Qədəri bəhanə gətirənlərə cavab

    25.01.2014

Uca Allah hər şeyi bilməsi və hər şeyin qədərini qabaqcadan yazması ilə birlikdə əmr və qadağaların tətbiqini bəndənin ixtiyarına buraxmışdır. Əgər bəndənin bu məsələdə seçmək hüququ və gücü olmasaydı, bu onun üçün yerinə yetirə bilməyəcəyi bir vəzifə olardı ki, bu da Uca Allahın hikmətinə, rəhmətinə və aşağıdakı ayədə xəbər verdiyi doğru sözünə uyğun gəlməzdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə 286).
      Əgər bəndənin əməli öz iradə və seçimi ilə olmasaydı, Uca Allahın yaxşılıq edəni tərifləməsi əbəs yerə, pislik edənin isə cəzalandırılması zülm olardı. Bu isə qeyri-mümkündür.
      Əgər bəndənin əməli öz iradə və seçimi ilə olmasaydı, Uca Allahın peyğəmbərlər (aleyhimis-sələm) göndərməsi mənasız olardı.  
      Hər bir insan əməl etdikdə və ya etmədikdə heç bir məcburiyyət olmadan o işi etdiyini hiss edir: ayağa qalxır, oturur, gedir, gəlir, yola çıxır və ya çıxmır. Bunların hamısını öz iradəsi ilə edir və heç kəsin onu bu işə məcbur etdiyini hiss etmir. Allahın qədərini bəhanə gətirən günahkarın asiliyində heç bir həqiqət yoxdur. Çünki, günah edən kimsə Uca Allahın onun haqqında nə təqdir etdiyini bilməyərək öz istəyi ilə günah edir. Buna görə bir kimsə Allahın onun haqqında nə təqdir etdiyini ancaq hadisə baş verdikdən sonra bilir. Allah subhənəhu və təalə bu haqda belə buyurur: "Heç kəs sabah nə qazanacağını bilməz; heç kəs harada öləcəyini də bilməz". (Loğman 34).
      İnsanın bir işi etdikdən sonra bilmədiyi bir şeyi bəhanə gətirməsi doğru ola bilərmi? Uca Allah bu bəhanəni batil edərək belə buyurur: "Müşriklər deyəcəklər: "Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik». Onlardan əvvəlkilər də (öz Peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: «Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız". (əl-Ənam 148).
      Qədəri bəhanə gətirib günah edənlərə deyirik ki; Uca Allah sənin haqqında itaəti təqdir etdiyi halda nə üçün itaət etmədin? Çünki məlum olmadan əvvəl təqdir olunan şey bilinmədiyi üçün itaətlə günah arasında heç bir fərq yoxdur. Bu səbəblə Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) səhabələrə (radıyəllahu anhum) Uca Allahın kimin cənnətə və kimin də cəhənnəmə düşəcəyini yazdığını xəbər verdikdə, səhabələr ona: "Onda Allaha təvəkkül edib əməli tərk edək?" - dedilər. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) isə onlara: "Xeyr, əməl edin. Çünki hər kəs özü üçün təqdir olunanı etməyə müyəssər olacaq" - buyurdu.
      Qədəri bəhanə gətirib günah edənə deyirik ki; tutaq ki, bir yerə getmək istəyirsən. Ora getmək üçün iki yolun olduğunu, düz söz danışan bir şəxsin sənə bu iki yoldan birinin qorxunc və çətin olduğunu, digərinin isə təhlükəsiz və rahat olduğunu söyləsə, sən ikinci yolu seçərsən. “Mənim üçün bu yol təqdir edildi” deyərək birinci yolu seçməyin mümkün deyildir. Belə etsən, insanlar sənin dəli olduğunu deyərlər.
      Həmçinin, qədəri bəhanə gətirib günah edənə deyirik ki; sənə iki vəzifə təqdim edilsə və birinin məvacibi digərindən daha yüksək olsa, təbii ki sən məvacibi daha yüksək olan vəzifəni seçərsən. Onda necə olur ki, axirətlə bağlı əməldə özünə ən alçaq bir işi rəva bilib, sonra da qədəri bəhanə göstərərək taleyinə etiraz edirsən?!
      Başqa bir misal; xəstələndikdə müalicə olunmaq üçün hər həkimin qapısını döyürsən. Bədənindəki ağrılara, cərrahiyyə əməliyyatına və acı dərmanlara dözürsən, amma qəlbinin xəstəliyi olan günahlara qarşı bir çarə axtarmırsan.

 
Paylaş: