Ov aləti

    10.04.2015

Ov, qılınc, bıçaq və ox kimi iti alətlərlə (həmçinin odlu silahla), yaxud da yırtıcı heyvanların vasitəsi ilə olur.
Uca Allah buyurur: «Ey iman gətirənlər! ... sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir....»[1]
Digər ayədə isə buyurulur: «...Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin...»[2].
Silah ilə ov edərkən, silahın heyvanın cəsədinə daxil olub yaralaması şərtdir[3].
Yırtıcı heyvanlarla ov etməyin şərti isə budur ki, həmin yırtıcı heyvan əhliləşdirilmiş olmalı, ovladığından yeməməli və ovun başında onunla bərabər başqa yırtıcı heyvan olmamalıdır.
Ovlanmış heyvanın halal olması üçün, silahı işlədərkən, yaxud əhliləşdirilmiş yırtıcı heyvanı ovun üzərinə göndərərkən mütləq bismillah demək lazımdır.
Ədiy ibn Hatim (A.R.O.) deyir ki, mən Peyğəmbərdən (S.A.V.) nizə ilə ovlanan heyvan haqqında soruşdum. O dedi: «Əgər heyvanı nizənin iti tərəfi ilə ovlamısansa ye. Yox əgər küt tərəfi heyvana dəyib onu öldürübsə bu (küt alətlə öldürülmüş) leşdir, onu yemə». Mən dedim: Bəs itimi ovun üzərinə göndərəndə nə edim? O dedi: «İtini ovun üzərinə göndərərkən bismillah demisənsə, onun ovladığını ye». Mən dedim: Əgər it ovladığından yeyərsə, onda necə? O dedi: «Elə isə yemə. Çünki belə halda it onu sənin üçün deyil, özü üçün ovlamışdır». Mən dedim: Bəzən itimi ova göndərirəm. Ovun yanına gələndə onunla başqa bir itin olduğunu görürəmsə nə edim? O dedi: «Belə halda yemə. Sən "bismillahı" öz itinə görə demisən, başqasına görə yox»[4].

 
[1] əl-Maidə: 94.
[2] əl-Maidə: 4.
[3] Yəni, əgər atılan silah heyvana dəyib onun cəsədinə daxil olmadan onu öldürərsə bu halda halal olmaz. (tərc.)
[4] Buxari: 9/ 603/ № 5476. Müslim: 3/ 1529/ № 1929. Nəsai: 7/ 183.