Bəndələrin hüquqları üç qismə bölünür

    13.04.2015

1. Bəzi hüquqlarda iki nəfər kişi şahid ola bilərlər. Bu, qeyri maddi və ancaq kişilər tərəfindən icra olunan işlərə aiddir. Məsələn, evlənmək, boşamaq və s.
Uca Allah buyurur: «Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun...»[1]. Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil»[2]. Gördüyünüz kimi həm ayədə, həm də hədisdə şahidlərin yalnız kişi olması qeyd olunmuşdur.
2. Bəzi növ hüquqlarda iki kişi, yaxud bir kişi iki qadın, yaxud bir şahid və iddaçının andı şahid tutulur.
Bu, alqı-satqı, icarə, girov və s. bu kimi maddi işlərdə baş verir. Uca Allah buyurur:
«...Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın...»[3].
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) and və bir nəfər şahidlə hökm verdi».[4]
3. Elə qism hüquqlar da vardır ki, orada iki kişi, yaxud bir kişi iki qadın, yaxud dörd qadının şahidliyi məqbul sayılır. Bu, adətən kişilərin bilmədikləri işlərdə baş verir. Məsələn, süd analığı, doğum və qadınların daxili eyibləri kimi.
Allahın hüquqlarında isə qadınların şahidliyi məqbul sayılmır. Zuhri deyir ki, « cinayətlərdə, yalnız iki nəfər kişinin şahidliyinə əsasən çubuqlama cəzası vermək olar». Belə hüquqlar üç qismdir:
4. Elə hüquqlar vardır ki, orada dörd nəfərdən az şahid məqbul sayılmır. Bu, zinadır. Uca Allah buyurur:

«İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun...»[5].

5. Elə qism hüquqlar da var ki, orada iki nəfərin şahidliyi kifayətdir. Bu, qeyri zina olan hüquqlardır. Buna əsas, Zuhrinin ötən sözüdür.

6. Elə qism hüquqlar da vardır ki, orada bir nəfərin şahidliyi kifayətdir. Bu, Ramazan ayının başlamasını bildirən təzə doğmuş ayın görsənməsi haqqındadır[6].

 
[1] Talaq: 2.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7557. Beyhəqi: 7/ 125. İbn Hibban: 305/ 1247.
[3] əl-Bəqərə: 282.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1920. Müslim: 3/ 1337/ № 1712. İbn Macə: 2/ 793/ № 2370. Əbu Davud: 10/ 28/ № 3591.
[5] Nur: 4.
[6] Əlavə məlumat üçün oruc fəslinə bax.