Vitr namazını camaatla qılmaq olarmı?

    25.07.2015
Sual: 
salam aleykum.vitr namazini caamatla qilmaq olarmi.ve vitr namazinda qunut tutmasaq olarmi.hec vaxt tutmamiwam sozlerini bilmirem deye.
Cavab: 

Aleykum salam. Bəli, vitr namazını gecə namazlarına birləşdirərək camaatla qılmaq olar. Vitr namazında qunut tutmaq vacib yox, sünnədir. Ümumiyyətlə gecə namazlarını adət halına salmamaq şərtilə hərdən camaatla səsli və ya səssiz şəkildə qılmaq icazəlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər hansı bir kişi gecə ikən öz əhlini oyadıb onlarla birlikdə namaz qılarsa, Allahı cox zikr edənlərdən sayılarlar". (Sunən Əbu Davud).
Həmçinin Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir gecə o Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi, xalası Meymunənin (radıyəllahu anhə) evində qaldı. (İbn Abbas deyir ki,) mən yatağın köndələninə uzandım, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun zövcəsi isə yatağın uzununa uzandılar. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yatdı. Nəhayət, gecə yarısı yetişdikdə, (və ya bundan bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və gözlərini ovxalayıb yuxusunu dağıtdı. Sonra Ali-İmran surəsinin son on ayəsini oxudu. Sonra qalxıb (tavandan) asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz aldı Sonra durub namaz qıldı. Mən də ayağa qalxıb onun etdiyi kimi etdim. Sonra gedib onun yanında durdum. O, sağ əlini mənim başıma qoydu və sağ qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra da bir rükət (namaz) qıldı. Sonra yerinə uzandı. Nəhayət, müəzzin onun yanına gəldikdə qalxıb iki rükət xəfifcə namaz qıldı. Sonra gedib sübh namazını qıldırdı. (əl-Buxari, 183).
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən (xalam) Meymunənin  evində gecələdim. O gecə Peyğəmbər (salləllahu aleyhi və səlləm) də onun yanında idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəstəmaz alıb namaza durdu, mən də onun sol tərəfində durdum, lakin o məni tutub sağ tərəfinə keçirtdi və on üç rükət namaz qıldı. Sonra uzanıb yatdı, hətta, xoruldamağa başladı. O yatanda adətən xoruldayardı. (Səhər) müəzzin onun yanına gəldikdən sonra o, (evdən) çıxdı və dəstəmaz almadan namaz qıldı". (əl-Buxari, 698).
 Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə mən xalam) Meymunənin evində gecələdim. Gecə vaxtı Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxudan oyanıb su başına çıxdı, sonra üzünü və əllərini yuyub yenə uzanıb yatdı. (Bir müddətdən) sonra qalxıb su tuluğuna yaxınlaşdı və onun ağzındakı ipi açıb suyu israf etmədən kamil şəkildə dəstəmaz aldı və namaza durdu. Onu güddüyümü başa düşməsin deyə, galxıb gərnəşdim, sonra dəstəmaz alıb namaz qılmaq üçün onun solunda durdum. O, qulağımdan tutub məni sağ tərəfinə keçirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı on üç rükətə tamamladı. Sonra uzanıb yatdı və xoruldamağa başladı. (Ümumiyyətlə) o, yatarkən xoruldayardı. Sonra Bilal onu namaza çağırdı və o qalxıb dəstəmaz almadan namaz qıldı və belə dua etdi: "Allahım, qəlbimə nur saç! Gözümə nur saç və qulağıma nur saç! Sağımdan və solumdan nur saç! Başımın üstündən və ayağımın altından nur saç! Önümə və arxama nur saç! Mənim üçün nur saç!" (əl-Buxari, 6316).
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Bir gecə mən Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qıldım. O, qiyamı o qədər uzatdı ki, hətta, mən pis bir iş görmək istədim". Biz: "O nə iş idi?" - deyə soruşduq. O dedi: "İstədim yerə oturum və Peyğəmbəri (salləllahu aleyhi və səlləm) ayaq üstə buraxım". (əl-Buxari, 1135).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, nənəsi Muleykə Peyğəmbəri (salləllahu aleyhi və səlləm) onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yeməyi yedikdən sonra dedi: "Durun, sizə namaz qıldırım". Ənəs (radıyəllahu anhu) demişdir: "Mən, çox istifadə olunduğundan qaralmış həsirimizə yaxınlaşıb üstünə bir az su səpdim. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üstündə (namaza) durdu. Mən yetim (Dumeyra) ilə birgə onun arxasında durdum, nənəm də bizim arxamızda durdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi". (əl-Buxari, 380).
Əhməd ibn Hənbəldən (rahiməhullahu) soruşdular: "Siz hansını tərcih edirsiniz, Ramazanda camaatla yoxsa fərdi şəkildə namaz qılmaq?" O belə cavab verdi: "Camaatla namaz qılmaq. Mənim üstün tutduğum rəy imamla namaz qılmaq və vitri də imamla qılmaqdır".
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əgər bir kəs imam namazı qurtarana qədər onunla qiyamı (gecə namazını) qılarsa, bütün gecəni namaz qılmış kimi ona savab yazılacaqdır". (Hədis səhihdir).
İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: "Vitr namazını camaatla qılana qədər onlarla namazını qılsın və imam namazdan ayrılmayınca ayrılmasın!"
Əbu Davud (rahiməhullahu) demişdir: "Mən onu (İmam Əhmədi) Ramazan ayında gördüm, imamla vitr namazını qılırdı. Yalnız bir gecə görmədim və həmin gecə mən orada yox idim". 
İshaq isə demişdir ki, mən Əhmədə (rahiməhuməllahu) dedim: "Sənin üçün hansı daha xoşdur? Ramazanda gecə namazını camaatla yerinə yetirmək yaxud təkbaşına? O dedi: Mənim tərcihim budur ki, bu namaz camaatla qılınmalıdır ki, Sünnə canlansın". İshaq da eynisini söyləmişdir. (İbn Qudamə "əl-Muğni "kitabı, 1/457). Həmçinin oxuyun:
Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?
Vitr namazında edilən qunut duası

Teqlər: 
Paylaş: