Azan

    10.03.2015

Azanın hökmü:
Azan, namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir[1]. Onun hökmü vacibdir.
Malik ibn əl-Huveyris Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Namaz vaxtı yetişdikdə biriniz azan versin, böyüyünüz isə namazda sizə imamlıq etsin»[2]. Peyğəmbərin (S.A.V.) azan verməyi əmr etmişdir. Məlum məsələdir ki, əmr olunan əməl, onun vacib olmasına dəlalət edir.
Ənəs deyir ki, Peyğəmbər (S.A.V.) bizimlə bərabər döyüşə gedərkən səhər açılana qədər hücum etməz, gözləyərdi. Əgər azan səsi eşitsəydi onlara toxunmazdı. Azan səsi eşitmədikdə isə onlara hücum çəkərdi[3].
 
Azanın fəziləti:

Müaviyə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar»[4].
Əbdürrəhman ibn Abdullah ibn Əbdürrəhman ibn Əbu Sasaə əl-Ənsari sonra əl-Mazini atasının ona belə dediyini deyir: Əbu Səid əl-Xudri mənə belə deyib: «Mən görürəm ki, sən qoyun otarmağı və vadidə yaşamağı çox sevirsən. Qoyun otararkən, yaxud vadidə olarkən azan verdikdə, onu uca səslə oxu. Həqiqətən müəzzinin səsini eşidən cin, insan və hər şey qiyamət günün onun bu əməlinə şahidlik edəcəklər». Əbu Səid əl-Xudri bunu Peyğəmbərdən eşitdiyini demişdir»[5].
 
Azanın necəliyi:
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir ki, Peyğəmbər (S.A.V.) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün Peyğəmbər (S.A.V.) bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində yaşıl iki ədəd yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu neynirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracayıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə, de. O dedi: Bax belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Həyyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Sonra bir az aralandı və dedi: Namaza durduqda isə belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Qədiqamətis salət. Qədiqamətis salət. 
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir: Səhər açılanda Peyğəmbərin (S.A.V.) yanına gəldim və gördüklərimi ona danışdım. O, isə dedi: «Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı, Əbu Bəkrin köləsi Bilal oxuyurdu»[6].
 
Müəzzinin iki təkbiri (Allahu əkbər sözlərini) bir nəfəsə verməsinin müstəhəb olması:
Ömər ibn əl-Xəttab Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə,[7] ...»[8]. Hədisdə açıq-aşkar göstərilir ki, müəzzin iki təkbiri bir nəfəslə deyir, onu eşidən də eyni şəkildə təkrar edir[9].
 
Azan oxuyarkən kəlmeyi şəhadəti uca səslə dedikdən sonra, yenidən sakit səslə təkrar etmək müstəhəbdir[10].
Əbu Məhzura deyir ki, Allahın Peyğəmbəri (S.A.V.) ona bu azanı öyrətmişdir: «Allahu əkbər, Allahu əkbər. Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra yenidən (özü sakit səslə) Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra iki dəfə həyyə aləs salət, iki dəfə də həyyə aləl fələh. Sonra Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[11].
 
Sübhün birinci azanında “əs-Salətu xəyrun minən novm” sözlərini əlavə etmək müstəhəbdir.
Əbu Məhzura deyir ki, Peyğəmbər (S.A.V.) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: «Həyyə aləl fələh, həyyə aləl fələh. Sonra sübhün ilk azanında, əssalətu xəyrun minən novm, əssalətu xəyrun minən novm. Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[12].
Əmir əs-Sənani, “Subulus Səlam” adlı kitabında (1/ 120), İbn Rəslanın belə dediyini qeyd edir:
 “Əs-salətu xəyrun minən novm” sözləri, yalnız sübh namazının birinci azanında deyilir. Çünki birinci azan yatanı namaza oyatmaq üçündür. İkinci azan isə namazın vaxtının daxil olmasını bildirmək və namaza çağırmaq üçündür”.
 
Azanı ilk vaxtda vermək müstəhəbdir. Ələlxüsus sübh namazında azanı namazın vaxtı girməmiş vermək müstəhəbdir[13].
Cabir ibn Səmurə deyir: «Bilal, gün zenit xəttini keçən kimi gecikmədən azan verər, Peyğəmbər gələnə qədər iqamə verməzdi. Peyğəmbərin (S.A.V.) gəlişini gördükdə iqaməni verərdi»[14].
İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bilal gecə azan verir. Siz, İbn Umm Məktum azan verənə qədər yeyin-için»[15].
Peyğəmbər (S.A.V.) sübh azanının, namazın vaxtından əvvəl verilməsinin hikmətini açıqlayaraq demişdir: «Bilalın azanı sizi sühurdan (oruc tutarkən səhər yemək-içməyindən) yayındırmasın. O gecə azan verir ki, gecə namazı qılanlar dinlənsinlər, yatanlar isə oyansınlar»[16].
 
Azan və iqaməni eşidərkən nə demək lazımdır?
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin»[17].
Ömər ibn əl-Xəttab Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə, sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar»[18].
Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin “həyyə aləs salət” və “həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs “Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm “həyyə aləs salət” və “həyyə aləl fələh” həm də “Lə həvlə vələ quvvətə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: «Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar»[19].
Cabir Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü şəfaətim ona halal olar. “Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd etdiyin “Məqamul Məhmud”a[20] yetişdir[21][22].
 
Faydalı məlumat: Müsəlmanın, azanla iqamə arasında çoxlu dua etməsi bəyənilən haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Azanla iqamə arasında edilən dua rədd olunmaz»[23].
 
Müəzzinə aid olan müstəhəb əməllər:[24]
Müəzzinin aşağadakı sifətlərə yiyələnməsi müstəhəbdir (bəyənilən haldır):

  1. Müəzzinin azan verməkdə məqsədi, Allah rizasını qazanmaq olmalı və azana görə maaş almamalıdır. Osman ibn Əbul As deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, məni öz qövmimə imam təyin et. O, dedi: «(bu gündən) Sən onların imamısan. (camaata namaz qıldıranda) Zəifləri nəzərə al və azan verdiyinə görə maaş istəməyən bir müəzzin götür»[25].
  2. Azan verərkən həm qüsllü, həm də dəstəmazlı olmalı. Bu haqda əvvəldə, “Dəstəmaz almaq bəyənilən hallar” adlı bölümdə danışılmışdı.
  3. Azan verərkən ayaq üstə, üzü qibləyə dayanmalı. İbn əl-Munzir deyir: Alimlərin yekdil fikrinə görə azan verərkən ayaq üstə dayanmaq sünnədir. Çünki bu halda azan daha yaxşı eşidilir. Həmçinin azan verərkən qibləyə tərəf yönəlmək sünnədir. Çünki Peyğəmbərin müəzzinləri qibləyə tərəf yönəlib azan verərdilər.
  4. Həyyə aləs salət” dedikdə boynunu və başını sağa, “Həyyə aləl fələh” dedikdə isə sola yönəltmək.

Əbu Cuheyfə deyir ki, mən Bilalı azan verərkən görmüşəm. O, azan verərkən mən onun üzünün o tərəf, bu tərəfə çevrildiyini görürdüm[26].

5. Barmaqları qulaq boşluqlarına salmaq. Əbu Cuheyfə deyir ki, «mən Bilalı azan verərkən görmüşəm. O azan verir və sağa-sola çevrilirdi. Onun üzü o tərəf bu tərəfə çevrilir, barmaqları da qulaq boşlularında idi»[27].

6. Azan verərkən səsini ucaltmaq. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Müəzzinin səsini eşidən insan, cin və digər bütün şeylər qiyamət günü buna şahidlik edəcəklər»[28].  
Azanla iqamə arasında nə qədər müddət olmalıdır?
Azanla iqamə arasında, namaz üçün hazırlıq görmək və namaza gəlmək üçün kifayət edəcək qədər ara vermək lazımdır. Çünki azan elə buna görə buyurulmuşdur. Əks halda onun faydası itmiş sayılar.
İbn Battal deyir:[29] bunun üçün vaxt məhdudiyyəti yoxdur. Əsas odur ki, namazın vaxtı daxil olsun və camaat namaz üçün toplaşsın.
 
Azan veriləndən sonra məsciddən çıxmağın qadağan olunması:
Əbuş Şəsa deyir ki, «biz Əbu Hureyrə ilə məsciddə oturmuşduq. Müəzzin azan verdi. Bu zaman bir kişi qalxıb məsciddən çıxdı. Kişi məsciddən çıxana qədər Əbu Hureyrə onun ardınca baxdı və dedi: Bu kişi Əbul Qasimə (Peyğəmbərə) asilik etdi»[30].
 
Gecikdirilmiş namaz üçün azan və iqamə vermək:
Kim namaza yatıb qalıb və ya namazı unudubsa həmin namazı qıldıqda azan və iqamə verə bilər. Belə ki, Əbu Davudun əsərində Peyğəmbərin (S.A.V.) və səhabələrinin səfər zamanı Sübh namazına yatıb qalmaları haqqında qeyd olunan rəvayət buna dəlildir. Həmin hadisə zamanı Peyğəmbər (S.A.V.) Bilala azan və iqamə verməyi əmr etmişdi[31].
Əgər kimsə bir neçə namazı qılmayıbsa onda bir dəfə azan verir, sonra hər namaz üçün ayrı-ayrı iqamə verir. Belə ki, İbn Məsud deyir: «Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (S.A.V.) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (S.A.V.) Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı. Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı»[32].
 
Namazın düzgün olması üçün şərtlər:
Namazın düzgün olması üçün aşağadakıların olması şərtdir:

  1. Namazın vaxtının daxil olmasını bilmək: Uca Allah buyurur: «...Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir»[33].

Üzrsüz yerə vaxtından əvvəl və ya sonra qılınan namaz düzgün sayılmır.

2.Böyük və kiçik[34] natəmizlikdən pak olmaq: Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)...»[35]. Həmçinin İbn Ömərin hədisində, Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah, dəstəmazsız namazı qəbul etməz»[36].

3. Paltarın, bədənin və namaz qılınan yerin pak edilməsi: Paltarın təmizlənməsi Uca Allahın bu ayəsinə əsaslanır: «Libasını təmizlə!»[37] Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: "Biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın"[38].
Bədənin təmizlənməsi isə Peyğəmbərin (S.A.V.) bu hədisinə əsaslanır. Demək Əli Peyğəmbərdən (S.A.V.) məzi[39] haqqında soruşur və onun cavabı belə olur: «Cinsiyyət orqanını yu və dəstəmaz al»[40].
Həmçinin Peyğəmbər (S.A.V.) istihazə olan qadına belə demişdir: «Üzərindən qanı yu və namaz qıl»[41].
Namaz qılan yerin təmizlənməsi isə bu hədisə əsaslanır. Demək bir nəfər bədəvi məscidə yüngül subaşı etdikdə Peyğəmbər (S.A.V.) öz əshabələrinə deyir: «Onun sidiyinin üzərinə bir qab su tökün»[42].
Faydalı məlumat:
Kim üzərində nəcasət olduğunu bilmədiyi halda namaz qılarsa namazı düzgündür və namazı yenidən qılmağa ehtiyac yoxdur. Əgər namaz əsnasında üzərində nəcasət olduğunu bilsə bunun iki çıxış yolu vardır. Birincisi, imkan varsa nəcasəti özündən uzaqlaşdırsın. Məsələn, əgər nəcasət  ayaqqabıda, yaxud paltardadırsa və əynində həmin paltardan əlavə övrətini örtən digər paltar varsa onda nəcasət dəymiş paltarı çıxarmaq və namaza davam etmək lazımdır. Yox əgər nəcasəti təmizləmək mümkün olmasa onda elə halda namaza davam etmək lazımdır. Demək Əbu Səidin hədisində deyilir ki, Peyğəmbər (S.A.V.) namaz qılarkən ayaqqabılarını çıxarır. Bunu görən camaat da ayaqqabılarını çıxarırlar. Peyğəmbər (S.A.V.) namazı bitirdikdən sonra: Ayaqqabılarınızı nə üçün çıxardınız? – deyə onlardan soruşur. Onlar isə deyirlər: Sən çıxardın deyə biz də çıxardıq. Peyğəmbər (S.A.V.) dedi: «Cəbrail mənim yanıma gəldi və ayaqqabılarımın murdar olduğunu dedi. Ona görə məscidə gələrkən ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsəniz ayaqqabınızı yerə sürtün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılın»[43].

4. Övrət yerlərinin örtülməsi: Uca Allah buyurur: «Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...»[44]. Ayənin mənası o deməkdir ki, ibadət zamanı övrət yerlərinizi örtün. Çünki cahiliyyət zamanı Kəbəni lüt-üryan təvaf edərdilər.
Həmçinin Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[45].
Kişinin övrət yeri, göbəklə diz arasında olan yerdir. Amr ibn Şueybin öz atasından o da babasından rəvayət etdiyi hədisdə övrət yerinin təyini birbaşa Peyğəmbərə (S.A.V.) nisbət edilir. Rəvayətdə deyilir: «Göbəklə diz arasında olan yer övrətdir»[46].
Cərhəd əl-Əsləmi deyir ki, Peyğəmbər (S.A.V.) mənim yanımdan keçirdi. Əynimdə əba vardı, amma baldırım görsənirdi. Peyğəmbər bunu görüb dedi: «Baldırını ört. Doğrudan da baldır övrətdir»[47].
Qadının, yalnız üzü və əli istisna olmaqla, namazda bütün bədəni övrətdir. Çünki Peyğəmbər (S.A.V.) demişdir: «Qadın övrətdir»[48]. Həmçinin başqa hədisdə buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[49].

5.Qibləyə tərəf yönəlmək: Demək Uca Allah buyurur: «(Ya Rəsulum! namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin...»[50]. Həmçinin Peyğəmbər (S.A.V.) namazını səhv qılan kişiyə demişdi ki, «namaza qalxdıqda mükəmməl dəstəmaz al, sonra qibləyə dön...»[51].
Şiddətli qorxu anında və səfər zamanı minik üzərində nafilə namazı qıldıqda qibləyə tərəf dönməmək olar. Uca Allah buyurur: «Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın)...»[52]. İbn Ömər ayənin açıqlamasında demişdir: «Bu zaman qibləyə və ya qeyri qibləyə dönmək fərq etmir». «Nafi deyir ki, mənim bildiyim qədər İbn Ömər bunu Peyğəmbərdən (S.A.V.) rəvayət edirdi»[53].
İbn Ömər deyir ki, «Peyğəmbər (S.A.V.) miniyi üzərində olarkən, hansı istiqamətə yönəlməsinə baxmayaraq, nafilə namazlarını və vitr namazını qılardı. Amma fərz namazları isə minik üzərində qılmazdı»[54].
 
Faydalı məlumat:
Kim qibləni axtarıb qiblə olduğunu zənn etdiyi tərəfə namaz qılarsa sonra səhv etdiyi aşkar olunarsa namazını yenidən qılmamalıdır. Amir ibn Rabiə deyir ki, «biz qaranlıq bir gecədə Peyğəmbərlə (S.A.V.) bərabər səfərdəydik. Qiblənin hansı tərəfdə olduğunu bilmirdik. Buna görə də hərə özü bildiyi tərəfə namaz qıldı. Səhər açılanda bu haqda Peyğəmbərə xəbər verdik. Bu zaman ayə nazil oldu: «...hansı tərəfə yönəlsəniz Allahın üzü oradadır[55]...»[56]

6. Niyyət etmək: Niyyət, qılmaq istədiyin namaza niyyət edib, həmin namazı qəlbin ilə təyin etməkdir. Buna, zöhr, əsr və ya bu namazların sünnələrini misal çəkmək olar[57]. Niyyəti dil ilə demək düzgün deyil. Çünki Peyğəmbər (S.A.V.) niyyəti dil ilə tələffüz etməzdi. Demək Peyğəmbər namaza qalxdıqda birbaşa “Allahu Əkbər” deyərdi. Bundan əvvəl heç bir söz deməz, əsla niyyəti dili ilə tələffüz etməzdi. Nə də ki, “mən bu namazı Allah üçün qılıram. Üzüm qibləyə filan namazı dörd rükət olmaqla imam və ya məmum kimi qılıram”, və s. bu kimi sözləri Peyğəmbər (S.A.V.) deməzdi. Həmçinin namazın əda və ya qəza qılındığını, yaxud fərz vaxtda qılındığını da dilinə gətirməzdi. Bu, on ədəd bidət əməldir. Bu deyilənlərin heç biri, bir söz də olsa belə Peyğəmbərdən (S.A.V.) nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, nə də dörd məzhəb imamları bunu yaxşı əməl kimi qəbul etməmişlər[58].

 
[1] Fiqhus Sünnə: 1/ 94.
[2] Buxari: 2/ 111/ № 631. Müslim: 1/ 465/ № 674.
[3]Buxari: 2/ 89/ № 610. Mətndə onun rəvayəti verilmişdir. Müslim: 1/ 288/ № 382. Bunun mənasına uyğun rəvayət etmişdir.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6645. Müslim: 1/ 290/ № 387.
[5] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 625. Buxari: 2/ 87/ № 609. Nəsai: 2/ 12.
[6] Həsənun Səhih. Səhih Sünən Əbu Davud: № 469. Əhməd: 3/ 14/ № 244. Əbu Davud: 2/ 169/ № 495. Tirmizi: 1/ 122/ № 189. Onun rəvayəti müxtəsər verilmişdir. İbn Macə: 1/ 232/ № 706.
[7] Hədisin ardı belədir: «Sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar».
[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 527. Müslim: 1/ 289/ № 385. Əbu Davud: 2/ 228/ № 523.
[9] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 79.
[10] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 81.
[11] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 191. Müslim: 1/ 287/ № 379.
[12] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 628. Nəsai: 2/ 7.
[13] Sübh namazında iki azan vermək müstəhəbdir. Bu bölümdə deyilən sübh azanı birinci azandır. (tərc.)
[14] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 503. Əhməd: 3/ 35/ № 283. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 423/ № 606. Əbu Davud: 2/ 241/ № 533. Onun rəvayəti, mətndəki rəvayətə oxşardır.
[15] Buxari: 2/ 104/ № 622. Müslim: 2/ 768/ № 1092.
[16] Buxari: 2/ 103/ № 621. Müslim: 2/ 768/ № 1093. Əbu Davud: 6/ 472/ № 2330
[17] Buxari: 2/ 90/ № 611. Müslim: 1/ 288/ № 383. Əbu Davud: 2/ 224/ № 518. Tirmizi: 1/ 134/ № 208. İbn Macə: 1/ 238/ № 720. Nəsai: 2/ 23.
[18] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 527. Müslim: 1/ 289/ № 385. Əbu Davud: 2/ 228/ № 523.
[19] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 198. Müslim: 1/ 288/ № 384. Əbu Davud: 2/ 225/ № 519. Tirmizi: 5/ 247/ № 3694. Nəsai: 2/ 25.
[20] Qiyamət günü bütün Peyğəmbərlər haqq-hesabın başladılması üçün Allah qarşısında şəfaətçi olmaqdan boyun qaçıracaqları zaman, Məhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) önə keçib Allahın ona vəd etdiyi məqama yetişəcəkdir. Bu “Məqamul Məhmud” yəni, bütün məxluqatın təriflədiyi məqam adlanır. (tərc.)
[21] Duanın ərəbcəsi belədir: “Allahummə rabbə həzihid dəvəti əttəəmə, vəs salətil qaimə, əti Muhəmmədən əl-vəsilətə vəl fadilətə, vəbəshu Allahummə məqamən mahmudən əlləzi vaədtəh”»
[22] Hədis səhihdir. əl-İrva: № 243. Buxari: 2/ 94/ № 614. Əbu Davud: 2/ 231/ № 525. Tirmizi: 1/ 136/ № 211. Nəsai: 2/ 27. İbn Macə: 1/ 239/ № 722.
[23] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 489. Tirmizi: 1/ 137/ № 212. Əbu Davud: 2/ 224/ № 517.
[24] Fihus Sünnə: 1/ 99.
[25] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 497. Əbu Davud: 2/ 234/ № 527. Nəsai: 2/ 23. İbn Macə: 236/ № 714. Onun rəvayətində yalnız sonuncu cümlə qeyd olunmuşdur.
[26] Buxari: 2/ 114/ № 634. Müslim: 1/ 360/ № 503. Əbu Davud: 2/ 219/ № 516. Tirmizi: 126/ № 197. Nəsai: 2/ 12. “Amma azan verərkən sinənin sağa-sola çevrilməsi haqqında sünnədə heç bir əsas yoxdur. Boyunun çevrilməsi haqqında deyilən hədislərdə də bu haqda heç bir məlumat yoxdur”. Təmamul Minnə: 150.
[27] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: № 164. Tirmizi: 1/ 126/ № 197. O deyib ki, hədis “Həsənun Səhih”dir. Elm adamları bu hədisə əməl edirlər. Onlara görə müəzzinin azan verərkən barmaqlarını qulaq boşluqlarına salması müstəhəbdir.
[28] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 625. Buxari: 2/ 87/ № 609. Nəsai: 2/ 12.
[29] Bunu Hafiz İbn Həcər “Fəthul Bari” əsərində (2/ 106) qeyd etmişdir.
[30] Rəvayət səhihdir. Müxtəsər Səhih Müslim: № 249. Müslim: 1/ 453/ № 655. Nəsai: 2/ 29. Əbu Davud: 2/ 240/ № 532. Tirmizi: 1/ 131/ № 204. Sonuncu iki alimin rəvayətində hadisənin Əsr namazında baş verildiyi qeyd olunur.
[31] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 420. Əbu Davud: 2/ 106/ № 432.
[32] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 638. Tirmizi: 1/ 115/ № 179. Nəsai: 1/ 279.
[33] ən-Nisa: 103.
[34] Böyük natəmizlik cinsi yaxınlıq səbəbi ilə olur. Bu zaman qüsl etmək lazımdır. Kiçik natəmizlik isə ağır və ya yüngül subaşına çıxdıqda olur.
[35] əl-Maidə: 6.
[36] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ 224. Tirmizi: 1/ 3/ 1.
[37] əl-Müddəssir: 4.
[38] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[39] Məzi: Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir. (tərc.)
[40] Buxari: 1/ 230/ 132. Müslim: 1/ 247/ 303. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[41] Buxari: 1/ 42/ № 331. Müslim: 1/ 261/ № 333. Tirmizi: 1/ 82/ № 125. İbn Macə: 1/ 203/ № 621. Nəsai: 1/ 184.
[42] Buxari: 1/ 323/ 220. Nəsai: 1/ 48 və 49. İrva əl-Ğəlil: 171. Hədisi daha ətraflı bu alimlər rəvayət ediblər: Əbu Davud: 2/ 39/ 376. Tirmizi: 1/ 99/ 147.
[43] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[44] əl-Əraf: 31.
[45] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 534. Əbu Davud: 2/ 345/ № 627. Tirmizi: 1/ 234/ № 375. İbn Macə: 1/ 215/ № 655.
[46] Hədis həsəndir. əl-İrva: № 271. Hədisi həmçinin Darəqutni, Əhməd və Əbu Davud da rəvayət etmişlər.
[47] Sıhihun liğeyrihi. əl-İrva: № 269. Tirmizi: 4/ 197/ № 2948. Əbu Davud: 11/ 52/ № 3995. Bu məsələ haqqında “Təhzibus Sünnə” adlı kitabda (6/ 17) İbn əl-Qeyyimin sözlərinə bax.
[48] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6690. Tirmizi: 2/ 319/ № 1183.
[49] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 534. Əbu Davud: 2/ 345/ № 627. Tirmizi: 1/ 234/ № 375. İbn Macə: 1/ 215/ № 655.
[50] əl-Bəqərə: 150.
[51] Buxari: 11/ 36/ № 6251. Müslim: 1/ 298/ № 397.
[52] əl-Bəqərə: 239.
[53] Hədis səhihdir. Malik, əl-Muvatta: 126/ № 442. Buxari: 8/ 199/ № 4535.
[54] Buxari: 2/ 575/ № 1097. Onun rəvayəti müəlləqdir. Müslim: 1/ 487/ № 700.
[55] əl-Bəqərə: 115.
[56] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 835. Tirmizi: 1/ 216/ № 343. İbn Macə: 1/ 326/ № 1020. Onun rəvayəti mətndəki rəvayətə oxşardır. Beyhəqi: 2/ 11.
[57] Təlxisu Sifəti Salət ən-Nəbiy (.əl-Albani): səh. 12.
[58] Zadul Məad: 1/ 51.