Allahın "əl-Lətif" adının mənası

    10.08.2015

əl-Lətif sözü lütfkar olan, həmçinin xəbərdar olan deməkdir. Allahın əl-Lətif adı Qurani-Kərimdə yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır” (əl-Ənam, 101-103).
Həmçinin buyurur:
“Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır” (əl-Həcc, 63).
əl-Lətif olan Allah bəndələrinə qarşı geniş lütf və mərhəmət sahibidir. O, bəndələrinə gözləmədikləri yerdən xeyir qapılarını açır. Uca Allah buyurur:
“Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir” (əş-Şura, 19).
əl-Lətif olan Allah gizli və incə işlərdən xəbərdardır. Uca Allah buyurur:
“Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?” (əl-Mulk, 13-14).
Həmçinin, Uca Allah Qurani-Kərimdə Loğmanın oğluna belə nəsihət etdiyini xəbər verir:
“Loğman dedi: "Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır” (Loğman, 16).
 

Paylaş: