Peyğəmbərlik möhürü

    13.11.2013

Peyğəmbərlik möhürü Rəsulullahın kürəkləri arasında, daha dəqiq desək, sol kürəyinə yaxın yerdə yerləşən, ət rəngində olan domba ət parçasıdır. Həcmi də müxtəlif rəvayətlərdə vəsf edildiyi kimi – kəklik və ya göyərçin yumurtası boydadır. Peyğəmbərlik möhürü əvvəlki ümmətlərə də öz Kitablarında agah edilmişdir. Odur ki, Kitab əhli sonuncu peyğəmbərin bu vəsflə gələcəyini bilirdi. Uca Allah Quranda buyurur: “Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir” (əl-Bəqərə, 146). Həmçinin, O buyurur: “Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!” (əl-Bəqərə, 89). Salman Farisinin əhvalatını da buna dəlil göstərmək olar. Belə ki, İsa peyğəmbərin həqiqi davamçılardan olmuş alimlərdən biri ölüm ayağında ikən Salmana Peyğəmbərin əlamətlərini bildirmiş və ona Peyğəmbərin hicrət edəcəyi yerə – Hərraya, xurmalıqlar olan bir yerə getməyi tövsiyə etmişdir. Salman Farisi Rəsulullahın kürəyindəki möhürü görərək ona iman gətirmişdir.

Paylaş: