Namazın sünnətlərini qılmamaq olarmı?

    15.01.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Gündəlik qilinan beş vaxt namazin sünnetlerini qilmamaq olarmi?
Cavab: 

Aleykum salam. Qılmamaq olar, amma qılsanız sizin üçün çox yaxşıdır. Nafilə namazlar (vacib buyurulmuş namazlardan əlavə namazlar) bəndənin Uca Allaha yaxınlaşması üçün əsas vasitələrdən biridir. Nafilə namazlara fərz namazlarının sünnətləri, gecə namazı (təhəccüd), təravih namazı (Ramazanda qılınır), duha namazı (gün çıxandan zöhr namazının vaxtı girənədək qılınır), təhiyyətu-l-məscid (məscidin haqqı - məscidə girərkən qılınır), xusuf və kusuf namazları (ayın və günəşin tutulması zamanı qılınır) kimi Allah Elçisindən (salləllahu aleyhi və səlləm) təkid olunmuş sünnət namazları, həmçinin bəndənin istənilən digər vaxtda Rəbbi üçün qıldığı namazlar daxildir.
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər vermişdir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Səhih əl-Buxari, 6502).
"Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcək. Əgər fərzlərindən əskiklik çıxarsa Uca Allah "Görün qulumun dəftərində nafiləsi varmı?" - deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər". (Sunən ət-Tirmizi).
Bunları davamlı olaraq qılmaq qulun dərəcəsini artırır və günahlarının bağışlanmasına səbəb olur. Sünnətlərdən bəziləri, məsələn sübh namazının sünnəti digər sünnətlərə (nafilələrə) nisbətdə daha fəzilətlidir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sabah namazının iki rükət sünnəti dünya və onun içindəki hər şeydən daha xeyirlidir". (Səhih Muslim).

Teqlər: 
Paylaş: