Faydasını itirmiş əzalara görə verilən diyə

    13.04.2015

Əgər bir nəfər başqasını vurub onun ağlını, yaxud görmək, eşitmək, iyləmək, dad bilmək kimi hansısa hissiyyatını, yaxud danışıq qabiliyyətini tam şəkildə tələf edərsə buna görə tam şəkildə diyə verməlidir.
Ovf deyir ki, İbn əl-Əşəsin fitnəsindən öncə bir nəfər yaşlı kişinin belə dediyini eşitdim. Sonra o həmin kişini vəsf etdi və ona dedilər ki, həmin adam Əbu Qilabənin əmisi Əbul Mühəlləbdir. O, belə dedi: «Bir nəfər kişinin başına daş ilə vurmuşdular. Nəticədə o, eşitmə və danışma qabiliyyətini, ağlını və şəhvət hissiyyatını itirmişdi. Qadına şəhvətlə yaxınlıq edə bilmirdi. Ömər (A.R.O.) bu cinayətə görə dörd diyə verməyi əmr etdi»[1].
Əgər təkgöz insanın sağlam gözü tələf olunarsa buna görə tam diyə verilməlidir. Bu hökm, Ömər, oğlu Abdullah və Əli ibn Əbu Talib (Allah onlardan razı olsun) tərəfindən verilmişdir.
Qatadə deyir ki, mən Əbu Micləzin belə dediyini eşitdim: «Mən Abdullah ibn Ömərdən təkgöz adamın gözünün çıxarılması haqqında soruşdum.
Bu zaman Abdullah ibn Səffan dedi: Ömər (A.R.O.) belə halda tam diyə verməyi əmr etmişdi. Mən dedim: Mən İbn Ömərdən soruşuram? O isə dedi: Məgər o sənə Ömərdən danışmırmı?!»[2].
Qatədə Xəllasdan o isə Əlidən (A.R.O.) rəvayət edir ki, o, gözü çıxarılmış təkgöz adam haqqında belə deyərdi: «Əgər istəsə tam şəkildə diyə götürər, yaxud istəsə diyənin yarısını götürər, yarısının əvəzində isə onun gözünü çıxaranın bir gözünün çıxardılmasını tələb edər»[3].
 

 
[1] Hədis həsəndir. əl-İrva: № 2279. Şafii: 9/ 167/ № 6943. Beyhəqi: 8/ 86.
[2] Rəvayətin sənədi səhihdir. əl-İrva: № 2270. Beyhəqi: 8/ 94. Şafii: 9/ 196/ № 7060. Onun rəvayətində, "Mən dedim: Mən İbn Ömərdən soruşuram?..." sözləri yoxdur.
[3] Şafii: 9/ 197/ № 7062. Beyhəqi: 8/ 94.