Əzaların diyəsi

    13.04.2015

İnsan bədənində elə əza var ki, ondan yalnız bir dənədir. Məsələn, burun, dil və cinsiyyət orqanı kimi. Elə əzalar var ki, onlar qoşadır. Məsələn, iki göz, qulaq və əl kimi.
Əgər bir insan digərinin tək və ya cüt olan əzasını tələf edərsə diyə tam şəkildə verilməlidir. Yox əgər qoşa əzadan birini tələf edərsə o zaman diyənin yarısı verilməlidir.
Məsələn, tələf olunmuş buruna, yaxud iki gözə görə diyənin hamısı, bir gözə görə isə yarısı verilməlidir. Bir gözün alt və üst qapağına görə diyənin yarısı, gözün bir qapağına görə diyənin dörddə biri verilməlidir. Əl və ayaq barmaqlarına görə tam diyə verilməlidir. Tələf olunan hər bir barmağa görə isə on dəvə verilməlidir. Bütün dişlərə görə tam, bir dişə görə isə beş baş dəvə verilməlidir.
Əbu Bəkr ibn Ubeydullah ibn Ömər, Ömərdən rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Əgər burun tam şəkildə tələf olunarsa yüz dəvə diyə verilməlidir. Bir ələ, yaxud bir ayağa və ya bir gözə görə əlli dəvə verilməlidir. Başı, yara ilə beyin arasında bir pərdə qalmışa qədər yarmağa (ərəb. əl-Əmə) görə diyənin üçdə biri, bədən boşluğuna qədər vurulan yaraya (ərəb. əl-Cəifə) görə diyənin üçdə biri qədər diyə verilir. Sümüyü çıxarmağa (ərəb. əl-Munqalə) görə on beş dəvə, sümüklər görsənən həddə vurulan yaraya görə beş dəvə, dişə görə beş dəvə, hər bir barmağa görə isə on dəvə verilməlidir»[1].
Əbu Bəkr ibn Muhəmməd ibn Amr ibn Həzm atasından, o da babasından rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) Yəmən camaatına məktub yazmışdı. Orada vərəsəlik payları, dəvələrin say fərqi və diyə haqqında danışılırdı. Orada belə bir məqam var idi: İnsan qətlinə görə yüz dəvə miqdarında diyə verilməlidir. Tam şəkildə tələf olunmuş buruna, dilə, dodaqlara, xayalara, cinsiyyət orqanına, onurğa sümüyünə, iki gözə görə tam diyə verilməlidir. Bir ayağa görə diyənin yarısı, başı, yara ilə beyin arasında bir pərdə qalmışa qədər yarmağa (ərəb. əl-Əmə) görə diyənin üçdə biri, bədən boşluğuna qədər vurulan yaraya (ərəb. əl-Cəifə) görə diyənin üçdə biri qədər diyə verilir. Sümüyü çıxartmağa (ərəb. əl-Munqalə) görə on beş dəvə verilməlidir. Əl və ya ayağın hər bir barmağına görə on dəvə, bir dişə görə beş dəvə, sümüklər görsənən həddə vurulan yaraya görə beş dəvə diyə verilməlidir»[2].

 
[1] Hədis ona şahidlik edən digər rəvayətlərə görə səhihdir. əl-İrva: № 2238. Səhih Sünən Nəsai: № 4513. Bəzzar: 2/ 207/ № 1531. Beyhəqi: 8/ 86.
[2] Hədis ona şahidlik edən digər rəvayətlərə görə səhihdir. əl-İrva: № 2275. Səhih Sünən Nəsai: № 4513. Malik: 611/ 1545. Nəsai: 8/ 57, 58, 59.