın buynuzları arasından çıxır və kafirlər ona səcdə edirlər. Sonra kölgə düz dayanana (yəni, yalnız şimala meyl edənə)[37] qədər namaz qıl. Həqiqətən (mələklər) namaza gəlir və tamaşa edirlər. Sonra namazı dayandır. Çünki bu vaxt cəhənnəm alovlanır. Kölhə (şərqə) meyl etdikdən sonra Əsr namazını qılana qədər namaz qıl. Həqiqətən (mələklər) namaza gəlir və tamaşa edirlər. Sonra günəş batana qədər namaz qılma. Həqiqətən günəş şeytanın buynuzları arasında batır və bu zaman kafirlər ona səcdə edirlər»[38].
 
Bu qadağadan bir zaman və bir məkan istisnadır:
İstisna olunan zaman, cümə günü günortaüstüdür. Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, yağlanar (gözəl görsənmək üçün saçına xüsusi yağ sürtər), evində olan ətirlə ətirlənər, sonra (evindən) çıxıb (məscidə gedər), iki nəfəri ayırmaz (yəni, ön tərəfə keçmək üçün camaatın arasından keçməz), lazım olan qədər namaz qılar. Sonra imam xütbə verdiyi zaman susarsa, olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar»[39].
Peyğəmbər (S.A.V.) cümə günü imam xütbəyə başlayana qədər cümə namazından öncə namaz qılmağa təşviq etmişdir. Buna görə bir çox sələflər, məsələn, Ömər ibn əl-Xəttab, Ondan sonra İmam Əhməd ibn Hənbəl demişlər ki, imamın minbərə çıxması artıq namaz qılmağın qadağan olunması deməkdir. İmamın xütbəyə başlaması isə danışmağın qadağan olması deməkdir. Demək onlar bu zamanda namaz qılmamağın səbəbi olaraq vaxtın günorta olmasını deyil, imamın minbərə çıxmasını əsas gətirmişlər.
İstisna olunan məkan, Kəbə evidir. Allah bu evin şərəf və əzəmətini ucaltsın. Əvvəldə deyilən vaxtların heç biri bu evdə namaz qılmağı qadağan etmir. Çünki Peyğəmbər (S.A.V.) demişdir:
«Ey Əbdü Mənaf oğulları, günün istənilən vaxtında bu evi təvaf etmək və namaz qılmaq istəyənləri, bu işdən qadağan etməyin»[40].
Bu vaxtlarda qadağan olunan namazlar, heç bir səbəbi olmayan nafilə namazlardır. Amma bu vaxtlarda ötürülən fərz və ya nafilə namazların qəzasını qılmaq olar. Belə ki, Peyğəmbər demişdir: «Kim bir namazı unudarsa yadına düşən kimi onu qılsın. Bu əməlin bundan başqa kəffarəsi yoxdur»[41].
Həmçinin günün istənilən vaxtında dəstəmaz alandan sonra namaz qılmaq olar. Demək Əbu Hureyrə deyir ki, Peyğəmbər sübh namazından öncə Bilala deyir: «Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm.»
Bilal dedi: «Mənim könüllü etdyim əməl budur ki, mən, istər gecə, istərsə də gündüz vaxtı hər dəfə dəstəmaz alanda mənim taleyimə yazılan sayda namaz qılıram»[42].
Həmçinin bu vaxtlarda məscidə daxil olduqda salam namazı qılmaq olar. Çünki Peyğəmbər (S.A.V.) belə demişdir: «Biriniz məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın»[43].
 
Sübh vaxtı daxil olduqdan sonra, sübh namazından öncə nafilə namaz qılmağın qadağan olunması:
İbn Ömərin köləsi Yəsar deyir ki, mən sübh vaxtı daxil olandan sonra namaz qıldıqda İbn Ömər məni gördü və dedi: Ey Yəsar, biz (sənin qıldığın) bu namazı qıldığımız zaman Peyğəmbər (S.A.V.) bizi gördü və dedi: «Burada olanlar olmayanlara çatdırsınlar. Sübh vaxtı daxil olduqdan sonra iki rükətdən (sübh namazının sünnəsindən) artıq namaz qılmayın»[44].
 
Namaz üçün iqamə verildikdə nafilə namaz qılmağın qadağan olunması:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Namaz üçün iqamə verildikdə fərz namazından başqa namaz qılınmaz»[45].
 
Namaz qılmaq qadağan olunan məkanlar:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mən altı şeylə Peyğəmbərlərdən üstün edilmişəm: Mənə mənası geniş olan sözlər bəxş edilmişdir. Mənə (düşmənin qəlbinə) qorxu salınmaqla kömək verilmişdir. Qənimət mənə halal edilmişdir. Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir. Mən bütün insanlara (Peyğəmbər olaraq) göndərilmişəm. Mənimlə Peyğəmbərliyə xitam verilmişir»[46].
Yer üzü bütünlüklə səcdəgah sayılır. Yalnız aşağıdakı hədislərdə deyiləcək hallar istisna olunur.
Cundub ibn Abdullah əl-Bəcəli deyir ki, mən, Peyğəmbər (S.A.V.) vəfat etmədən beş gün öncə, onun belə dediyini eşitdim: «Həqiqətən sizdən öncəkilər öz Peyğəmbərlərinin və əməlisaleh insanların qəbirlərini özlərinə səcdəgan edirdilər. Siz isə qəbirləri səcdəgah etməyin. Mən sizi bu işdən çəkindirirəm»[47].
Əbu Səid əl-Xudri Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hamam və qəbiristanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır»[48].
Bəra ibn Azib deyir ki, Peyğəmbərdən (S.A.V.) dəvə tövləsində namaz qılmaq haqqında soruşdular. O, belə cavab verdi: «Dəvə tövləsində namaz qılmayın. Həqiqətən onlar şeytandandırlar». Sonra qoyun tövləsində namaz qılmaq haqqında soruşuldular. Cavabı isə belə oldu: «Orada namaz qılın. Həqiqətən qoyun bərəkətdir»[49].

 
[1] Tirmizi: 1/ 137/ № 213. O, bu hədisi mətndəki kimi müxtəsər rəvayət etmişdir. Hədisin tam variantını isə; Buxari: 7/ 201/ № 3887. Müslim: 1/ 145/ № 259. Nəsai: 1/ 217.
[2] Buxari: 1/ 106/ № 46. Müslim: 1/ 40/ № 11. Əbu Davud: 2/ 53/ № 387. Nəsai: 4/ 121.
[3] Buxari: 1/ 49/ № 8. Müslim: 1/ 45/ № 16. Tirmizi: 4/ 119/ №2736. Nəsai: 8/ 107. Hədisin bu tərtibatı Müslimə məxsusdur.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2848. Müslim: 1/ 88/ № 82. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 12/ 436/ № 4653. Tirmizi: 4/ 125/ № 2751. İbn Macə: 1/ 342/ № 1078.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 884. İbn Macə: 1/ 342/ № 1079. Nəsai: 1/ 231. Tirmizi: 4/ 125/ № 2756.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1150. Malik: 90/ 266. Əhməd: 2/ 234/ № 82. Əbu Davud: 2/ 93/ № 421. İbn Macə: 1/ 449/ № 1401. Nəsai: 1/ 230.
[7] ən-Nisa: 48.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1172. İbn Macə: 1/ 458/ № 1425. Mətndə onun rəvayəti verilmişdir. Tirmizi: 1/ 258/ № 411. Nəsai: 1/ 232.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 3273. İbn Macə: 2/ 1344/ № 4049.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3513. Əbu Davud: 12/ 78/ № 4380.
[11] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: № 5868. Əbu Davud: 2/ 162/ № 491. Rəvayətin bu mətni onundur. Əhməd: 2/ 237/ № 84. Hakim: 1/ 197.
[12] Yəni, hədisdən anlaşılır ki, hər bir namazın əvvəl, orta və son vaxtı mövcuddur. Yalnız məğrib namazı istisnadır. Bu namazın bir vaxtı var. (tərc.)
[13] Hədis səhihdir. əl-İrva: № 250. Əhməd: 2/ 241/ № 90. Nəsai: 1/ 263. Tirmizi: 1/ 101/ № 150. Bu məna ilə.
[14] Hədis həsəndir. əl-İrva: 1/ 268. Müslim: 1/ 427/ № 612. Rəvayətin bu mətni onundur. Əbu Davud: 2/ 67/ № 392. Nəsai: 1/ 260.
[15] Ötən məsdər.
[16] Ötən məsdər.
[17] əl-Bəqərə: 187.
[18] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 217. Müslim: 1/ 437/ № 627.
[19] Hədis səhihdir. əl-İrva: № 217. Müslim: 1/ 432/ № 618.
[20] Buxari: 2/ 15/ № 533. Müslim: 1/ 430/ № 615. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 2/ 75/ № 398. Tirmizi: 1/ 105/ № 157. Nəsai: 1/ 248. İbn Macə: 1/ 222/ № 677.
[21] Mədinə şəhəri yaxınlığında yer adıdır. (tərc.)
[22] Buxari: 2/ 28/ № 550. Müslim: 1/ 433/ № 621. Əbu Davud: 2/ 77/ № 400. Nəsai: 1/ 252. İbn Macə: 1/ 223/ № 682.
[23] Buxari: 2/ 30/ № 552. Müslim: 1/ 435/ № 626. Əbu Davud: 2/ 84/ № 410. Tirmizi: 1/ 113/ № 175. Nəsai: 1/ 238.
[24] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 497. Buxari: 2/ 31/ № 553. Nəsai: 1/ 236.
[25] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 399. Müslim: 21/ 434/ № 622. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 2/ 83/ № 409. Tirmizi: 1/ 107/ № 160. Nəsai: 1/ 254.
[26] Hədis həsən səhihdir. Səhih Sünən Əbu Davud: № 403. Əbu Davud: 2/ 87/ № 414.
[27] Müslim: 1/ 441/ № 636. Tirmizi: 1/ 108/ № 164. Buxari: 2/ 41/ № 561.  Onun rəvayətində «günəş batanda» - sözləri yoxdur.
[28] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 223. Müslim: 1/ 442/ № 638.
[29] Buxari: 2/ 49/ № 568. Müslim: 1/ 447/ № 647. Əbu Davud: 2/ 69/ № 394. Nəsai: 1/ 246.
[30] Buxari: 2/ 73/ № 600. Mətndə onun rəvayəti verilmişdir. Müslim: 1/ 443/ № 640. Nəsai: 1/ 268.
[31] Buxari: 1/ 54/ № 578. Müslim: 1/ 445/ № 645. Əbu Davud: 2/ 91/ № 419. Nəsai: 1/ 271. Tirmizi: 1/ 103\ № 153. İbn Macə: 1/ 220/ № 669.
[32] Buxari: 1/ 56/ № 579. Müslim: 1/ 424/ № 608. Nəsai: 1/ 273.
[33] Buxari: 1/ 57/ № 580. Müslim: 1/ 423/ № 607. Əbu Davud: 3/ 471/ № 1108. Tirmizi: 2/ 19/ № 523. Nəsai: 1/ 274.
[34] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 229. Müslim: 1/ 477/ № 684.
[35] Məryəm: 64.
[36] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1233. Müslim: 1/ 568/ № 831. Əbu Davud: 8/ 481/ № 3176. Tirmizi: 2/ 247/ № 1035. Nəsai: 1/ 275. İbn Macə: 1/ 486/ № 1519.
[37] Günəş səmanın tam ortasına gəldikdə kölgə istər-istəməz yalnız şimala meyl edir. Sonra Zenit xəttini keçdikdə isə şərqə doğru meyl edir. (tərc.)
[38] Hədis səhihdir. əl-Mişkat: № 1024. Müslim: 1/ 570/ № 832.
[39] Hədis səhihdir. ət-Tərğib: № 689. Buxari: 2/ 370/ № 883.
[40] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1036. İbn Macə: 1/ 398/ № 1254. Tirmizi: 2/ 178/ № 869. Nəsai: 5/ 223.
[41] Buxari: 2/ 70/ № 597. Müslim: 1/ 477/ № 684. Əbu Davud: 2/ 113/ № 438. Hədisi, «...Bu əməlin bundan başqa kəffarəsi yoxdur » - cümləsi olmadan rəvayət edən alimlər isə bunlardır: Nəsai: 1/ 293. Tirmizi: 1/ 114/ № 187. İbn Macə: 1/ 227/ № 696.
[42] Buxari: 3/ 34/ 1149. Müslim: 4/ 1910/ 2458.
[43] Buxari: 3/ 48/ № 1163. Müslim: 1/ 495/ № 714. Əbu Davud: 2/ 133/ № 463. Tirmizi: 1/ 198/ № 315. İbn Macə: 1/ 324/ № 1013. Nəsai: 2/ 53.
[44] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5353. Əbu Davud: 4/ 158/ № 1264. Tirmizi hədisi müxtəsər rəvayət etmişdir. Rəvayətdə deyilir: « Sübh vaxtı daxil olduqdan sonra iki rükətdən (sübh namazının sünnəsindən) artıq namaz yoxdur». 1/ 262/ № 417.
[45] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 945. Müslim: 1/ 493/ № 710. Tirmizi: 1/ 264/ № 419. Əbu Davud: 4/ 142/ № 1252. Nəsai: 2/ 116. İbn Macə: 1/ 364/ № 1151.
[46] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 257. Müslim: 1/ 371/ № 523.
[47] Hədis səhihdir. əl-İrva: № 286. Müslim: 1/ 377/ № 532.
[48] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 606. Əbu Davud: 2/ 158/ № 488. İbn Macə: 1/ 246/ № 745. Tirmizi: 1/ 199/ № 316.
[49] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7351. Əbu Davud: 2/ 159/ № 479.