Onlar ancaq zənnə qapılırlar
Bəzi insanlar hesab edirlər ki, təbiət kainatın tabe olduğu qanunlardır. Müasir elm adamları bu fikiri dəstəkləyirlər. Onlar belə deyirlər: “Kainat, hətta xırda şeylərə qədər hadisələri idarə edən qanunlara tabedir. Kainatdakı bütün hadisələr bu qanunlara əsasən baş verir. O, dəqiq və xətasız, uzun müddət işləyən və qurmağa ehtiyacı olmayan saata bənzəyir.” Onlar əslində “Kainatı kim yaratmışdır?” sualına cavab vermirlər: Onlar kainatın mövcud olması və onun qanunlarının necə işləməsi haqqında danışırlar. Lakin biz bu sualın cavabını almaq istəyirik: “Kainatı və onun tabe olduğu qanunları kim yaratmışdır?” Hind mütəfəkkiri Vahidəddin Xan öz kitabında belə yazmışdır: “Qədim zamanlarda insan bilirdi ki, yağış göydən yağır. Lakin biz indiki dövrdə suyun buxarlanaraq göyə qalxıb yerə damla halında düşənə qədər olan bütün prosesləri bilirik. Bu biliklərimiz baş verən prosesləri ancaq təsvir edir, onları izah edə bilmir. Elm bu proseslərin qanunauyğunluğa çevrilməsini izah edə bilmir. Su buxarlanaraq göy ilə yer arasında necə dayana bilir ki, bununla həm insanlara fayda verir, həm də alimlər bundan qanunauyğunluqlar kəşf edir? Təbiətdəki nizamın mövcudluğunu kəşf edən insanın kainatın sirlərini dərk etmək iddiası xam xəyaldan başqa bir şey deyildir. Bu iddianı irəli sürən insan düzgün mövqe tutmamışdır. Təbiət kainatdakı hadisələri izah etmir, çünki onun özünün izaha ehtiyacı vardır. Misal üçün savadlı insanla həkim arasında baş verə biləcək bu dialoqu oxu: İnsan: Nəyə görə qan qırmızı rəngdə olur? Həkim: Çünki qanda 1/700 düym ölçüsündə qırmızı hüceyrələr vardır. İnsan: Yaxşı, bəs niyə həmin hücəyrələr qırmızı rəngdədir? Həkim: Çünki, onların tərkibində hemoqlobin adlanan maddə vardır. Bu maddə oksigeni daşıdığına görə onlara qırmızı rəng verir. İnsan: Bəs hemoqlobini daşıyan heceyrələr haradan götürülür? Həkim: Onlar sənin qara ciyərində formalaşır. İnsan: Qəribədir! Necə olur ki, qan, heceyrələr, qara ciyər və digər bədən üzvləri bütöv bir şəkildə bir-biri ilə əlaqəlidir və onlardan tələb olunan funksiyaları belə dəqiqliklə yerinə yetirirlər? Həkim: Biz bunu təbiətin qanunu adlandırırıq. İnsan: Təbiətin qanunu nə deməkdir, cənab həkim? Həkim: Bu qanun təbiət qüvvələrinin kor-təbii üsulla hərəkət etməsini nəzərdə tutur. İnsan: Belə olan təqdirdə nəyə görə bu qüvvələr həmişə müəyyən nəticə verir? Quşlara göydə uçmaq, balıqlara suda yaşamaq, insana öz imkanları və qabiliyyətləri ilə bu dünyada yaşamaq imkanı verən bu qüvvələrin fəallığı necə nizamlanır? Həkim: Bu haqda məndən soruşmayın. Çünki, mənim elmim proseslərin cərəyan etməsi haqda danışır və “Bu nəyə görə baş verir?” sualına cavab vermir. Bu dialoqdan aydın olur ki, müasir elm kainatdakı hadisələrin səbəblərini hansı çərçivədə izah edə bilir. Həqiqətən də, kainat örtük altında fırlanan bir cihaza bənzəyir və bizə məlum olan yalnız odur ki, o fırlanır. Əgər biz örtüyü qaldırsaq, bu cihazın çoxsaylı disklərinin və çarxlarının bir-birinə necə bərkidildiyini, bir-birilərini necə hərəkətə gətirdiyini görə bilərik. Biz onların hər birinin hərəkətini görə bilərik. Lakin, əgər biz cihazın örtüyün altında fırlanmasına baxsaq, onun konstruktorunu tanıya bilərikmi? Müşahidələrimizin bu cihazın öz-özünə yarandığını və öz-özünə hərəkətə gəldiyini sübut olaraq təsdiq etmək nə dərəcədə məntiqə uyğundur? Əgər kimsə desə ki, təbiət dedikdə kainatı yaratmış diri, görmə və eşitmə qabiliyyətinə, müdrikliyə və qüdrətə sahib olan qüvvə nəzərdə tutulur. Biz də ona belə cavab verərik: “Bu doğrudur, lakin siz onu təbiət adlandırmaqda səhvə yol verirsiniz. Yoxdan yaratmağa qadir olan qüvvə özünə yaraşan adı bizə xəbər vermişdir. Bu ad – Allahdır. Allah gözəl adları və ali sifətləri barəsində bizə xəbər vermişdir. Biz də Onu məhz bu adlarla çağırmalıyıq.” Təbiəti hər şeyin yaradıcısı qəbul edən insanların sələfləri olmuşdur. Onlar dünyadakı bütün prosesləri zamanla (dəhr) əlaqələndirən materialist-dəhrilərdir. Dəhrilər gecə ilə gündüzün bir-birini əvəz etməsi nəticəsində zamanın təsiri ilə uşaqların böyüməsini, böyüklərin qocalmasını, qocaların da ölməsini görüb insanın doğuluşunu və ölümünü yalnız zamanla əlaqələndirirdilər. Uca Allah onlar haqqında belə buyurur:
“Onlar dedilər: "Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır". Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar” (əl-Casiyə, 24).
Dəhrilər bütün prosesləri zamanla izah edirdilər, müasirlərimiz isə proseslərin məhz özü ilə izah edirlər. Bu hər iki dəstə zəlalətə düşmüşdür.