Ömrünün son günlərində tövbə edənin tövbəsi qəbul olunurmu?

    04.06.2015
Sual: 
Salam! Eger bir insan sagalmaz bir xesteliye düçar olubsa,ömrünün son günlerine az qalibsa,o bu aninda tövbe etse qebul olunarmi?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq". (ən-Nisa, 17-18). 
"Tezliklə" yəni ruh boğaza gələnə qədər, ölümə qədər tövbə nəzərdə tutulur. İbn Abbas (Allah onlardan razı olsun) bu ayə haqda belə deyir: "Sonra tezliklə tövbə edərlər" – yəni etdiyi günah ilə Ölüm mələyini görmə arasına qədərdir". (ət-Tabəri Təfsir", 8905). Müxtəlif İslam alimləri bir-birinə yaxın eyni mənalı sözlər söyləmişlər. Məsələn, "Ölümdən öncə edilən hər bir tövbə "tezliklə" deməkdir". (ət-Tabəri "Təfsir", 8909). "Dünya bütünlüklə yaxındır" – yəni? tezdir. (ət-Tabəri "Təfsir", 8910).
Amma Uca Allahdan ümidi kəsməyərək hər bir halda tövbə etmək lazımdır: "... Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər". (Yusuf, 87).
Cabir ibn Abdullah (radıyəllahu anhu) demişdir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) vəfatından üç gün əvvəl belə dediyini eşitdim: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim "Cənnət", 81).
Ayələrdən göründüyü kimi, ömrü ərzində günah işlər görərək sonda tövbə etməyə ümid etmək böyük səhvdir. Uca Allah buyurur: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).
Odur ki, hər bir müsəlman nə qədər ki, canı üstündədir, xeyirli əməllərini artırmalı, ibadət etmirsə, ibadətə başlamalı, Uca Allahı mütəmadi zikr etməli, Onun əmrlərini bacardığı qədər yerinə yetirib qadağalarından da çəkinməlidir. Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: