Allahın "əl-Vəli" və "əl-Məulə" adlarının mənası

    06.04.2015

əl-Vəli sözü yaxın, sevimli dost deməkdir. Allahın əl-Vəli adı Qurani-Kərimin bir çox ayələrində zikr edilir. Uca Allah buyurur:
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu (şeytanı) inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. Allah iman gətirənlərin Himayədarıdır (Vəli), onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar” (əl-Bəqərə, 256-257).
əl-Məulə sözü isə kömək edən, yardım edən dost deməkdir. Allahın əl-Məulə adı Qurani-Kərimdə on iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir (Məulə). Kafirlərin isə heç bir himayəçisi yoxdur” (Muhamməd, 11).
Həmçinin buyurur:
“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286).
əl-Vəli və əl-Məulə olan Allah, Ona iman gətirən və yaxşı işlər görən bəndələrinin köməkçisidir. O, möminlərə hər zaman Öz köməyi ilə yardım edir və onlara yaxın olur. Allah möminlərə kömək etməklə onları zülmətlərdən nura çıxarır.
 

Paylaş: