İddianı isbat etməyin yolları

    13.04.2015

İddianın isbat edilməsi üçün yollar bunlardır: Etiraf, şahidlik və and içmək.[1]
 
Etiraf:
Bu, həqiqətin etiraf edilməsidir. Əgər etiraf edən şəxs məsuliyyət daşımağı bacaran (ərəb. mükəlləf) və ixtiyar sahibidirsə, belə halda deyilən etirafla hökm vermək vacibdir.[2]
Peyğəmbər (S.A.V.) Məizi, əl-Ğamid və əl-Cuhəni qəbiləsindən olan qadınları etdikləri etirafa əsasən daşqalaq etmişdir.
Hədisdə Peyğəmbər (S.A.V.) demişdir: «Ey Uneys, bu adamın qadınının yanına get. Əgər zina etdiyini etiraf etsə, onu daşqalaq et»[3].
Şahidlik:
Adəm övladının hüquqlarını qorumaq üçün şahidlik etmək fərdi olaraq hər kəsə vacib deyil (ərəb. Fərzul Kifayə). Uca Allah buyurur: «...Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar...»[4].
Amma doğru şahidlik etmək hər kəsə fərdi şəkildə vacibdir (ərəb. Fərzul Ayn). Uca Allah buyurur: «...Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır...»[5].
Şahidlik edən insan hətta öz əleyhinə olsa belə yenə də həqiqəti deməlidir, bu vacibdir. Uca Allah buyurur: «Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!»[6]
Bilmədiyi işə şahidlik etmək haramdır. Uca Allah buyurur: «...Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər...»[7].
Yalançı şahidlik ən böyük günahlardandır. Əbu Bəkrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Sizə ən böyük günahın hansı olduğunu deyimmi?» Biz dedik: Bəli ey Allahın elçisi. O dedi: «Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq». Bu sözləri deyəndə o dirsəklənmişdi. Sonra qalxıb oturdu və dedi: «Yalan danışmaq və yalançı şahidlik etmək». O bu sözləri o qədər təkrarladı ki, axırda biz dedik ki, kaş ki susardı[8].
 

 
[1] Fiqhus Sünnə: 3/ 327.
[2] Mənarus Səbil: 2/ 505.
[3] Buxari: 12/ 136/ № 6827 - 6828. Müslim: 3/ 1324/ № 1697 – 1698. Əbu Davud: 12/ 128/ № 4421. Tirmizi: 2/ 443/ № 1458. İbn Macə: 2/ 852/ № 2549. Nəsai: 8/ 240.
[4] əl-Bəqərə: 282.
[5] əl-Bəqərə: 283.
[6] ən-Nisa: 135.
[7] Zuxruf: 86.
[8] Buxari: 5/ 261/ № 2654. Müslim: 1/ 91/ № 87.