Minikdə gedərkən namaz necə qılınır?

    18.01.2014
Sual: 
Salam aleykum. Avtobusda olarken namazi fikirinden kechirerek qilmaq caizdirmi? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Minikdə olan insan bir neçə halla rastlaşa bilər:
1) Əgər minikdə gedən insan lazım olan yerə çatdıqda namazın vaxtı hələ çıxmayacaqsa, bu halda namazı saxlayıb həmin yerə çatdıqda qılmalıdır.
2) Əgər nəqliyyatda gedərkən namazın vaxtı girərsə və gedəcəyiniz məkana çatana qədər namazın vaxtının çıxacağından qorxsarsa, bu halda miniyi saxlayaraq düşüb namazını qılmalıdır. Maşını və ya digər nəqliyyat vasitəsini saxlayıb düşmək mümkün deyilsə və onun içində ayaq üstə qılmalıdır. Əgər ayaq üstə namaz qılmaq imkanı yoxdursa, bu halda oturaraq namaz qılmaq icazəlidir. Çünki Uca Allah buyurur: "Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ayaq üstə namaz qıl, bacarmasan, oturaq qıl, bunu da edə bilməsən, uzanıb qıl". (əl-Buxari, 1117).  Uca Allah buyurur: "Allahdan bacardığınız qədər qorxun". (ət Təğabun, 16); "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286). 
Qeyd: 
Əgər vaxtı çıxan namaz Zöhr və Məğrib kimi növbəti namazla cəm edilməsi mümükün olan namazdırsa, bu halda bu namazı növbəti namazla cəm etməyi niyyət etmək olar. Əgər Sübh və ya Əsr namazı kimi növbəti namazla cəm edilməsi mümkün olmayan namazlar olarsa, bu namazların vaxtını keçirmək olmaz və bu namazlar inkan daxilində mütləq qılınmalıdır.
Nəqliyyatda namaz qılarkən namazın rüknlərini (qibləyə çevrilmək, qiyam, rüku, səcdə) bacardığınız qədər yerinə yetirin.
Qeyd edək ki, nafilə (əlavə) namazları minikdə qılarkən qibləyə yönəlmək vacib şərt deyil, çünki peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) minikdə gedərkən qibləyə yönəlmədən nafilə namazları qılmışdır. (əl-Buxari, 1094). Namazın sözlərini fikirdən keçirərək qılmaq isə icazəli deyil. Hətta səssiz namazlarda da dil və dodaqlar sakitcə tərpənməlidir.

Teqlər: 
Paylaş: