Qəbir əzabı haqqında

    21.01.2014

Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb. O, qarmağı oturan adamın yanağına soxub onun ağzının bir tərəfini qafasına qədər cırır, sonra da bu qaydada onun ağzının digər tərəfini cırırdı. Bu əsnada ağzının əvvəl cı­rılan tərəfi sağalır və o, təzədən həmin tərəfi cırırdı. Mən: “Bu nədir?”– deyə so­ruş­dum. O iki nəfər mənə: “Get!”– dedi.
Biz yolumuza davam etdik. Nə­ha­yət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə baş­qa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış ada­mın başını əzirdi. Daşı hər dəfə onun başına vur­duqda daş yumbalanıb ge­dir­di. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bi­ti­şə­rək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: “Bu kim­­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza davam et­dik. Nəhayət, gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyu­ğun altında atəş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən: “Bunlar kim­dir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kəna­rında isə başqa birisi dayanmışdı, qarşısında da çoxlu daşlar var idi. Çayın için­dəki adam sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Beləcə, o hər dəfə sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Mən: “Bu nədir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza da­vam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında otu­rub qarşısındakı odu alovlandırırdı. Sonra yoldaşlarım məni ağaca qal­dır­dı­lar və məni elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini gör­mə­miş­dim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çı­xardıb bir az da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi.
Mən o iki nəfərə de­dim: “Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə mənə gördüklərim barədə xə­bər verin.” Onlar dedilər: “Bəli! Ağzı cırılan adama gəlincə, o, bir yalançıdır. Dünyada ikən o, yalan danı­şardı və onun bu yalanı hər tərəfə yayılardı. Qi­ya­mət günü­nədək onun ağzı beləcə cırılacaq.
Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun için­dəkilərə əməl etməmişdir. Qiya­mət gününə­dək onun başı beləcə əziləcək. Də­likdə gördüyün adamlar zinakar­lardır. Çayın içində gördüklərin isə sələm ye­yən­lərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim, ətrafındakı uşaqlar isə in­sanların övladla­rıdır. Odu alovlan­dıran Cəhənnəmin gözətçisi – Malikdir. Da­xil olduğun birinci ev bütün mömin­lərin evi, bu gördüyün ev isə şəhidlərin evi­dir. Mən Cəbrailəm, bu da Mikaildir. Qaldır başını”. Mən yuxarı baxıb ba­şım üzərində buluda bənzər bir şey gördüm. Onlar: “Bu sənin mənzilindir”– de­dilər. Mən dedim: “Qoyun mən öz mənzilimə daxil olum!” Onlar dedilər: “Sə­nin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış ol­say­dın, mənzilinə girərdin.”  (əl-Buxari, 1386).

 
Paylaş: