Tapıntı mal-dövlət (əl-Luqatə)

Tərifi: Ərəb dilində "əl-Luqatə" dedikdə, itmiş və sahibi bilinməyən mal-dövlət nəzərdə tutulur.
Bu ifadə daha çox qeyri heyvanlara şamil olunur. İtmiş heyvan isə "Dallə" sözü ilə ifadə olunur.
İtmiş mal-dövləti tapan adam nə etməlidir?
İtmiş malı tapan insan ilk olaraq tapdığı şeyin növünü və miqdarını ayırd etməli, sonra ədalətli insanları buna şahid tutmalı və tapıntını özündə saxlayıb bir il bunu elan etməlidir. Əgər malın sahibi itirdiyi malı olduğu kimi vəsf edərsə, onun malını geri qaytarmalıdır. Hətta bir il keçəndən sonra bu baş versə, malı sahibinə qaytarmaq vacibdir. Əgər malın sahibi tapılmazsa, ondan faydalana bilər. Suveyd ibn Ğaflə deyir ki, mən Ubeyy ibn Kəəb ilə rastlaşdım. O dedi: Mən, içərisində yüz dinar olan balca kisə tapmışdım. Peyğəmbərin (S.A.V.) yanına gəlib bu haqda ondan soruşdum. O dedi: «Tapdığını bir il elan et». Mən bir il elan etdim, amma malın sahibini tapmadım. Sonra yenə onun yanına gəldim və o dedi: «Bir il də elan et». Mən bir il də elan etdim, amma yenə malın sahibini tapmadım. Üçüncü dəfə onun yanına gəldim və o dedi: «Kisəni və ipini saxla (ki, birdən əgər sahibi çıxarsa malını tanısın), içərisindəki malı say (ki, sahibinə qaytarası olsan düzgün qaytarasan). Əgər yenə də sahibi tapılmazsa ondan istifadə et». Mən də həmin maldan istifadə etdim. Sonra onun sahibi ilə Məkkədə rastlaşdım. Rəvayətçi deyir: Bilmirəm, onunla üç il, yoxsa bir il sonra rastlaşdığını demişdi.[1]
İyad ibn Himar Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim itmiş mal taparsa bir yaxud iki nəfər ədalətli insanı şahid tutsun. Sonra malı dəyişdirmədən və gizlətmədən saxlasın. Əgər sahibi tapılarsa o malı götürməyə daha haqlıdır. Əks halda bu Allahın malıdır, onu istədiyinə bəxş edir»[2].
 
İtmiş qoyun və dəvə:
İtmiş qoyun tapan insan onu saxlayıb sahibini axtarmalıdır. Əgər sahibi çıxmazsa onu özünə götürə bilər. İtmiş dəvəni tapan insanın onu saxlaması halal deyil. Çünki dəvə üçün təhlükə qorxusu yoxdur.
Zeyd ibn Xalid əl-Cuhəni (A.R.O.) deyir: «Bir nəfər bədəvi Peyğəmbərin (S.A.V.) yanına gəlib tapıntı əşya haqqında soruşdu. Peyğəmbər (S.A.V.) dedi: Tapdığın əşyanın qabını və ipini saxla (ki, birdən əgər sahibi çıxarsa malını tanısın). Əgər malın sahibi çıxarsa malını qaytar, əks halda isə xərclə. Bədəvi dedi: Ey Allahın elçisi, bəs tapıntı qoyunu necə edim? O dedi: Bu ya sənin, ya qardaşının (mal sahibinin), ya da qurdundur. Bədəvi dedi: Bəs tapıntı dəvə necə? Bu zaman Peyğəmbərin (S.A.V.) üzü qızardı və dedi: Sənin onunla nə işin var? Onun gəzməyə ayağı, içməyə suyu var. O özü su içir, ot yeyir[3].
 
Tapılan dəyəri az olan əşya və yeyinti məhsulu:
Kim çöldə yeməli bir şey taparsa onu yeyə bilər. Həmçinin adətən insanların nəfsi çəkməyən dəyəri az olan əşya taparsa onu özünə götürə bilər. Ənəs (A.R.O.) deyir ki, «bir dəfə Peyğəmbər (S.A.V.) yolda gedərkən xurma tapdı və dedi: Mən bu xurmanın sədəqə olmasından ehtiyat etməsəydim, onu yeyərdim»[4].
 
Əl-Həram hüdudlarında tapılan əşya:
Əl-Haram hüdudlarında tapılan əşyanı özünə deyil, yalnız sahibini araşdırmaq üçün götürmək olar.  Digər yerlərdə tapılan əşyalardan fərqli olaraq, burada tapılan əşyaları bir il elan ediləndən sonra da özünə götürmək olmaz. İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allah Məkkəni həram etmişdir. Bu yer məndən öncə (orada döyüş aparmaq və s. üçün) heç kəsə halal olmamış, məndən sonra da heç kəs üçün halal olan deyil. Yalnız mənim üçün günün bir hissəsi (ərzində burada döyüş aparmaq) halal olmuşdur. Buranın otu biçilməz, ağacı kəsilməz, ovu ovlanmaz, itən əşyalar – sahibini araşdırmaqdan başqa digər məqsədlə götürülməz»[5].

 
[1] Buxari: 5/ 78/ № 2426. Müslim: 3/ 1350/ № 1723. Tirmizi: 2/ 414/ № 1386. İbn Macə: 2/ 837/ № 2506. Əbu Davud: 5/ 118/ № 1685.
[2] Hədis səhihdir: Səhih Sünən İbn Macə: № 2032. İbn Macə: 2/ 837/ 2505. Əbu Davud: 5/ 131/ № 1693.
[3] Buxari: 5/ 80/ № 2427. Müslim: 3/ 1348/ № 1722. Tirmizi: 2/ 415/ № 1387. İbn Macə: 2/ 836/ № 2504. Əbu Davud: 5/ 123/ № 1688.
[4] Buxari: 5/ 86/ № 2431. Müslim: 2/ 752/ № 1071. Əbu Davud: 5/ 70/ № 1636.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1751. əl-İrva: № 1057. Buxari: 4/ 46/ № 1833.