And içib nəyisə özünə haram etmək

    10.04.2015

Kim and içib, "yeməyim mənə haramdır", yaxud "filankəsin evinə girmək mənə haramdır" və s. bu kimi sözlərlə nəyisə özünə haram edərsə bununla ona haram olmaz. Belə halda andının kəffarəsini verməlidir. Uca Allah buyurur: «Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir...»[1].
Ayənin nazil olmasına səbəb aşağıdakı hədisdə qeyd olunur. Demək, Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Zeynəb bint Cəhşin yanında bal içir və onunla bir az çox dayanırdı. Mən və Həfsa sözləşdik ki, Peyğəmbər (S.A.V.) hansımızın yanına birinci daxil olsa o, ona: "Sən məğafir[2] yemisən?! Mənə elə gəlir ki, səndən məğafir iyi gəlir" – deyəcəkdir. Onlar bunu belə də etdilər. Peyğəmbər (S.A.V.) dedi: «Xeyr. Amma Zeynəb bint Cəhşin yanında bal içirdim. Bundan sonra bir daha içən deyiləm. Sonra yoldaşına bu xəbəri heç kəsə söyləməyəcəyinə dair and verdirdi»[3].
İbn Abbas (A.R.O.) and içib halalı özünə haram edib kəffarə verənlərə belə deyərdi: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!»[4]

 
[1] ət-Təhrim: 1-2.
[2] Məğafir: ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna "kitrə" deyilir. (tər.)
[3] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 3553. Buxari: 8/ 656/ № 4912.
[4] Buxari, Talaq surəsinin təfsiri: № 4627.