Hamilə qalmamaq üçün qorunmaq olarmı?

    16.05.2015
Sual: 
salam!uzr istirem sualima göre,hamile qalmamaqcun tibbi yolla gorunmaq gunah sayilirmi?
Cavab: 
Və aleykum Salam. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban; Abdurrazzəq və digərləri).
Həmçinin Allah Rəsulu belə dua edərdi: "Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma. Lütfünlə izzətimizi yüksəlt, bizi zillətə salma...". (İmam Əhməd, 1/ 34).
Ümumiyyətlə, say çoxluğu güc-qüvvətin səbəblərindən biridir. Uca Allah Quranda İsrail oğullarına xatırladır: "Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq". (əl-İsra, 6).
Amma müəyyən səbəblərə görə ərlə arvadın qarşılıqlı razılığa gələrək hamiləliyin qarşısını alması qadağan deyil. Peyğəmbərin dövründə bu "əzl" üsulu ilə edilirdi. "Əzl" natamam cinsi əlaqəyə deyilir. Rəvayət edilir ki, Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə Bəni Müstələq qəbiləsinə yürüş etdik və ərəblərdən çoxlu əsir ələ keçirdik. (Hə­min vaxt) biz meylimizi qadınlara saldıq. Çünki artıq qadınsız dözə bilmirdik. (Belə olduqda) biz əzl etmək (cinsi əlaqə əsnasında kişi toxumalarının bilərəkdən qadının rəhminə düşməsinin qarşısını almağa deyilir. Əshabələr belə etmək istəyirdilər ki, kənizlər onlardan hamilə qal­masınlar) istədik, lakin bir-birimizə dedik: "Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) aramızda ola-ola, həm də ondan soruşmadan əzl edəcəyik?!" Biz bu haq­da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduq. O dedi: "Bunu etmək sizə qadağan deyil, lakin Qiyamət günü­nədək elə bir canlı ola bilməz ki, dünyaya gəlməsi (əzəl­dən müəyyən olmuş olsun), amma dünyaya gəlməsin". (Səhih əl-Buxari, 4138).
Günümüzdə hamiləliyin qarşısını almaq üçün vasitələr çoxdur -- müxtəlif həblər, iynələr, kişi və qadın üçün qoruyucular, cərrahi üsullar və s. Bu vasitələrin sağlamlığa ziyanı olanlarını istifadə etmək haramdır. Həmçinin qadınlarda uşaqlıq borusunun bağlanması kimi hamilə qalmağın həmişəlik qarşısını alan vasitələrin istifadə edilməsi qəti qadağandır. Yalnız həkimlərin rəyi əsasında, hamiləliyin ananın sağlamlığına ciddi zərər verəcəyi əvvəlcədən bilindiyi hallar istisnadır. 
Teqlər: 
Paylaş: