Peyğəmbərin danışıq tərzi

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim” (Səhih əl-Buxari, 2977).
Burada “yığcam kəlmələr” dedikdə Quran və hədis nəzərdə tutulur. Peyğəmbərimizin hədislərini şərh etmiş İslam alimləri hər hansı bir hədisin bir cümləsindən, hətta bir kəlməsindən neçə-neçə nəticələr çıxarmışlar.
Aişə demişdir: “Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar.”
Onun sözləri nə uzun yorucu, nə də ki qısa faydasız olardı. Özü də nə kobudluq edər, nə də bir kimsənin mənliyinə toxunardı. O, nə söyüşcül, nə də bazarda qışqırbağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayardı. Uca Allah onun haqqında belə buyurur: 
"Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir" (Ali İmran, 159).
Ənəs ibn Malik demişdir: “Mən on il Peyğəmbərə xidmət etdim, bir dəfə də olsun o, mənə nə “uf!”, nə “niyə belə etmisən?”, nə də “niyə belə etməmisən?”– dedi” (Səhih əl-Buxari, 6037).

Paylaş: